8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hökumət nə edəcəyini bilmir
Azərbaycan iqtisadiyyatında baş verənləri iqtisadi düşüncə ilə izah etmək mümkün deyil. Əgər manatın ABŞ dolları və digər aparıcı valyutalar qarşısında məzənnəsi stabil saxlanılırsa, qiymətlər, xüsusilə də ərzağın qiyməti bahalaşır. Qeyd edək ki, uzun müddətdir ki, Azərbaycan Mərkəzi Bankı müəyyən etdiyi rəsmi məzənnəyə görə USD/AZN rəsmi məzənnəsi 1,7002 səviyyəsində müəyyən olunub. Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan edib ki, manatın üzən məzənnəsinə tam keçid başa çatıb. Bu isə o deməkdir ki, manatın məzənnəsi azad iqtisadiyyatın əsas qanununa, tələb və təklif qanununa uyğun formalaşıb.
Belə olan halda 2017-ci il ərzində ərzağın qiymətinin ən azı 18 faiz bahalaşmasını necə izah etmək olar? Dövlət Statistika Komitəsi bu ilin doqquz ayında ölkədə istehlak qiymətlərini açıqlayıb. Rəsmi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq orta hesabla 17,9 faiz, qeyri-ərzaq malları isə 12,5 faiz bahalaşıb. Bu dövrdə əhaliyə göstərilən pullu xidmətlərin dəyəri isə 9,6 faiz qalxıb. Əhalinin pul gəlirlərinin artım dinamikası barədə məlumat hələlik yenilənməsə də, ötən aya olan göstəricilərdən onun inflyasiyadan geri qaldığı aydındır. 2017-ci ilin səkkiz ayında əhalinin pul gəlirlərinin artımı inflyasiyadan 6,4 faiz geri qalırdı. DSK-nın məlumatına görə, sentyabrda avqusta nəzərən qiymətlər orta hesabla 0,7 faiz artıb. Əlbətdə, DSK-nın məlumatları tam reallığı əks etdirmir və qiymətlər qeyd olunan səviyyədən də artıq bahalaşıb. DSK-nın məlumatları içərisində olduğumuz oktyabr ayını əhatə etmədiyini də nəzərə almaq lazımdır. Oktyabrın ilk günlərindən ərzaq məhsullarının, xüsusilə kənd təsərrüfatı mallarının qiyməti kəskin bahalaşmağa başlayıb. Bir çox məhsulların quymətində 50-100 faiz arası bahalaşma müşahidə olunur. Ancaq bu da son deyil. Qış aylarında ərzağın, xüsusilə də ətin qiymətinin sürətlə bahalaşacağı gözlənilir.
Yerli istehsalla yanaşı idxal olunan ərzaq məhsullarının qiyməti də sürətlə bahalaşır. Məsələn, kərə yağının qiyməti çox kəskin bahalaşıb. Ölkəyə kərə yağı idxalı və satışı ilə məşğul olan "Delta Qrup C.O.” MMC, "Vest Produkt Marketinq” MMC, "Azərsun Holdinq” MMC, "Dinçer və Carçıoğlu” BM, "Gulustan Baku” MMC, "Veysəloğlu” MMC və "Lactalis Caspi” MMC kimi şirkətlər istehlakçılara ünvanlanan müraciətlərində bunun səbəbini Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zellandiyadan gətirilməsi və həmin ölkədə məhsulun qiymətinin 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85%-dək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə isə 30%-dən çox artması ilə izah edirlər. Bu şirkətlərlə bağlı ayrıca araşdırmamız olacaq və onların kimlərə məxsus olmasını üzə çıxarmağa çalışacağıq.
Həmin yağ idxalatçılarının muraciətində qeyd olunur ki, hazırda kərə yağının qiyməti bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir. İdxalatçılar bəyan edirlər ki, hazırda ölkədə satışda olan kərə yağları 1 ton yağın qiyməti 5200-5450 ABŞ dolları olan vaxtlarda alınıb və Azərbaycana idxal olunmuş mallardır. Yəni qiymətlər artmaqda davam edəcək. Qeyd edək ki, hazırda Yeni Zellandiya istehsalı "Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manat, Fransa istehsalı olan "French Cow” 18 manat 50 qəpiyə, Hollandiya istehsalı "President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı "Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə satılır.
Kərə yağının qiymətinin kəskin bahalaşması cəmiyyətdə sosial narazlığı da artırır və artıq bu məsələ paramentdə də qaldırılıb. Rəsmi qurumlar isə standart açıqlamalarla çıxış edirlər. Məsələn, Dövlət Gömrük Komitəsi Azərbaycana idxal edilən kərə yağının bahalaşması səbəblərinə aydınlıq gətirərkən, daxili bazarda qiymət formalaşmasının qurumun səlahiyyətində olmadığını bildirib. İqtisadiyyat Nazirliyi isə kərə yağının qiymətlərinin dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilməməsi ilə izah edir. Görünür bu açıqlamanın təsiri altında bəzi deputatlar qiymətlərin, o cümlədən kərə yağının qiymətinin dövlət tərəfindən tənzimlənməsini təklif edirlər. Bu təxminən sosialist iqtisadiyyatına keçid və yaxud da keçmişə qayıtmaq deməkdir. Əlbəttə, bunun mümkün olmayacağı, olarsa da çox kiçik müddəti əhatə edə bilələr. Bunun əksini iddia etmək də mümkün deyil. Hökumət isə tam çarəsiz görünür və ara-sıra inzibati tədbirlərə əl atmaqdan başqa heç bir yol görmür.
Ekspertlər isə bazarlarda yaranan vəziyyəti uzun illər ərzində idxal sahəsində monopoliya olması, əksər istehlak mallarının bu gün də monopolistlər tərəfindən idxal olunması ilə izah edirlər. Ekspertlərə görə, uzun illər ölkə iqtisadiyyatında, xüsusilə də idxal və ixracda mövcud olan monopoliya sərvətin bir qrupun əlində toplanmasına səbəb olub. Indi də həmin pullu təbəqə əsas idxalatçı kimi çıxış edir. Bir-birilə sıx bağlı olan bu dairələr isə faktiki birgə hərəkət edir. Onlar qiymətlə bağlı öz aralarında şifahi razılıq əldə ediblər və bazarlarda da qiyməti onlar diqtə edir. Qonşu Gürcüstanla Azərbaycanın da fərqi budur. Ona görə də qiymət artımı davam edəcək. Kərə yağının idxalı ilə məşğul olan əsas şirkətlərin açıqlamarı da bunu təsdiq edir. Bir-iki aya kərə yağının qiyməti 20 manata çatacaq. Bütün bunlar ölkədə sosial narazılığı artırmaqda davam edəcək və artıq yazda sosial etirazlar baş qaldıracaq.
A. Nəbiyev,
"Yeni Sözçü” qəzeti