8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mərkəzi Bank və Maliyyə Nazirliyi isə nə edəcəyini bilmir
Mərkəzi Bankın bütün cəhdlərinə baxmayaraq manatın dəyərdən düşməsinin qarşısını almaq mümkün olmur. Qeyd edək ki, neftin kəskin ucuzlaşması ilə manatın da dəyərdən düşməsi başladı və görülən bütün tədbirlərə baxmayaraq bu prosesin qarşısını almaq olmur. Hətta iqtisadi fəallığın boğulmasına gətirib çıxaran addımlar belə manatın kursunu sabit saxlamağa kömək etmir. Noyabrın 15-də keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,7024 AZN/USD olub. Bu isə ABŞ dollarının noyabrın 16-na olan rəsmi məzənnəsini 1,7024 AZN/USD səviyyəsində müəyyən edəcəyini söyləməyə əsas verib.Bu isə məzənnənin 0,41% artması deməkdir. Ancaq heç kim manatın noyabr ayı ərzində sürətlə ucuzlaşmasının qarşıdakı günlərdə və həftələrdə dayanacağını gözləmir. Məlum olduğu kimi neft yenidən ucuzlaşmağa başlayıb və ayın əvvəlinə nisbətən təxminən 8 dollar ucuzlaşıb. Daha bir neçə dollar ucuzlaşma isə neft istehsal edən ölkələr üçün təhlükəli həddə yaxınlaşma demək olacaq. Region ölkələrinin, xüsusən də Rusiyanın milli valyutasının ucuzlaşması da manata mənfi təsir göstərəcək. Bundan başqa ABŞ-da Mərkəzi Bank funksiyasiyasını yerinə yetirən FED-in dekabr ayında faiz dərəcələrini artıracağı gözlənilir. FED-in Riçmond şöbəsinin sədri Cefri Lacker Donald Trampın dövlət xərclərini artırması və vergiləri aşağı salmasını nəzərdə tutan maliyyə siyasətinin əlavə faiz artırımları tələb edə biləcəyini deyib. Bu isə dolların daha da bahalaşması demək olacaq. Dolların bütün dünyada bahalaşması, neftin ucuzlaşması, iqtisadi böhranın kəskinləşməsi manatı QİÇS xəstəsinə çevirib və bundan sonra o istənilən prosesə reaksiya verməli olacaq.
Yaranmış bu vəziyyətdən isə manatın məzənnəsinə çıxış yolu tapa bilmirlər. Mərkəzi Bank ölkə iqtisadiyyatının boğulmasına gətirib çıxaran pul siyasəti yürütməkdən də çəkinmir. Ancaq bu da manatı xilas etmir. Ekspertlər hesab edir ki, mövcud hökumət və Mərkəzi Bankın indiki rəhbərliyi manatı xilas etmək gücündə deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Adının açıqlanmasını istəməyən ekspert hesab edir ki, 1 manatın 0.78 qəpiyə qədər bahalandırılması yanlış olub. İndi Azərbaycan manatının üzləşdiyi problemin kökü o zaman qoyulub. Sonrakı proseslər də bunu təsdiq edir. Ekspert hesab edir ki, indi hökumət, xüsusilə də Maliyyə Nazirliyi yanlış pul-kredit siyasəti aparır. Mərkəzi Bank isə ümumiyyətlə proseslərin ardınca sürünür. Mərkəzi Bank manatın üzən məzənnəyə keçdiyini elan etsə, valyuta bazarına müdaxilə etməkdən də əl çəkmir. Bu isə yarımçıq siyasət deməkdir. Əgər manat sərbəst buraxılsa bu bir müddət infilyasiyanın və qiymətlərin artmasına səbəb ola bilər. Ancaq bir müddətdən sonra manatın sərbəst buraxılması öz müsbət nəticələrini verməyə başlayacaq. Ancaq nə qədər ki, biznesin bir gözü Mərkəzi Bankın məzənnə müəyyən etməsinə baxacaq, pisxoloji faktor iqtisadiyyatın canlanmasına imkan verməyəcək və manata da inamı bərpa etməyəcək. İnsanlar manatın Mərkəzi Bankın məzənnə siyasətindən asılı olmadığını görəndə manata daha çox etibar edəcəklər. Digər tərəfdən Azərbaycan iqtisadiyyatının üzləşdiyi böhranlı vəziyyət qısa müddətdə keçməyəcək ki, Mərkəzi Bankın mövcud tədbirləri effekt verə bilsin. Əgər indi üzləşdiyimiz problemlər hansısa qısa müddətli proseslərin nəticəsi olsaydı, Mərkəzi Bankın bu günki tədbirləri doğru ola bilərdi. Ancaq hər kəsə aydındır ki, böhran uzun sürəcək. Doğrudur, hökumət bunu etiraf etmək istəmir və hətta artıq böhranın arxada qalması haqqında fikirlər səslənir. Halbuki, Rusiya rəsmləri qarşıdakı üç ilin çox ağır keçəcəyi haqqında açıq danışmaqdan çəkinmirlər. Bu ən azı insanlarda yalançı ümidlərin yaranıb, sonrada da dağılmasının qarşısını alır. Eyni zamanda insanlar hökumətin bu açıqlamasını nəzərə alıb, daha yığcam həyat tərzi keçirir və vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Hər bir vətəndaşın vəziyyətdən çıxış yolu axtarması isə iqtisadiyyatı canlandırmağa imkan verə bilər.
Bütün bunlara görə iqtidar bir sıra addımlar atmalıdır. Birincisi, hökumətin tərkibində və Mərkəzi Bankın rəhbərliyində ciddi kadr islahatları keçirilməlidir. İkincisi, tam iqtisadi azadlıqlar verilməli, gömrük və vergi siyasəti yenidən dəyərləndirilməlidir. Həbslər və digər inzibati tədbirlərlə iqtisadi fəallığı təmin etmək olmayacaq. Vergilər Nazirliyinin hazırkı siyasəti isə qısa müdətli effekt verə bilər, ancaq uzun müddətli siyasət baxımından zərər vuracaq. Əgər yeni ilin ilk aylarına kimi ciddi tədbirlər görülməsə, iqtisadi böhran dərinləşərək sosial böhrana keçəcək. Sosial böhranın isə özü ilə nə gətirəcəyini söyləməyə belə ehtiyac yoxdur.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü" qəzeti