Sonuncu xəbərdarlıq: Rəsmi Bakıdan Qarabağdakı qondarma rejimə təslim olmaq çağırışı

Məlum olduğu kimi, 44 günlük Vətən savaşındansonra imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq alternativ Laçın yolunun tikintisinin başa çatmasından sonra 2022-ci ilin 26 avqustunda Laçın şəhəri, Zabux və Sus kəndləri də işğalçılardan tamamilə təmizləndi. Həmin müddətdən ötən cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən quruldu, 620-si fərdi yaşayış evi, 9-u çoxmənzilli bina və sosial obyektlər də daxil olmaqla 700 bina inşa edildi. Mayın 27-də ilk 20 ailə və ya 97 nəfərin Laçında yerləşməsi ilə Böyük Qayıdışın daha bir mərhələsinin uğurlu təməli qoyuldu.
Mayın 28-də - Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşən Prezident İlham Əliyev çıxışında istər Ermənistana, istərsə də Qarabağın bəzi bölgələrində hələ də mövcud olan qanunsuz rejimin ünsürlərinə ciddi mesajlar verdi. İlk növbədə 1992-ci ilin mayında işğal olunmuş Laçına laçınlıların qayıdışının 31 il sonra məhz may ayında gerçəkləşməsi Qarabağ və Şərqi Zəngəzurun keçmişdə olduğu kimi, bundan sonra əbədi olaraq Azərbaycan xalqına məxsus olacağının aşkar ifadəsidir. Sirr deyil ki, bunu Ermənistanda da anlayanların sayı günbəgün artmaqdadır. Rəsmi İrəvanın Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanımağa hazır olduğunu bəyan etməsi, Ermənistanın isə 29,8 min kvadratkilometr ərazidə yerləşməsi faktı ilə kifayətlənməsi bu ölkənin uzun illər yürütdüyü işğal və ilhaq siyasətinin iflasa uğramasının etirafıdır. Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək sülhə gəlməkdən başqa çıxış yolunun qalmadığını getdikcə daha yaxşı anlayır.Azərbaycanın şərtləri isə sülh müqaviləsinin məlum 5 prinsip əsasında hazırlanması, Naxçıvana yolun açılması və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun qalıqlarının tamamilə çıxarılmasından ibarətdir.Ermənistanın Azərbaycanla sülhdən yayınması onun özünün regiondakı uzun illərdir davam edən autsaydervəziyyətini uzadacaq və ağırlaşdıracaq. İki ölkənin müvafiq qurumların birgə iştirakı ilə delimitasiya aparılmasından imtina edən Ermənistana onun(sər)həddini Azərbaycan əsgəri göstərəcək.

İndi isə Qarabağdakı ermənilərin hansısa xarici gücə arxalanaraq Azərbaycan ərazisində heç vaxt özlərinə ayrıca “dövlət” və ya hər hansı xüsusi status əldə edə bilməyəcəklərini anlamalarının vaxtı yetişib. Bunun üçün onlara kifayət qədər açıq mesajlar da ötürülüb, bu il aprelin 23-də Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulması isə Azərbaycanın bölgədəki vəziyyəti öz nəzarəti altında saxladığının və sərhədlərinə tam hakimliyinin bariz sübutudur. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan tərəfi Qarabağdakı ermənilərin vəziyyəti başa düşərək Azərbaycan Bayrağı altında yaşamaq üçün addım atacaqlarını gözləyir,Azərbaycan Qarabağla bağlı hədəflərinin böyük hissəsini artıq həyata keçirib və bu sahədə planlarının sonuncuaddımındadır: “Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var.

Qondarma “parlamenti” buraxmağa, özünü “prezident” adlandıran ünsürü təslim olmağarejimin bütün “nazirlərini”, “deputatlarını” və digər təmsilçilərini öz vəzifələrini kənara qoymağa çağıran Prezident İlham Əliyev Qarabağdakı kriminal dəstəyə ciddi xəbərdarlıq etdi. Azərbaycana qarşı cinayətlər törədən, Qarabağın erməni sakinlərini faktiki olaraq əsarətdə saxlayan Arayik və onun dəstəsi öz qondarma hakimiyyətlərinin artıq sonunun çatdığını, nə Ermənistanın, nə hər hansı başqa bir dövlətin, xarici qüvvənin onları xilas edə bilməyəcəyini anlamalıdır.
Məlumdur ki, rəsmi Bakı böyük təmkin və xoş niyyət göstərərək danışıqlara getdi və ilk görüş də bu yaxınlardaməhz Qarabağda baş tutdu. Bundan sonra Qarabağ ermənilərinin nümayəndələri növbəti görüş üçün Bakıya iki dəfə dəvət olundular. Hər iki dəvətdən imtina edən Qarabağ ermənilərinə üçüncü dəvətin olmayacağını Prezident İlham Əliyev Laçında açıq şəkildə bəyan etdi:Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq.

Bütün dünyada sözünün sahibi kimi tanınan, Azərbaycan xalqı qarşısındakı bütün vədlərini yerinə yetirən Prezident İlham Əliyevin xəbərdarlığını ciddi qəbul edərək onlara verilən sonuncu fürsətdən yararlanmaq Qarabağdakı qondarma rejimin nümayəndələri üçün yeganə münasib çıxış yoludur.  Onların hansı mövqeyi tutmasından asılı olmayaraq isə Azərbaycan dövləti öz suveren idarəçiliyini yaxın gələcəkdə Qarabağın hər bir yerində təmin edəcək.

Hülya Məmmədli

Politoloq

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}