“İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi əlaqələrimizə yeni təkan verəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Naxçıvana səfəri və gerçəkləşən layihələr Türkiyə-Azərbaycanın qardaşlıq münasibətləri tarixində önəmli hadisədir. Belə bir bəyanatla Prezident İlham Əliyev çıxış edib. Naxçıvanın Azərbaycanın qədim diyarı olduğunu, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsi ilə coğrafi bağının kəsildiyini bəyan edən Prezident İlham Əliyev Ermənistanın Naxçıvana qarşı da ərazi iddiaları olduğunu bildirib. Ermənistanın Naxçıvana qarşı işğalçılıq siyasətinin önünün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə kəsildiyi, düşməninin yerinə oturdulduğunu bildirən dövlət başçısı Naxçıvanın 15 il qazsız yaşadığına diqqət çəkib. Yalnız 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq və Naxçıvanın enerji təhlükəsizliyi önəmli şəkildə həll edilmiş olacaq. Bundan başqa Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur. Bunları həyata keçirmək üçün Türkiyə-Azərbaycan III Enerji Forumu önəmli rol oynayacaq və Naxçıvanı yaşıl enerji zonasına çevirəcək. Çünki, Naxçıvanda həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var. Bu layihələrin həyata keçirilməsindən sonra Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq. Azərbaycan prezidenti lokal antiterror əməliyyatının nəticələri ilə bağlı da fikirlərini bölüşüb. Dövlət başçısı deyib ki, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19-u isə suverenliyimizi tam bərpa etdik. Lokal antiterror əməliyyatının Qələbə tariximizin parlaq səhifəsi olduğunu bildirən Prezident İlham Əliyev 24 saatlıq əməliyyatın nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusunun təslim olduğunu, bizim şərtlərimizi qəbul etdiyini bildirib. Bununla da Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar verməsini dövlət başçısı Türkiyənin növbəti qardaşlıq addımı adlandırıb. Prezident İlham Əliyev Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsinin münasibətlərimizi yeni müstəviyə qaldırdığını, bütün istiqamətlər üzrə əlaqələrin çox fəal dövrünü yaşadığını bəyan edib. İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının 1 milyon tondan 5 milyon tona qədər artırılması istiqamətində önəmli addımlar atılmışdır. Ticarət dövriyyəmizin keçən il 6 milyard dollardan çox olduğuna, bu ilin yeddi ayında 40 faiz daha artdığını və daha da artacağını bildirən dövlət başçısı preferensial ticarət anlaşmasının da imzalandığını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad etdiyini, Türkiyə-Azərbaycan əlaqələrinin dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədə olduğunu bildirib. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk”. Türkiyənin dövlət başçısı Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözlədiklərini bildirib. Türkiyə prezidentinin səfəri zamanı iki qardaş ölkə arasında İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması ilə yanaşı, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” və  “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.
Rəvan Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}