Azərbaycan xalqı əlamətdar tarixi dövrünü yaşayır

Dövlət əhəmiyyətli tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün əvəzolunmaz olan, tarixi-mədəni abidəmiz Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindəndir və təşkilata üzv olan dövlətlərlə mühüm iqtisadi münasibətlərə malikdir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.
Azərbaycan istənilən sahədə əməkdaşlığa açıq ölkədir. Azərbaycan bu təşkilatın daxilində əməkdaşlığın bütün sahələrində genişlənməsinin tərəfdarıdır. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi ölkəmiz üçün əlamətdar hadisələrdəndir. 
Bu gün Azərbaycan xalqı əlamətdar tarixi dövrünü yaşayır. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu böyük fəxr hissi ilə qeyd edir.
Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması, aparılan antiterror əməliyyatları beynəlxalq hüququn və ədalətin təntənəsidir. 2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən sonra irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən hava limanları tikilib istifadəyə verilmişdir. Qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.
İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin təhlükəsiz şəraitdə qayıtması təmin olunub. Növbəti illərdə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi əhəmiyyət kəsb edir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır.
Sevinc Hüseynova
Bakı şəhəri, 278 №-li tam orta məktəbin direktoru

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}