27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Ey dili qafil fil faili məchul fani f...
Yer üzündən inəkləri yox edəcəklər
Derlər,
Bir mumla milyon mumu yandırsan, bilirsən ki, işığından zərrəcə əskilməzmiş,(Mövlanə-yanə) unudulmuş oxucu,
Məni həmişə zamanın işgəncə cəhalətindən qurtaran düşüncə xışımı yaddaşımın dərinliklərinə işlədərək inəkləri çox yaxşı tanımağımın yorğunluğunu əsla bir ehkam kəsafətinə uymadan bir azdan sizələrə dızıldayacağım bu yazının canından heç bir danqa -duruq salmadan ehmalca, ustufca çıxarmaq niyyətindəyəm. Məsələn bilirəm ki, bu gələn (adam yox ha!!!) buluxdurmu, buzovdurmu, danadımı, düyədimi, öküzdümü, buğadımı, yoxsa hörmətli inəkdir. Əlbəttə, bir zamanlar bütün kənd uşaqları kimi, mən də həftədə bir dəfə çörəyimi belimə bağlayıb çomağımı əlimə alıb sabah gün işarmadan qalxıb şər qarışana kimi kəndin iribuynuzlularını dağlarda, çöl-bayırlarda az otarmamışam. Axşam düşəndə qabağıma qatıb camaatın malını sağ-salimcə özlərinə təhvil vermişəm. Etiraf edirəm ki, bütün bu olub- bitənlərin içində məni ən çox məmnun edən məqam, axşam düşərkən mal-heyvanın dağlardan, təpələrdən, çöl-bayırdan mələşə- mələşə kəndə axışmağı olardı. İllərin alışqanlığı ilə hər mal-qara dağlardan-daşlardan süzülüb axışaraq kənddə öz sahibinin qapısına dönərdi. O inəklərin sahibinin ocağına gətirdiyi ruzi-bərəkət, halal rızıq dünyanın ən dadlı, ən unudulmaz yeməyi kimi yaddaşımda öz gur işığıyla qalıb. O işığın həsrəti çoxları kimi məni də yandırıb yaxır, nələri itirəcəyimizin fərqinə vardırır. Hələ bu harasıdır. İtki, həsrət deyirsən, birdən- birə dünya yeni sistemə vadar edildi. İndi bizə əmanət edilmiş bu dünyanın üzərində nə işlər aparılmır? Axır ki, inəklərə də gəlib çıxdılar, bu müdhiş heyvanlara da dil, əl uzatdılar. İndi yer üzündən inəklərin yox edilməsinin, izinin-tozunun yerli - dibli silinməsinə az qaldığının siqnalları açıq şəkildə verilir.
İlk olaraq bu suallar ağlıma gəlir: - görəsən dünyamızda vacib və önəmli yerə sahib əşyaların, nəsnələrin, canlıların, xatirələrin silinməsinə, yox edilməsinə özəlliklə cəhd edənlər kimlərdir? O kimlərdir dediklərimiz bizimlə eyni mədəniyyət kimliyini daşıyan və bölüşən varlıqlardırmı? Görəsən, bu varlıqlar, məsələn, inəklərin dünyadan yox edilməsi üçün nədən əllərindən gələni əlli qaba çəkirlər? Sizcə, desək ki, inəklərin dünyadan toxumunun yox edilməsi planında o varlıqlar haqlıdırlar. Bəs yaxşı, bu inəklərdə insanlıq, dünya, gələcək üçün hansı təhlükəli “kəhanət dolu hikmətlər” var ki, o məxluqlar birdən-birə narahat olmağa başlayır?
“Microsoft"-un qurucusu Bill Qeyts qlobal istiləşmədə paylarına görə inəklərin çıxardığı qazların dünyanın ən mühüm problemlərindən biri olduğunu bildirib.
CNN-də yayımlanan proqramda Qeyts, bir gün inəklərin bağırsaq hərəkətləri haqqında danışacağını heç düşünməmişdim. İnəklər bakteriyaların metan qazı yığmasına səbəb olur və onların qeyri-adi mədələri var. Karbon qazından 23 dəfə güclü olduğu bildirilən metan qazı qlobal istiləşmənin ən mühüm elementlərindən biri hesab olunur. ABŞ Ərzaq və Kənd Təsərrüfatı İdarəsi kənd təsərrüfatı fəaliyyətlərindən yaranan metan qazlarının 2030-cu ilə qədər 60 faiz artacağını proqnozlaşdırır. Məlumdur ki, dünyada 1,5 milyard inək və milyardlarla xırdabuynuzlu heyvan metan da daxil olmaqla onlarla çirkləndirici qaz buraxır.
Bir inək gündə 100-200 litr metan çıxarır. Bəzi ekspertlərin fikrincə, inəklər gündə orta hesabla 100-200 litr metan qazı çıxarır.Bəzi ekspertlər onun 500 litrə qədər çıxa biləcəyini söyləyirlər. Bildirilir ki, bu, bir avtomobilin bir gündə buraxdığı metana bərabərdir.
Nankor insanın, hər şeyin qiymətini bilib, dəyərini bilməməkdə artıq haqq şansı bitib, unudulmuş oxucu,
Bu da inəklərin izini yer üzündən silmək üçün ən bəsit və gülməli səbəb olaraq göstərilən növbəti yalan deyilmi? Bəs yaxşı uzmanların, bilgələrin, mövzu ilə əlaqədar alimlərin inəklə bağlı dedikləri faktlara bu söyləntilər fonunda nə cavab verə bilərik. Uşaqlar üçün ana südündən sonra inək südünün ən vacib qida qaynağı olduğu mütəxəssislər tərəfindən qəbul edilir. Kalsium kimi müəyyən bir qida maddəsi qəbul etməkdənsə, südün qida maddəsi olaraq istehlak edilməsi sağlamlıq baxımından daha təsirlidir. Xüsusilə zülal və kalsium tərkibi baxımından gündəlik qidalanmamızda dörd mühüm qida qrupundan biri olan süd və süd məhsullarından istifadə etməyi tövsiyə edilir. Bəzi xərçəng növlərində bunu dəqiq müəyyən etmək mümkün olmasa da, süd qəbulu ilə kolon və prostat xərçəngi riskinin azaldığı bildirilir. Bundan əlavə, kalsiumun yağ yandırma xüsusiyyətinə görə südlə qidalanan uşaqlarda çəkiyə nəzarət daha yaxşı olub və piylənmə tezliyində azalma aşkar edilib.
Bütün məsələ həyatımızdan Allahın yaratdığı ən gözəl heyvanlardan birinin çıxması ilə, nələrin çıxdaş ediləcəyinin gətirəcəyi fəlakətin yaxında kükrəyəcəyindən söhbət gedir.
Qəribədir ki, inəklərlə bağlı Qurani-Kərimdə bir surə də vardır. Bəqərə sözünün lüğət mənası mal-qara, dana və inək deməkdir. İsrailoğulları ilə bağlı hissədə Hz. Musanın ətrafındakı insanlarla söhbətlərindən danışılır. Allah, Musanın qövmünə bir inək kəsməyi əmr edir. Ayələrdə inəyin xüsusiyyətləri bütün təfərrüatları ilə təsvir edilir. Onun nə qoca, nə də gənc olduğu bildirilir. Boyunduruğu yeməyən inəyin rəngi sarı və parlaqdır. İsraillilər əvvəlcə etiraz etsələr də, sonda əmri yerinə yetirdilər. Daha sonra ölü bir adam kəsilmiş inək parçası ilə vurulduğunda adam dirilir. (bu məqam olduqca araşdırılmaya sövq edilməli və başqa bir geniş mövzunun yazısıdır:-x.t.)
Odun üzərinə odla gedənin ovucunda kül qalarmış. Bir az suyu da xatırla, nə olar, unudulmuş oxucu,
Bu bilgilərin ardınca bir daha dilə gətirəcəyimiz qorxunc həqiqət var: yaxın gələcəkdə inəklər yer üzündən yox ediləcək. Bu kəsin. Nədənsə inəklərdən danışarkən yadıma qədim türklərin səmavi kitab olaraq lansə etdikləri “Avesta” kitabının 12 (on iki) min inək dərisi üzərində yazılmağı bilgisini yaddaşımda dirilməsi varlığımda qəribə həyəcanlar oyadır. Zamanımıza ulaşmış bu 12 min inək dərisi üzərində bir kitabın yazılması bilgisi digər tərəfədn də 12 min inəyin qətliama sürüklənmə xəbərini yaddaşımda alovlandırır. Özəllliklə, bu bilgidəki cümlədə dana, buzov, düyə, buğa, öküz deyil, inək sözü yer alır. Demək həm də inəklər insanlığın həyatında yeni çağda yer almır, lap əski çağlardan inək-insan ilişgisi yalnız insanlığın mədəsində deyil, varlığında, kimliyində,yaddaşında, mədəniyyətində bu şəkildə yer almışdır. Demirəm ki, yer əkən qədim babalarımız heyvanları sevərək onlara əmək nəğmələri həsr et(mə)mişlər. Onların südündən, qatığından, yağından, şorundan, pendirindən, qaymağından, bulamasından, ətindən, yunundan, sümüyündən, peyinindən, hətta dərisindən yaşamları içində geniş yer ayıra bilmişlər. Ayırmağın vacib olduğunun fərqinə varmışlar. Əslində inəklərin həyatımıza mal olan gözəlliyinin bitməyən hesabı bugün də davam edir. Ancaq insanlığın yazı, kitab, bilgi mövzusundakı “Avesta” kimi bir kitabın günümüzdə inəklərin haqqında bəhs etdirməsi onların şücaətəinin, vazkeçilməzliyinin önəmini bir daha xatırladır. İlk ağla gələn 12 min inəyin qətliamından yəqin ki qanın cuş deyib çay kimi axmağı adama sirayət edir. Demək günümzdə Bill Qeyts verdiyi o məşum xəbərdən anlaşır ki, suların azalıb çəkiləcəyi bu günlərdə dünyamızı yenidən inəklərin qanı ağzına alacaq. Allah bilir kimlər bu inək qanının selinə qərq olub də boğulub gedəcək. Geriyə tarixdən qalan yaddaş məntiqiylə ortada zühur edən yeni bir Avestamı peyda olacaq görəsən? Görəsən çağın bilgisi və şeytan bicliyi ilə silahlanmış ağıl sahiblərinin özünü “Avesta”ya müəllif olaraq görməsi, yeni bir Zərdüşçülükdən xəbər vermir ki? O Zərdüşçülükdən ki, TəkAllahlıq sistemi ayrı, Xeyir və Şər Allahının ayrıcalığında insanlığı bölüb parçalamaq isə tamami ilə fərqli bir dünyaya daxil olmağımızın SoS siqnalları olmasın!!!
İnəklərin qırımı, yox edilmə əyləmi kəsinliklə tək Allahlıq sisteminin parçalanaraq ikili Allahlıq düzəninə pərçimlənməyimizin ip uclarıdır, başqa söz-söhbət deyildir. Bəşəriyyət yenidən ikili standartlara boyun əydirilərək savaşa cəlb ediləcəkdir və edilir də. Dünya bu məntiqlə kimlər tərəfindənsə sakit və mədəni şəkildə qarşıdurmaya sürükləndirilir.Tək, Bir olduğu yerdə təkbir olur(gətirilir) və eynilik, bir - birini anlama asayişi hökm sürdüyü halda, ikili inanc sistemiylə bir tərəfdə xeyir, bir tərəfədə şər ordularının üz - üzə gələrək inəklərin qanından betər insanlığın qanını yenidən dünyaya, bu vətən bildiyimiz planetə axıdılmasının fəlakəti şəksiz qaçılmazdır. İnsanlıq seçimi edib bu qiyama hazırlığını bəribaşdan görməlidir. Bir zamanlar inəklərin qətliamı qədim əcdadların etiraf etdikləri kimi, göylərdən gələn kitabın qutsallığı naminə yazıya köçürmək məqəsdi güdürdüsə, (dərilərindən istifadə edilirdi:-x.t.) görünür indiki qətliam da şər güclərin inandıqları istiqamətdə yenə də göylərin qutsiyyətinin şeytani qatından gələn xəbərlərin inəklərin axıdılacaq qanında YENİ YAZIYA ALMA mexanizmi, yöntəmi İBLİSANƏ olaraq gerçəkləşəcəkdir.
Eh, hələ də insanı Allahın yaratdığına, ancaq heyvanları biz tapdığımıza inanırıq, unudulmuş oxucu,
Metavörs adıyla tək bir nizam içərisində insanlığı, bəşəriyyəti üz-üzə gətirməyin məharət eyforiyası sərgilənilir. Onu da unutmaq lazım deyil ki, bu metavörs sisteminin daxilindəki ikili inanc cəbhəsini düzüb qoşan, iki cəbhəyə ayrılmış varlığın, mədəniyyətin üzərində özünü baş görən, üstün görənlər, hər halda bu günə qədərki İlahi Ədalət sahibinin yerinə özünü qoymaq istəyir. Bu qoyuluş əsla nəyisə, xeyri-şəri, dünyanı test etmək deyil. Gedişatdan da göründüyü kimi, niyyət və məqsəd birmənalı şəkildə onların özlərini peyğəmbər deyil, Allah elan etməsi nəfsaniliyi dünyanın yoxluğa sürüklənməsini sürətləndirəcəkdir. İndi bu söylənilən və gəlinən nəticələri bir tərəfə itib, oyunları pozmaq üçün məncə, xeyrin tərəfində durmuş bəşəriyyətin təfəkkür aktivistlərinin hərəkətə keçməsindən çox şey asılıdır. (bildiyim qədərincə, bu yöndə çalışmalar sürdürənlər də az deyil:-x.t.) İlkin olaraq oynanılan bu qorxunc oyundan xəbərdar olması, oyunun mahiyyətini anlaması, oyunun sonuclarını görməsi, sonra isə bu vasflarının yetərli olmadığına qənaət gətirərək oyunu pozması naminə real addımlar atılması vacibdir.
Nə olar, yaddaşını zorla, bu sözü görəcəksən: Ya bir yol tapacağıq, ya da bir yol açacağıq, (Hannibal) unudulmuş oxucu,
Bəli, inəklərin qırğın dönəminə, yox edilməsinə az qalır. Əgər biz, məsələnin mahiyyyətini dərindən dərk edənlər inəklərin yer üzündə sağ qalmasını, onların qorunmasını təmin edə bilsək, demək ki, yeni Avestanın yazılması, yeni Zərdüştün zühuru, yeni Allahın gündəmə gətirilməsi, bəşəriyyətin ikiləşmə inancı arasında vurnuxma xürrəmliyi də fiaskoya uğrayacaqdır. Elə isə “inəklər yaşasın”, “inəklər yenidən çoxaldılsın”, “inəklər qorunsun” sloqanlarını işə salmağın vaxtını ayarlamalıyıq.
Bu yazının məğzindəki digər təzadlı bir məqam yer üzndə İnəklərə hələ də tapınan bir kəsimin insiyativini də özümüzə çəkməkdə gec qalmamağımızın oyaqlığı olmalıdır. Böyük bir toplum var ki, (hindlilər) hələ də inəkləri özlərinə Allah, Tanrı hesab etməyindədir. Əgər Bill Qeytsin xəbər verdiyi fəlakət gerçəkləşərsə, reallığa dönüşərsə, o toplumun da Allahsız qalması sürəci başlayacaqdır. Qəribə təzaddır deyilmi? Həm bəşəriyyət inəklərə tədbirlənəcək qətliamından yeni bir düzənə cəlb ediləcək, həm də bəşəriyyətin bəlli bir hissəsi (Hindistan) bir mənalı olaraq qutsallığını, inancını, Allahını itirəcək. Mənə elə gəlir ki, yuxarıda irəli sürdüyüm fikrə əsasən, gələcək qiyamdan dolayı cəbhələşəcək bəşəriyytin XEYİR qanadı İnəyə tapınan böyük bir çoxunluğu ildırım sürətiylə öz yanında görəcəkdir. Hindlilər inəyə tapınır və onların Allahlarının yox edilməsi təhlükəsi mövcudsa, bu yandan da xeyir cəbhəsini bu tezisin reallığını tərcih edən bir kəsimin yeni inanc dalğasında özünün aparıcı bir yönünü kəşf edəcək. Beləlikllə, əski inanc arealının daxilində əski bir zərərli (inəyə tapınma) inacının himayə edilmə instiktiylə, Şər cəbhəsi üzərində öz qələbəsini bərpa etməkdə tərəddüd etməməli və etməyəcək. Çünki, burda məncə, zərər görmədən Xeyir cəbhəsi özünün yanında görəcəyi inəyə tapınanları şərə qarşı kullanmaqla gələcəyə ədalətli sistem ötürmüş, təqdim etmiş olacaq. (Hindliləri Allahlarının qətliamından dolayı Şərə qarşı ayağa qaldıraraq Xeyrin yanında görməklə, həm yanlış inanclarından ayırmaq olardı, həm də inək qətliamına qarşı kimlərinsə planını dağıtmaq mümükün olardı. Necə demiş ovçu pirim, bir daşla iki quş!!:-x.t.)
Suça baxın, belə çıxır ki, iqlimlərin dəyişimi, o qosqocaman Buzlaqların əriməsi, dənizlərin, dəryaların, çayların sularının çəkilmə səbəbi inəklər imiş. Ətiylə, südüylə bəşəriyyəti bu günə gətirib çıxardan inəklərə, bu xidmətlərinə görə onlara əlvida deməyin vaxtı yetişib!!!.
Narahat olmayın, bir də görəcəksiniz ki, inəklər yer üzünü otlaqlarından yığışdırılmağının ardınca, dünyanı fəlakətə sürükləməyin başqa bir səbəbi ortaya atılaraq kütləvi şəkildə
Balıqların,
Delfinlərin,
Balinaların,
Qoyunların,
İlanların,
Quşların,
Arıların bir gün yox edilmə mexanizmi işə salınacaq. Bütün bu təhlükə, qorxu, fəlakət mənbəyi kimi göstərilən canlıların yoxluğunun yerində küləklər əsəndə, insan özünün yox olduğunu anlayacaq və dərk edəcək ki, əslində gerçək insan kimliyi, mədəniyyəti, tarixi nəymiş, hardaymış, necəymiş? Buna isə dilimizdə "toydan sonra nağara" deyirlər.
Doğrudan da, insan torpaqdan, havadan, oddan, sudan aldığı öz soyunu Yaradana yarıtması, yarıması naminə qoruması üçün, əvvəlcə dünyada var olan acılarını, iztrablarını, yaddaşını mədəniyyət müstəvisinə yüksəldərək onu müstəsna bir statusda saxlayan bütün canlıları təkcə yerdə, torpaq üzərində deyil, həm də göydə, ədalətində, azadlığında, kimliyində qorumalıdır.
Xanəmir Telmanoğlu
Sozcu.info