17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri böyük əhəmiyyətə malik hadisə idi. Dünyanın inkişaf etmiş yeddi böyük dövlətindən biri olaraq “Böyük yeddilər”də təmsil olunan İtaliyanın dövlət başçısının Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın Avropa əlaqələrinə də yeni çalarlar qatır. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birgə İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etməsi xüsusilə diqqət çəkib.
Bütün bu məqamlar Prezident cənab İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı sentyabrın 30-da mətbuata verdiyi bəyanatda geniş əksini tapıb. İtaliya Prezidentinin Azərbaycana ikinci səfərinin olduğunu qeyd edən Prezident cənab İlham Əliyev İtaliya-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini, iki ölkənin əsl strateji tərəfdaşlar olduğunu bildirib.
Qeyd edək ki, bu tərəfdaşlığın təməli Ümummilli lider Heydər Əliyevin 24–27 sentyabr 1997-ci ildə Romaya rəsmi səfəri ilə qoyulub. Prezident İlham Əliyevin 24–26 fevral 2005-ci il, 25–26 noyabr 2008-ci il və 13–15 iyul 2014-cü ildə İtaliyaya rəsmi səfərləri, 2 iyun 2011-ci il və 8–10 iyul 2015-ci ildə işgüzar səfərləri, ən nəhayət, 19–21 fevral 2020-ci ildə dövlət səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına müstəsna təsir göstərmişdir.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın 7 il öncə, 18–19 iyul 2018-ci ildə Azərbaycana dövlət səfəri və 30 sentyabr – 1 oktyabr tarixlərində gerçəkləşmiş rəsmi səfəri İtaliyanın Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir.
Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, siyasi əlaqələr ən yüksək səviyyədədir. Bunun nəticəsi olaraq iqtisadi münasibətlər də ən yüksək səviyyədədir. Dövlət başçımızın da qeyd etdiyi kimi, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Bunlardan ən önəmlisi olan TAP layihəsindən bəhs edən Prezident cənab İlham Əliyev layihə ilə bağlı müxtəlif problemli məqamların mövcud olduğunu, lakin Prezident Mattarellanın Azərbaycana səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsinin problemlərin həllinə imkan verdiyini bildirib. Bunun da nəticəsi olaraq 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu məqamlar güclü tərəfdaşlıqdan xəbər verir. Prezident cənab İlham Əliyev qeyd edib ki, əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Prezident cənab İlham Əliyev bildirib ki, Prezident Mattarella Azərbaycana birinci səfəri zamanı Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışını etmişdik. Bu səfər zamanı isə İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edirik. “Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni, bu, bizim dostluğumuzu daha da gücləndirəcəkdir.”
İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verdiyini qeyd edən dövlət başçısı son vaxtlar Avropa İttifaqı–Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atıldığını vurğulayıb. “Bu da bizi təbii olaraq məmnun edir. Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.".
Oktyabrın 1-də ilk tədris korpuslarının açılışı olan İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident cənab İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.
İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir.
Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir. Yeni binalarda qurulmuş tədris emalatxanası isə dərslərin praktiki tədrisi üçün bir məkandır. Burada müxtəlif növ materiallarla işləmək üçün texnoloji və rəqəmsal imkanlar yaradılıb.
Tədris korpusunda yerləşən “bazar meydanı” isə Azərbaycanın tarixi “İpək Yolu”nun bir hissəsi olduğunu əks etdirir. Universitetin tələbələri və müəllimləri ildə bir dəfə burada bir araya gələrək öz layihələri ilə yarışacaq və onları biznes mühitinə təqdim edəcəklər. Bu sərgilər yerli və beynəlxalq səviyyədə universitet–sənaye–dövlət arasında üçtərəfli əməkdaşlığa xidmət göstərəcək.
Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.
İxtiyar Nəcəfov
Qaraçuxur bələdiyyəsinin sədri
Sozcu.info