"Delta Qrup C.O." MMC rəhbərliyinin kimliyini nədən gizlədir? – ARAŞDIRMA

"Delta Qrup C.O." MMC rəhbərliyinin kimliyini nədən gizlədir? – ARAŞDIRMA

 

Bu, şirkət, həm onun sahibi, həm də əhaliyə təqdim etdiyi məhsullarla bağlı çoxlarında ciddi şübhələrin yaranmasına səbəb olur

Eyyub Hüseynov: "Ölkənin əmtəə bazarının yağ sektoru çox çirklənmiş vəziyyətdədir"

"İnək şəkillərini kağızların üzərinə çəkməklə, "naturalnaya maslo" yazmaqla, etiketlərdə istehlakçıları aldadan məlumatları qeyd etməklə əhalinin istehlakçı hüquqları pozulur"

Bu gün Azərbaycanda fəaliyyət göstərən və bir çox sahələri əhatə edən "Delta Qrup C.O." MMC 1999-cu ildə təsis edilsə də, bu şirkət haqqında demək olar ki, elə də geniş məlumat verilmir. Belə ki, adıçəkilən MMC-nin rəsmi saytı olan delta-group.az-da müəssisənin hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutduğu, yarandığı tarixdən etibarən məhsulları dünya səviyyəsində tanınan şirkətlərlə əməkdaşlıq etdiyi, çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi ilə çalışdığı qeyd olunsa da, "Delta Qrup C.O." MMC-nin rəhbərliyi haqda bir cümlə belə, məlumat verilmir.

Əsas fəaliyyət sahəsinə yerli istehsalat və distribusiya (dağıtım) aid olduğu deyilsə də, nədənsə MMC-nin səhmdarları və ya təsisçiləri barədə məlumatlar gizlədilir. Maraqlıdır, görəsən niyə? Əgər "Delta Qrup C.O." MMC həqiqətən də deyildiyi kimi, ölkə bazarında əhəmiyyətli yerə sahibdirsə və istehsal etdiyi, o cümlədən idxal etdiyi məhsulların keyfiyyətinə tam zəmanət verirsə, o zaman nədən adıçəkilən şirkətin rəhbərliyi ilə bağlı delta-group.az saytında heç bir informasiya yoxdur? Təbii ki, bu amil həm "Delta Qrup C.O." MMC, həm onun rəhbərliyi, həm də əhaliyə təqdim etdiyi məhsullarla bağlı çoxlarında ciddi şübhələrin yaranmasına səbəb olur.

Hurriyyet.org-un əldə etdiyi digər məlumatda isə deyilir ki, sözügedən MMC-nin ünvanında - Sumqayıt, Azərbaycan, Sülh küç., 76-cı məhəllə, 10 D-da tamam başqa adda və fərqli sektorda fəaliyyət göstərən zavod yerləşir. Bunun nə dərəcədə doğru olduğunu, daha doğrusu həmin zavodun "Delta Qrup C.O." MMC ilə bağlı olub-olmadığını deyə bilməsək də, şirkətin 447 73 40/41/42 nömrəli telefonlarına etdiyimiz çoxsaylı zənglərin cavablandırılmaması şübhələri birə-beş artırır. Özünüz qərar verin: Şirkətin adı var, rəsmi saytı mövcuddur, həmin saytda MMC-nin yaranma tarixi, gördüyü işlər, markaları, partnyorları və missiyası haqda bütün zəruri bilgilər öz əksini tapıb, lakin rəhbərliyin kimliyinə aydınlıq gətirilməyib. O cümlədən, göstərilən ünvanda başqa zavod fəaliyyətdədir və telefon nömrələrinə də cavab verən yoxdur. Sizcə, buna nə ad vermək olar? Hesab etmək olar ki, adıçəkilən MMC-nin sahibi hansısa yüksəkçinli məmur, vəzifə sahibi olduğundan bu gün şirkəti idarə edən şəxslər onun adını qeyd etməkdən çəkinirlər. Kim bilir, bəlkə də bunun hansısa başqa bir səbəbi var. Ümid edirik ki, "Delta Qrup C.O." MMC-nin yetkili şəxsləri tezliklə Hurriyyet.com-la əlaqə saxlayıb bu və digər önəmli suallarımıza aydınlıq gətirəcək. Eyni zamanda, nəzərinizə çatdırmalıyıq ki, sözügedən şirkətlə bağlı müvafiq dövlət qurumlarına ünvanladığımız sorğuların nəticəsindən sonra "Delta Qrup C.O." və onun məhsulları ilə əlaqədar geniş araşdırmamızı oxuculara təqdim edəcəyik.

Bu arada, onu da qeyd edək ki, "Delta Qrup C.O." MMC ölkəyə kərə yağı idxal edən iri şirkətlərdən biridir. Heç kimə sirr deyil ki, bu gün müxtəlif dükan və marketlərdə satışa çıxarılan kərə yağlarının böyük əksəriyyətinin keyfiyyəti, hazırlanma və saxlanma şəraiti standartlara cavab vermir, ştrixkodları (barkod) düzgün vurulmur. Kərə yağından söz düşmüşkən, bir məsələni də diqqətinizə çatdırmalıyıq ki, Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Bu biznes sahəsinin isə "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun inhisarında olduğu deyilir. Ümumiyyətlə, hazırda ölkədə əhalinin kərə yağına olan illik tələbatı təxminən, 35-40 min tondur. Bunun isə bir qismi sözdə xaricdən gətirilir, əslində isə müxtəlif sexlərdə, zavodlarda istehsal olunur. Yəni satışda olan yağların 85-90 faizi burada qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır. Halbuki hər bir istehlakçı barkod vasitəsilə məhsulun original və ya saxta olduğunu müəyyənləşdirə bilər. Bunun üçün xüsusi proqramlar mövcuddur. Əgər həmin proqram barkodu oxuyarsa, deməli məhsul originaldır. Yox, əgər proqram kodu qəbul etməsə, deməli həmin məhsul saxtadır və burda istehsal olunub.

Похожее изображение

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hurriyyet.org-a açıqlamasında qeyd etdi ki, kərə və nehrə yağları ilə bağlı rəhbərlik etdiyi birliyə hər həftə 10-15 telefon zəngləri daxil olur: "Həmin telefon zəngləri zamanı istehlakçılar bu yağların keyfiyyəti, ekspertizası ilə əlaqədar suallar ünvanlayırlar. Qeyd edim ki, ölkənin əmtəə bazarının yağ sektoru çox çirklənmiş vəziyyətdədir. İnək şəkillərini kağızların üzərinə çəkməklə, "naturalnaya maslo" yazmaqla, etiketlərdə istehlakçıları aldadan məlumatları qeyd etməklə əhalinin istehlakçı hüquqları pozulur. Təəssüflər olsun ki, bu qədər laboratoriya olduğu bir halda bu sahədə şəffaf fəaliyyət göstərən bir laboratoriya yoxdur ki, hansı yağların necə olduğunu açıq deyə bilək".

Azad İstehlakçılar Birliyinin apardığı işin nəticəsində bir neçə yağ növünün bazardan çıxarıldığını vurğulayan Eyyub Hüseynovun sözlərinə görə, kərə yağını kəsdirdə, o parçalanıb tökülməlidir: "Bizim gördüyümüz işlərin sayəsində, yəni anti-reklam vasitəsiylə üzərində "ekoloji təmiz" yazılmış Norveç yağı, üzərində qırmızı ilə şəkli olan "Redkao" yağları bazardan çıxarılıb. Lakin onların yerinə spred, yəni qarışıq yağlar, üzərində "naturalnıy" yazılmış yağlar bazarda hökmranlıq sürür. Yağ məsələsini tədqiq etmək üçün Yeni Zelandiyaya yolum düşmüşdü. Orda Azərbaycan üçün göndərilən "Westgold" yağının zavoduna - "Westland Milk Products" süd emalı zavoduna baş çəkdim, fermer təsərrüfatında oldum. Bir dənə həmin yağı gördüm ki, təmiz fermer təsərrüfatında hazırlanır və zavodda Azərbaycan dilinə markalanmaqla ölkəmizə idxal olunur. Ancaq digər yağların tədqiqatını apara bilməmişik. Qeyd edim ki, nehrə yağı adı altında əldə satlan yağlarda da problemlər müşahidə olunur. Belə ki, marqarin və bitki yağlarını nehrəyə atıb qatıqla, qaymaqla qarışdırıb çalxaladıqdan sonra ağlagəlməyən bir şey ortaya çıxır və onun adını kərə yağı qoyurlar. Kərə yağı adı ilə satılan yağların 60 faizi müxtəlif bitki yağlarının qarışığından hazırlanır və onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Əhaliyə məsləhətim odur ki, buna inanmasınlar. İstehlakçı marketlərdən kərə yağı alarkən onları sıxsın, hansı yağ daha bərkdirsə, deməli o daha təmizdir. Bundan başqa, kərə yağını kəsdirdə, o parçalanıb tökülməlidir. O cümlədən, kərə yağları digər yağlardan daha tez əriyir".

Azad İstehlakçılar Birliyinin sədri hesab edir ki, "Delta Qrup C.O." MMC-nin ölkəyə idxal etdiyi məhsulların üzərindəki barkod xarici ölkənin yox, Azərbaycandakı hansısa şirkətin barkodudursa, deməli həmin məhsullar burda qablaşdırılır: "Ola bilsin ki, həmin məhsulları gətirib burda qablaşdırırlar və buranın ştrixkodu vurulur. Ümumiyyətlə, bir qədər əvvəl qeyd etdiyim zavodda olarkən gördüm ki, məhsullar yerindəcə Azərbaycan dilində markalanır. Əgər yağa əl dəyilibsə, guman ki, hansısa müdaxilələr olunur. Təəssüf ki, heç kəs də bunu ayırd etmir. Bir daha nəzərinizə çatdırım ki, gəlib burda qablaşdırılıb satışa təqdim olunan mallara çox guman ki, müdaxilələr olunur".

"Hürriyyət"in Araşdırma Qrupu

P.S. Kərə yağları, o cümlədən "Delta Qrup C.O." MMC ilə bağlı araşdırmalarımız nəticəsində əldə etdiyimiz bilgiləri müvafiq qurumlarla da payaşacağıq. Yəqin ki, aidiyyatı orqanlar sözügedən MMC-nin kimliyi haqda Hurriyyet.org-u da məlumatlandıracaqlar.



Oxşar Xəbərlər

Xəbər lenti