29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, mopedlərin texniki baxışdan keçirilməsi, qeydiyyatı, dövlət nömrə nişanlarının verilməsi, eləcə də sürücülük vəsiqəsinin alınması üçün imtahan və sənədləşmə prosesləri üzrə müxtəlif məbləğlərdə rüsumların tətbiqi nəzərdə tutulur. Təkliflər təsdiqlənərsə, moped sahibləri üçün həm ilkin qeydiyyat, həm də sürücülük vəsiqəsi əldə etmə xərcləri artmış olacaq.
Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, Milli Məclisdə müzakirə olunan dəyişikliklər qüvvəyə minərsə, moped sahibləri üçün əlavə xərclər yaranacaq:
“Buraya dövlət qeydiyyatı, nömrə nişanının alınması, texniki baxış və sürücülük vəsiqəsi ilə bağlı rüsumlar daxildir. Bu isə mopeddən istifadə edən və ya gələcəkdə almağı planlaşdıran şəxslərin ümumi xərcini artıracaq. Bu dəyişikliklər qısa müddətdə mopedlərə marağı kəskin şəkildə azaltmayacaq. Çünki son illərdə mopedlər şəhər daxilində ən sərfəli və çevik nəqliyyat vasitələrindən biri kimi populyarlaşıb. Yanacaq sərfiyyatının az olması, tıxaclarda rahat hərəkət imkanı və avtomobillə müqayisədə daha aşağı istismar xərcləri onların əsas üstünlükləridir. Yeni rüsumlar müəyyən əlavə yük yaratsa da, bir çox istifadəçi üçün moped yenə də avtomobildən və bəzi hallarda digər nəqliyyat vasitələrindən daha sərfəli qalacaq. Bununla belə, bazarda müəyyən dəyişikliklər müşahidə oluna bilər. Xüsusilə moped almağı düşünən şəxslərin bir qismi qərarını təxirə sala və ya alternativ vasitələrə yönələ bilər. Digər tərəfdən, qeydiyyat və nəzarət mexanizmlərinin güclənməsi bazarın daha nizamlı fəaliyyət göstərməsinə, təhlükəsizlik tələblərinə əməl olunmasına və sürücülərin məsuliyyətinin artmasına da səbəb ola bilər”.
O bildirib ki, çatdırılma xidmətlərinə də müəyyən təsirin olması mümkündür:
“Azərbaycanda kuryer xidmətlərinin əhəmiyyətli hissəsi məhz moped və motosikletlərdən istifadə edir. Əgər sürücülər əlavə qeydiyyat, texniki baxış və sənədləşmə xərcləri ilə üzləşərlərsə, bu, onların fəaliyyət xərclərini artıracaq. Şirkətlər də uzunmüddətli perspektivdə bu əlavə xərclərin bir hissəsini xidmət tariflərinə daxil etməyə çalışa bilərlər. Ancaq çatdırılma qiymətlərinin dərhal və kəskin bahalaşacağını gözləmək düzgün olmazdı. Çünki çatdırılma qiymətlərinə təsir edən əsas amillər arasında yanacaq qiymətləri, əməkhaqqı xərcləri, sifariş sayı və bazardakı rəqabət də mühüm rol oynayır. Yeni rüsumlar bu xərclərin yalnız bir hissəsini təşkil edir”.