8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Səhiyyə Nazirliyi tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirməsinə qərar verilməsi ancaq yuxarıdakı anlama gəlir.
Alman əsilli professor, baron Karl fon Drez düz iki yüz il əvvəl, 1817-ci ildə "qaçış üçün maşın” adını verdiyi ilk velosipedi yaratdı. Bundan sonra velosipedin təkrar icadı mümkün deyil. Elə velosipedin yenidən icadına ehtiyac olmaması ilə bağlı zərb-məsəl də bununla bağlı yaranıb. Ancaq bu zərb-məsəl həm də qeyri-ciddi fəaliyyətə işarədir. Səhiyyə Nazirliyi də bu gün məhz bu fəaliyyətlə məşğuldur. Belə ki, Səhiyyə Nazirliyinin rəhbərliyi korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalayıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, əmrdə müalicə müəssisələrinin rəhbərlərinin imtiyazlı əhali qruplarına və dövlət proqramları çərçivəsində verilməsi qərara alınan dərmanların buraxılması üzərində ciddi nəzarəti təmin etməsi nəzərdə tutulur.
Bununla yanaşı tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, dərman preparatlarının keyfiyyəti və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu zamanı şəffaflığın daha da artırılması üçün tədbirlərin görülməsi tapşırılır.
Səhiyyə Nazirliyinin səlahiyyətli şöbə və sektor rəhbərlərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar neqativ hallar barədə daxil olan şikayətlərin daha ciddi araşdırılması aidiyatı qurumlara tapşırılır.
Qeyd edək ki, korrupsiyaya qarşı mübarizə haqqında hələ 2004-cü ildə qəbul edilmiş, 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş Qanun mövcuddur. Bu qanun hələ qüvvədən düşməyib. Digər tərəfdən prezidentin Fərmanı ilə təsdiq olunmuş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı mövcuddur. Yəni korrupsiya ilə mübarizə üçün yetərli hüquqi əsaslar var.
Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı korrupsiya ilə əlaqədar hüquq pozmalarının qarşısının alınması, aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaradılması, dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin normativ hüquqi və təşkilati əsaslarının təkmilləşdirilməsi, bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə qəbul edilib. Bu proqramda qeyd olunur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya məlumat təqdim etməlidirlər.İmzalandığı gündən, yəni 3 sentyabr 2004-cü ildən qüvvəyə minən Proqramın ilk maddəsində nəzərdə tutulan mərkəzi və yerli icra hakimiyyəti orqanları Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya məlumat təqdim etməsi haqqında tələbə Səhiyyə Nazirliyinin nə dərəcədə əməl edib-etməməsi daha ciddi məsələdir. Ümumiyyətlə, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının bu tələbinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nə dərəcə əməl etməsi ciddi araşdırma mövzusu olmalıdır. Cəmiyyətə bununla bağlı heç bir məlumat verilmədiyindən belə təəssürat yaranır ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının bu tələbinə əməl etmirlər. Hətta "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupunun bir müddət əvvəl apardığı şifahi və yazılı sorğu zamanı rəyi soruşulan yerli icra hakimiyyəti orqanlarının təmsilçilərinin ümumiyyətlə belə bir tələbdən xəbərsiz olduqları üzə çiıxmışdır. İndi Səhiyyə Nazirliyinin rəhbərliyi korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalaması da belə deməyə əsas verir ki, bu nazirliyin rəhbərliyinin də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının mövcud olmasından xəbəri yoxdur. Əks halda belə bir addım atmazdılar. "Yeni Sözçü” qəzeti olaraq prezidentin Fərmanı ilə təsdiq olunmuş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramına mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, o cümlədən də Səhiyyə Nazirliyinin nə dərəcə də əməl etməsini araşdırmağa çalışacağıq.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti