DYP-də ötür-ötür oyunu -Sənəd

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçiriln tədbirdə çıxış edən prezident İlham Əliyev strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcəyini qeyd edərək, bu gün hələ də görüləsi işlərin çoxluğunu da vurğulayıb. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin fərmanın imzalanmasından 11 ildən artıq vaxt ötür. 2011-ci il mayın 23-də imzalanmış fərmana əsasən dövlət orqanlarının elektron xidmətləri yaradıldığı haqqında məlumatlar rəsmi şəxslər tərəfindən dəfələrlə səsləndirilib. Açıq hökumətin təşviqinə dair bir neçə dəfə də müxtəlif illəri əhatə edən Milli Fəaliyyət Planı qəbul edilib. Açıq hökumətin təşviqinə dair 2012-2015- ci illər üçün Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron xidmətlərin təkmilləşdirilməsi olmuşdur. Həmin tədbirlərin həyata keçirilməsindən illər keçsə də, vətəndaşlar bu sahədə çox ciddi problemlərlə üzləşirlər. Vətəndaşların ən çox problemlə üzləşdiyi sahələrdən biri də Dövlət Yol Polisinin elektron xidməti ilə bağlıdır. Laçın rayon sakini Cəfərov Xəlil Məhəmməd oğlu da belə problemlərdən biri ilə üzləşib. Ötən ilin noyabr ayının 23-də yol hərəkətini pozması ilə bağlı xəbərdarlıq alıb. Bir gün sonra, yəni 24 noyabr 2021-ci ildə müvəqqəti məskunladığı İsmayıllı rayonunda poçt şöbəsinə gedərək 96 manat ödəyib. Bunu təsdiq edən sənəd də var. Lakin bu günə kimi, yəni cərimənin ödənilməsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq hələ cəriməsi silinməyib və yaxud da biriləri bundan öz məqsədi üçün istifadə etməyə çalışır. Çünki Xəlil Cəfərovun sürücülük hüququ qanunsuz olaraq məhdudlaşdırılır. İddiaya görə məhdudiyyətin götürülməsi üçün 250 manat tələb olunur. Qeyd edək ki, belə şikayətlər artmaqdadır. Bəziləri, hətta iddia edir ki, Dövlət Yol Polisində xüsusi bir şəbəkə formalaşıb və bu yolla insanlardan qanunsuz pullar yığırlar. Bütün bunların nəticəsində vətəndaşlar arasında narazılıq artmaqla yanaşı ölkəmizin imicinə də ciddi zərər dəyir.

Birləşmiş Millətlər Təşkilatının açıqladığı “Elektron hökumətin İnkişafı İndeksi”nə görə, Azərbaycan bu il 13 pillə geriləyərək 193 ölkə arasında 83- cü pillədə yer alıb.İki ildən bir açıqlanan reytinq çədvəlində iki il öncə ölkəmiz 70-ci pillədə qərarlaşmışdı. Aydın görünür ki, inkişaf eləyib irəli getmək əvəzinə, geri getmişik.

Qeyd edək ki, BMT-nin araşdırması 3 istiqamət (“Elektron xidmətlər”, “Telekommunikasiya infrastrukturu” və “İnsan kapitalı”) üzrə aparılaraq hazırlanıb. Beləliklə də ölkələrin bütün rəqəmsal və elektron mühiti (elektron və mobil xidmətlər, onlara əlçatanlıq, portallar və saytlar, telekommunikasiya və mobil şəbəkə, internet istifadəçiləri, sosial mediadan istifadə, hüquqi baza, institusional vəziyyət, rəqəmsal savadlılıq, innovasiyalar, ağıllı həllər və s.) toplam olaraq bu 3 istiqamət üzrə dəyərləndirilib. Onlar da çoxsaylı alt qruplara ayrılmaqla çox saylı parametrlər üzrə qiymətləndirmə aparıblar. İndeksin adı “Elektron hökumətin İnkişafı İndeksi” olsa da, əslində ölkələrin bütöv rəqəmsal mühiti qiymətləndirilib.

Bu üç istiqamətlər üzrə Azərbaycanın balları belə olub : “Elektron xidmətlər” 100 mümkün baldan 61 bal, “Telekommunikasiya infrastrukturu”  üzrə 100 mümkün baldan 67 bal və “İnsan kapitalı”  üzrə 100 mümkün baldan 79 bal.

Göründüyü kimi ən pis vəziyyət “Elektron xidmətlər” üzrədir. Ekspertlər hesab edir ki, dövlət qurumları mötəbər qurum hesab olunan BMT-nin hesabatından ciddi nəticələr çıxarmalıdırlar. Belə ki, bu hesabatda əksini tapan məlumatlar ciddi təhlil edilməli və qiymət verməlidir. Ölkəmizin adınına ləkə gətirən məqamlar aradan qaldırılmalıdır. “Yeni Sözçü” qəzet olaraq hesab edirik ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi də Birləşmiş Millətlər Təşkilatının açıqladığı “Elektron hökumətin İnkişafı İndeksi” hesabatının Azərbaycanla bağlı hissəsini təhlil etməli, DYP-nin üzərinə düşən vəzifələrin həyata keçirilməsini təmin etməlidir. Bütün bunları etmədən dövlət idarəetməsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılmasına nail olmaq mümkün olmayacaq.

İnformasiya Texnologiyaları üzrə ekspertlər bu sahədəki geriliyin bir səbəbini də kadrlarla bağlı olduğunu hesab edirlər. İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz təklif edir kivəziyyəti dəyişmək üçün qurumlarda e-xidmət , rəqəmsal transformasiya üzrə ən azı müavin səviyyəsində məsul şəxslər ayrılmalıdır. Bütövlükdə isə kompleks tədbirlər görülməlidir. Əks halda Azərbaycanın adı reytinq cədvəllərində düşməkdə davam edəcək.

A.Aydın,

“Yeni Sözçü” qəzeti




Oxşar Xəbərlər

Xəbər lenti