7 saylı poliklinika 22 ilin şəkər xəstəsinə dərman verməkdən imtina edir


10 xəstəlikdən əziyyət çəkən şəxsə əlillik dərəcəsi verilmir

Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21, m. 37 ünvanında qeydiyyatda olan Bədəlov Zahid Xanmalı oğlu 2001-ci ildən şəkər xəstəsidir, qeydiyyatda olduğu ünvan üzrə  7 saylı poliklinikanın uçotundadır. Son 10 ildə çeşidli xəstəliklərdən  əziyyət çəkir, vərəm , qan- damar , ürək xəstəsi kimi tibbi uçotda olmaqla, gözlərinin görməsi də pisləşib. Bu pisləşmə görmə qabiliyyətini itirmə həddinə çatdırğından altı ay qabaq gözləri  əməliyyat olunub. Bunları sadalamaqda amacımız oxuyanları yormaq yox, adını “həkim” qoyan ağ xalatlıların qara əməllərini diqqətə çatdırmaqdır.

On ildir 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova xəstə ilə əlaqədar TSEK-ə forma-88 göndərilməsinə qadağa qoyub. Qadağa üsulları da rəngarəngdir. Gah əlilliyin düşmədiyi, gah xəstəxanadan, gah müayinədən keçmədiyi bəhanə edilib. Ali dövlət hakimiyyəti, hüquq mühafizə  orqanlarına, Səhiyyə Nazirliyinə, Ombudsmana şikayətlərə cavabın bəhanəsi isə QEYDİYYATDA OLDUĞU  ünvanın DAYISININ  EVİ OLDUĞU (??) olub ! (?) Elə bilirsiniz, şişirtmədir? Təsəvvür edin, Ombudsman insan hüquqları pozuntusun yoxlamasının sonucu olaraq şikayətçiyə rəsmi məktublarla bildirib ki, “ 7 saylı poliklinakının cavabı ilə müəyyən  edilmişdir  ki, 1987-ci ildən sözügedən ünvanda və poliklinikada qeydiyyatda olan şəxs DAYISININ EVİNDƏ “QONAQ STATUSUNDADIR” və bu səbəbdən doğulduğu rayona müraciət etməlidir” ! (?)

Nə isə, təzəsi olan yerdə, “köhnə palan içi sökməyək”. Çox şikayətlərdən sonra xəstə haqqında  “UİX. Gərginlik stenokardiyası II f /s. AORTA KORONAR ŞUNTLAMA ×3 əməliyyatından sonrakı vəziyyət. QDÇ ( qan dövranı çatmazlığı) II dərəcə. Hipertoniya xəstəliyi II mərhələ. Şəkərli diabet tip 2. Keçirilmiş plevritdən sonrakı vəziyyət” diaqnozu ilə forma -88 TSEK-ə göndərilib. TSEK anında ona aid olmayan NK -nın 16.01.2020 tarixli 11 saylı qərarının 1.5 .1 bəndinə əsasən  imtina edib ki, əlavə müalicəyə ehtiyacı var. Bir daha diqqətə çatdırırıq ki, TSEK ona aid olmayan NK qərarını tətbiq edib, halbuki TSEK-ə aid olan qərar eyni tarixli 12 saylı qərardır və TSEK ona göndərilən forma 88 əsasında əlilliyin qiymətləndirilməsini həyata keçirməlidir. TSEK-in, ümumiyyətlə, “ƏLAVƏ MÜALİCƏYƏ EHTİYACI VAR” “TƏYİNATI” QANUNVERİCİLİKDƏ NƏZƏRDƏ TUTULMAYIB.

NK-nın 16.01.2020 tarixli tibb müəssisələrinə aid 11 saylı və TSEK-ə aid 12 saylı qərarını diqqətə çatdırmaq da yardıma çatmayıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəstədən qanunsuz olaraq yenidən xəstəxanada (6 ay) yatmağı tələb edib. Halbuki NK-nın 16.01.2020 tarixli 11 saylı qərarına əsasən, tibb müəssisələrinin TSEK-ə forma 88 göndərməsi qaydası müəyyən edilib və vərəm xəstələrinə, anatomik çatmazlıqları olanlara 6 aylıq müalicə müddəti şərtinin tətbiq edilməməsi təsbit edilib. Yerində əyani müayinəsini tələb edən xəstənin şikayətlərinə iki il ərzində baxılmayıb.

2022-ci ilin sentyabrında 7 saylı poliklinika yenidən sənədləri toplayıb 38 saylı poliklinika vasitəsilə TSEK-ə göndərəcəyini bildirsə də 38 saylı poliklinikadan onlara heç bir sənəd daxil olmadığı bildirilib. 7 saylı poliklinika nə ürək, qan-damar, tənəffüs çatmazlığı, şəkər xəstəliyinin əlilliyə əsas vermədiyini, yalnız gözlə bağlı əlillik düşdüyünü iddia edir. Halbuki TSEK-ə forma 88 göndəriləndə bütün əsas və əlavə diaqnozlar, epikrizlər qeyd olunmalıdır. Şəkərli diabetə əlillik düşmürsə, niyə 22 ilin şəkər xəstəsinə dərman verilməsindən imtina edilib və xəstə əsəbdən az qalıb komaya düşsün? ! Bəli, bəli, 7 saylı poliklinika 22 ilin şəkər xəstəsinə dərman verməkdən imtina edib ki, əlillik dərəcəsi yoxdur! Xəstənin bu “qəssab” münasibətdən şəkəri kəlləçarxa qalxıb və pulu ilə insulin vurdurmasa öləcəkmiş. Belə həkimlik olar? Yoxsa qəssablıq qaydaları hökm sürür? 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın Səhiyyə Nazirliyində, Bakı Baş Səhiyyə Mərkəzində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində, TƏBİB -də qoruyucusu kimdir ki, xəstəyə dərman verməkdən imtina etməsinə belə qiymət verilmir? Bu, konkret cinayət əməlidir və hüquq mühafizə orqanları qiymət verməyə borcludur.

M.Pirhəsənli

P. S. Bir neçə gün qabaq xəstə ağır ürək əməliyyatı keçirib. 7 saylı poliklinikanın kardioloqu Jalə xanım əməliyyatdan sonra epikrizi forma 88-ə əlavə edəcəyini deyib, amma baş həkimə imzalatmağa gedəndən sonra xəstəyə bildirib ki, əməliyyata əlillik düşmür. İndi özünüz deyin, bunlara həkim demək olar?



Oxşar Xəbərlər

Xəbər lenti