8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Bir az şorla bir tikə çörək verirlər, o da quru olur. Gətirilən ətlə yemək bişirirlər, haqlarına girməyim. Amma piyini və sümüyünü bişirirlər, ətli yerini götürürlər, sümüyü qalır. Almaların çürüyünü saxlayıb, yaxşılarını götürürlər”, – bu sözləri yeniyetmə M.H. qaldığı uşaq evi haqda danışarkən deyib.Bugünlərdə Azərbaycanın sosial şəbəkə seqmentində Bakının Xətai rayonu, 3 saylı Uşaq Evi ilə bağlı videoşikayət yayılıb. Görüntülərdə müəssisədə qalan yeniyetmələrdən biri iddia edib ki, orada uşaqlar normal qidalanmır, gətirilən qidalar mənimsənilir.“Bir tikə quru çörəyin üstünə yarısı qədər şor çəkirlər. Uşaqlar o çörək ilə doymurdu. Səhər onu yeyib gedirdilər məktəbə, orada da onun-bunun ağzına baxırdılar. Uşaqlar da bufetdən, ev uşaqlarından dilənməyə məcbur qalırdılar. Südü, meyvəni aparırlar. Bütün hər şeyi mənimsəyib yox edirlər. Bununla bağlı video çəkmişdim TikTok üçün. Amma öz şəxsi telefonum ya uşaq evindədir, ya da Əhmədlidə 34-cü polis bölməsindədir”, –videoda yeniyetmə bildirir.Onun sözlərinə görə, uşaq evinin direktoru onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu da əlindən alıb. Müraciətdən bir qədər sonra sözügedən yeniyetmənin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə məlumatlar yayıldı.AzadlıqRadiosu yeniyetmənin yaxınları ilə əlaqə qura, son vəziyyəti barədə məlumat ala bilməyib.“Xəcalətdən ölürəm….”Sözügedən uşaq evinin müdirəsi Məhbubə Hüseynova Azadlıq Radiosuna bildirib ki, video yayılan gündən müəssisəyə yoxlamalar gəlməkdədir, heç bir problem aşkar edilməyib: “Mən artıq xəcalətdən ölürəm, layiq deyiləm belə rəftara. Bakı Şəhər İcra Hakimiyyətindən icazə alıb hər kəs gəlib müəssisəyə baxa bilər. Qidalanma ilə bağlı heç bir problem yoxdur. Qida Təhlükəsizliyi Agentliyi yoxlama aparıb, təkcə kolbasanı problem etdilər. Onu da dövlət almayıb, uşaqlar istəyir deyə, özüm almışam. Qidalanma üçün xüsusi norma var. Biz də qidaları həmin normaya əsasən veririk, ola bilər ki, bu uşaqlara çatmasın. Normadan kənara çıxmağa ixtiyarım yoxdur. Hətta bəzi sexlər əlavə çörək də verirlər, sağ olsunlar. Qanunla təyin olunan normanın az olması da bizlik deyil axı, 17-18 yaşında olanlara 10 qram versək, doymamaqları normaldır”.Yeniyetmənin danışıqlarını əsassız sayan Hüseynova bildirir ki, sözügedən şəxs 2014-cü ildən 2018-ci ilə kimi 3 saylı Uşaq Evində qalıb, daha sonra isə övladlığa verilib.“Yəqin ki, yola getmədiyi üçün iki ildən sonra məhkəmə yolu ilə övladlıqdan alındı. Xitam verildikdən sonra Zabratdakı sığınacağa göndərildi. Bir qədər müalicələr aldı, axırda da gəldi bizə”, – deyən müdirə yeniyetmənin digər uşaqlarla, uşaq evinin işçiləri ilə yola getmədiyini iddia edir. O, yeniyetmənin davranışındakı problemlərdən polisə şikayət etdiyini, bununla bağlı dəfələrlə akt tərtib olunduğunu söyləyir.Yeniyetmənin şikayəti araşdırıldımıUşaq evinin yerləşdiyi Xətai rayonunun icra hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, onlar bu müəssisədə hər hansı yoxlama aparmaq ixtiyarında deyillər, yalnız şənliklərdə, bayram tədbirlərində gedə bilərlər. Monitorinq, şikayətlərə görə baxış keçirilməsinə gəlincə, uşaq evi Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) tabedir. BŞİH-dən isə məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşağın mənimsəmə iddiaları ilə bağlı uşaq evində yoxlamalar aparılıb-aparılmayacağı haqda məlumat açıqlamayıb. Lakin komitədən deyilib ki, 3 saylı Uşaq Evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır. Komitə bildirir ki, klinikaya yatırılması haqqında qərar yeniyetmənin iki qohumunun onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabçasındakı müalicə tarixçəsi, həmçinin kənar mütəxəssisin yoxlanılmasından sonra verilib.AzadlıqRadiosu bu açıqlama ilə bağlı yeniyetmənin qohumlarından informasiya ala bilməyib.“Uşaq evində qalanlar onsuz da travmalıdır”Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yeniyetmənin sümüyün üstündə ətin olmamasından danışmasına diqqət çəkir, həm bu, həm də yeniyetmənin davranışı haqda iddiaların araşdırılmasını vacib sayır: “Belə müəssisələrdə qalacaq uşaqların psixoloji durumları, aldığı travmalar fərdi şəkildə müəyyənləşdirilməli, onlarla xüsusi məşğul olunmalıdır… Elə həmin yeniyetmənin də müəssisəyə və oradakı şəxslərə zərər vermə iddiaları ortaya çıxdı. Əgər bu, doğrudursa, zamanında bu məsələyə ciddi münasibət göstərilsəydi, ört-basdırlar olmasaydı, həmin yeniyetmə islah oluna biləcəyi bir müəssisəyə gedərdi”.Ağazadə ölkədə sığınacaqların sayının çox az, onlara nəzarət mexanizminin isə zəif olduğunu vurğulayır. Onun sözlərinə görə, hazırda BŞİH-nin nəzdində olan uşaq evlərində aparılan yoxlamalar barədə ictimaiyyətə məlumat verilmir. Buna görə də problemin həllindən ötrü birgə monitorinq qruplarının yaradılmasını, uşaq evlərində, sığınacaqlarda durumun yoxlanmasını təklif edir Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev yeniyetmənin çıxışını ciddi siqnal sayır, məsələni təcili araşdırmağa çağırır.“Uşaq evində qalanlar onsuz da travmalıdır. Onların həyatında kifayət qədər çətin məqamlar, psixoloji durumlarında müəyyən problemlər olub. İndi də onlara pis rəftar göstərmək yanlış olar. Həmin məsələ barədə detallı məlumatım yoxdur, lakin aidiyyəti qurumlar məsələni diqqətdə saxlamalıdır. Uşaq evlərinin ümumi fəaliyyətini normal qiymətləndirirəm, amma belə qüsurlar barədə ən kiçik informasiya da araşdırılmalıdır”, – deputat AzadlıqRadiosuna açıqlamasında deyir.Ərzaq mənimsəməsi iddiaları yeni deyil3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva hələ ötən ilin iyulunda müəssisə rəhbərinin ərzaq mənimsəməsi ilə bağlı iddialar səsləndirib. İddialara görə, Qurban bayramı ilə əlaqədar uşaq evinə müxtəlif imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıq ət və heyvanlar müəssisə rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən satılıb. Lakin Hüseynova bu iddiaları da təkzib etmişdi.2021-ci ildə də bu müəssisənin adı media orqanlarında ciddi nöqsanlarla bağlı hallanıb. Belə ki, həmin dövrdə uşaqların ərzaq, yataq dəstləri ilə bağlı təminatında nöqsanların olduğu bildirilib. Bu iddialardan bir qədər sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzi araşdırmalar aparıb. Aşkarlanan nöqsanlara görə müəssisə rəhbəri Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verildiyi açıqlanıb.2016-ci ildə Birinci vitse-prezident Mehriban Əliyeva bu müəssisənin təmirdən sonrakı açılışında şəxsən iştirak edib.Bu uşaq evinin binası 1976-cı ildə 12 qrupluq körpələr evi – uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən 110 yerlik uşaq evi olaraq fəaliyyətini davam etdirib.