Göyçay sakini “Ege Hospital”ın həkimlərindən şikayətçidir


Famil Seyidov: “Atamın xəstəliyini tam fərqli göstərərək, onu sığortalı kimi yazıb, dövləti də, bizi də aldadıblar”

Göyçay rayonu, Bığır kənd sakini Seyidov Famil Ağasəf oğlu tərəfindən Hurriyyet.az saytınının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2023-cü ildə “Ege Hospital”da əməliyyat olunan atası həkim səhlənkarlığı nəticəsində ölüm təhlükəsi ilə üzləşib:

“Mən, Seyidov Famil Agasəf oğlu, yazaraq bildirirəm ki, atam Seyidov Ağasəf Babaş oğlu “Ege Hospital”da həkim səhlənkarlığının qurbanı olmuşdur. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna yazılı formada ərizələr versəm də, səhlənkarlıq edən həkimlər barəsində cinayət işi açılmır.

Belə ki, 15 fevral 2023-cü il tarixində atamın vəziyyəti qəflətən pisləşdiyindən, təcili olaraq xəstəxanaya yerləşdirdik. Bir neçə gün sonra Bakı şəhərində yerləşən “Ege Hospital”da əməliyyat olundu. Əməliyyatdan iki-üç gün əvvəl hospitalda atamın əməliyyatı üçün məndən 10 min AZN pul aldılar. Mən bu pulu atamı əməliyyat edən Seymur həkim və Emin həkimin köməkçisi olan xanıma hospitalda vermişəm. Əməliyyatdan əvvəl mən hospitalın hesabına 4500 manat pul keçirmişəm. Eyni zamanda 500 manat da həkimlər məndən özlərinə pul alıblar.

Tək dərdim atamın bir anda tez sağalmağı idi. Bu səbəbdən də borc-xərc edib, istədiklərini verirdim. Atam əməliyyat olunduqdan sonra hospitaldan bizə bildirdilər ki, hesaba ödənilmiş 4500 AZN pul geri qaytarılacaq, çünki İcbari Tibbi Sığorta Agentliyi tərəfindən əməliyyat həmin vəsait ödənilib. Daha sonra xəstəxana tərəfindən qaytarılan pulu Emin həkim məndən istəyərək bildirdi ki, atanın sağalması üçün bağırsaq və damar və s. almalıyıq. Qısa müddət ərzində hospitalda həkimin dediyi şəxs mənə yaxınlaşaraq 4500 manat pulu alıb getdi.

Qeyd edim ki, “Ege Hospital”ın həkimləri atamın əməliyyat olduğu xəstəliyi tam fərqli göstərərək, onu sığortalı kimi yazıb dövləti də, bizi də aldadıblar. Atamın xəstəliyi kəskin “Aorta anevrizma” (damar partlaması) xəstəliyidir. Ürək xəstəxanası və “Ege Hospital”ın həkimləri əlbir olub, bizim başımıza bu oyunu açıblar. Dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna bununla bağlı müraciətlər etsək də, heç bir tədbir görülməyib. Atamın da vəziyyəti günü-gündən pisləşir. Hər gün evimizə təcili yardım gəlir.

Bütün bu yazdıqlarımı sübut etmək üçün əlimdə video çəkilişlər var. Dəfələrlə prokurorluq işçilərinə bu subutları təqdim etmək istəmişəm. Polislər həkimlərin bu biabırçı əməllərinin nə səbəbə gizli qalmasını istəyirlər, bilmirik.

Deməli, bu həkimlər kimlərəsə  arxayındır  ki, MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonansı tomoqrafiyasının) aparat həkimini də  öz saxtakarlıqlarına tabe edib, sənədləri dəyişiblər. Hər bir sübutlar məndə var. Necə rüşvət almaları ilə bağlı video çəkilişi və sənədlər barəsində olan subutları sizə təqdim edəcəm. Məni məcburi olaraq bu həddə çatdırıblar. Köhnə sənədləri onlara verən zaman geri qaytarmadılar. Çünki həmin sənəddə diaqnoz tamamilə başqa xəstəlik idi. Atam dövlətin sığortası ilə əməliyyat olunubsa, niyə məndən 15 min manat pul alıblar?

Bütün bu qanunsuzluqları Seymur və Emin həkim edib. Əlimizdə səs yazıları da var.Onlar həm pulumuzu, həm də atamın sağlamlığını alıb, heç olmasa onu müalicə etsinlər. Seymur həkim mənə telefonda söyüş söyüb, təhqir edərək cavab verir ki, “keşkə atanı stolda öldürərdim, çox səhv etmişəm”.

Bu özbaşınalığa son qoyulsun. Kasıb ailəyik, atamın sağalmağını istəyirik. Sağaltmırlar, heç olmasa verdiyimiz pulları geri qaytarsınlar, başqa yerdə müalicə etdirək.

Məsələ ilə bağlı Prezident Administrasiyasında qəbulda olmuşuq. Fuad Ələsgərovun tapşırığından sonra işi Nərimanov rayon Prokurorluğuna verdilər. Məni çağırıb izahat aldılar. Nərimanov rayon Prokurorluğundan deyirlər ki, bu mülki işdir, biz heç nə edə bilmərik, məhkəməyə müraciət etməlisiniz.

Onu da qeyd edim ki, mənim oxumaq və yazmaq savadım yoxdur. Məhkəmə pulsuz iş görmür, dövlət rüsumlarını necə ödəyim?

Hörmətli redaksiya! Sizdən xahiş edirəm, mənim səsimin prezidentə və lazımi orqanlara çatması üçün köməklik göstərəsiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti