Birinci və İkinci Qarabağ müharibələrinin qazisinin ƏLİLLİYİ LƏĞV EDİLİB - Şikayet


Elmar Məmmədov: "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovla iki dəfə görüşmüşəm, o, "Sən bizim qəhrəmanımızsan, narahar olma, düzələcək" desə də, hələ də pensiya ala bilmirəm"

Bu gün Hurriyyet.az-a müraciət edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Goranboy rayon şöbəsinin sədri, Birinci və İkinci Qarabağ müharibələrinin qazisi Elmar Yaşar oğlu Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyinin ləğv edildiyini bildirib. 

Hər iki savaşın ilk günündən son gününədək səngərlərdə olduğunu, bir sıra əməliyyatlarda iştirak etdiyini vurğulayan qazinin sözlərinə görə, Birinci Qarabağ savaşında 3 güllə yarası, kəllə-beyin travması alıb, günlərlə komada olub. Lakin bütün bunlara rəğmən, Elmar Məmmədovun əlillik dərəcəsi ləğv edilib: "Mən Goranboy rayonu, Dəliməmmədli şəhər sakiniyəm. Birinci Qarabağ savaşı zamanı 1994-cü il may ayının 2-də ağır yaralanmışam. 3-cü qrup Qarabağ əlili kimi pensiya alırdım. İkinci Qarabağ savaşında da könüllü kimi sonadək iştirak etmişəm. Əlimdə bunu sübuta yetirən foto və video görüntülər mövcuddur. Ancaq buna baxmayaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev heç bir səbəb olmadan əlilliyimi ləğv edib. Ayağımda hələ də qəlpə qalıb, səhhətim ağırdır, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyirlər ki, sən sağlamsan. Halbuki, "İnsulin"lə yaşayan adamam, gündə iki dəfə bunu vururam. Başqa yerdən gəlirim yoxdur, ancaq əlillik pensiyamla dolanırdım, artıq onu da kəsiblər".

Məsələ ilə bağlı baş prokuror Kamran Əliyevin qəbulunda olduğunu deyən Elmar Məmmədov qeyd edib ki, bunun da heç bir faydası olmayıb: "Kamran Əliyev zəng edib tapşırsa da, bunun heç bir nəticəsi olmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovla da iki dəfə görüşmüşəm. O, "Sən bizim qəhrəmanımızsan, narahar olma, düzələcək" desə də, hələ də pensiya ala bilmirəm. Odur ki, sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan ləğv edilmiş əlillik dərəcəmin bərpasında mənə yardım etmələrini xahiş edirəm".

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti