8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakının Zığ qəsəbəsinin sakinləri örüş torpaqlarında bina tikintisinə etiraz edir.Etiraz edənlərdən biri Emil Abdullayev Meydan TV-yə bildirib ki, heyvandarlıqla məşğul olur, dolanışıqlarının mənbəyi olan örüş sahəsində adı bilinməyən şirkət qeyri-qanuni bina tikmək istəyir:“Biz Suraxanı rayon icra başçısına dəfələrlə müraciət etmişik. Bizə deyirlər, orada bina tikilməlidir. Biz də qalmışıq birtəhər, çıxış yolu axtarırıq. Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik, onların bir nümayəndəsi gəlib təsdiq edib ki, orada qeyri-qanuni bina tikilir”.Şikayətçi onu da əlavə edib ki, onları hədələyib şikayət etməyə qoymurlar.Qəsəbənin digər sakini Ülvi Abdullayev də örüş torpaqlarının kimlərinsə tərəfindən zəbt edildiyini deyir:“Biz iki qardaş bir həyətdə qalırıq. Balaca həyətdə qala-qala biz oradan torpaq götürə bilmirik. Çünki ora örüş zonasıdır və biz özümüz də orada heyvan saxlayırıq. Amma yad bir insanlara olar”.Onun da sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətinə, Prezidentə, vitse-prezidentə müraciət olunub:“Müraciəti isə bələdiyyə cavablandırır. 500 nəfər müraciətə qol çəkib göndərib ki, bizə həmin yerdən torpaq verilsin, ancaq cavabında bələdiyyə bildirir ki, sizə torpaq olmaz, çünki balansımızda torpaq yoxdur. Ancaq adı bilinməyən bir şirkət gəlib buranı zəbt edib”.Qəsəbənin digər sakini Mirzəağa Əlimuradov da bildirib ki, 2002-ci ildə eks-prezident Heydər Əliyevə müraciət ediblər və həmin torpaqlar 133 saylı qərarla örüş sahəsi kimi saxlanılmışdı:“İndi belə çıxır ki, bu qərarı saymırlar, deyirlər ki, indi başqa dövrandır. Bu, bizim torpaqlarımızdır, biz bunları örüş kimi istifadə edirik. Camaatın ehtiyacı var torpağa, 5-6 ailə bir həyətdə yaşayır, onlara torpaq lazımdır. Ancaq gəlib orada qeyri-qanuni iş aparırlar, torpaqlarımızı əlimizdən alırlar”.Əhliman Qulamov deyir ki, iki ay əvvəl məsələ ictimailəşəndən sonra həmin tikinti dayanıb, ancaq bu günlərdə yenidən başlayıb. Halbuki, tikinti aparan şirkətinin buna heç bir icazə yoxdur:“Dedilər binanın heç bir sənədi yoxdur, bina tikiləndən sonra sənədləşəcək. Əvəzində bizə möhürsüz, imzasız sənəd təqdim ediblər”.Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Seyid Seyidov Meydan TV-ya bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Agentliyinin və Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları sözügedən tikintini saxlayıblar.Onun sözlərinə görə, ərazidə texnikanın olması tikintinin davam etməsi demək deyil.Ancaq müavinin sadaladığı qurumlardan fərqli məlumatlar verilib. Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Salman Rəfiyev binanın tamamilə qanuna uyğun tikildiyini bildirib. Onun sözlərinə görə, bina sürüşmə zonasından köçürülən insanlar üçün tikilir və tikinti üçün bütün sənədlər qaydasındadır.Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, tikintiyə əsas olmadığı üçün işlər dayandırılıb.Tikinti şirkətinin adını rəsmi qurumlardan öyrənmə cəhdlərimiz nəticə verməyib. //meydan.tv//