8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şirkət rəhbərliyi isə onların əmək haqlarının artıqlaması ilə ödənildiyini iddia edir
Naxçıvanda fəaliyyət göstərən "Nəqşicahan MED” MMC-nin bir qrup işçisi tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, 3 aydır əmək haqqı almırlar və rəhbərlik onların maaşını verməməkdə israrlıdır:
"Hörmətli redaksiya!
Bizi övladlarımızın qarşısında üzüqara edən, evimizə çörək ala bilməyəcək səviyyəyə gətirən, hələ bu da az deyilmiş kimi, etiraz etdikdə bizi ümumiyyətlə əmək haqqı verməməklə təhdid edən "Nəqşicahan MED” MMC-dən şikayətçiyik. Məlumat üçün bildirək ki, heç bir səbəb göstərilmədən 3 aydır əmək haqlarımızı ala bilmirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Ali Məclisə rəsmi müraciət etməyimizə baxmayaraq, şirkət əmək haqlarını hələ də ödəmir.
Əlavə olaraq kimi və nəyi təmsil etdiyini bilmədiyimiz, özünü Məhsər adlı şəxs olaraq təqdim edən bir nəfər şikayətimizi geri götürməyimizi təkid edir. Deyir ki, “əks halda gedin hara şikayət edirsiz edin, heç bir ödəniş etməyəcəyik”.
Daha sonra şirkətin maliyyə direktoru Rəcəb adlı şəxs bizə aylardır işləmədiyimizi və bu səbəbdən də ödəniş etməyəcəklərini bildirdi. O da əlavə etdi ki, “gedin hara şikayət edirsiniz, edin”.
Bizim istəyimiz səsimizi Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfliyə çatdırmaqdır. Çünki artıq heç bir quruma inamımız qalmayıb. Rəsmi olaraq 39 nəfər əmək müqaviləsi ilə çalışan işçi vardır. Əmək haqqı almayanların içərisində özü və ya himayəsində ağır xəstə, əməliyyata ehtiyacı olanlar var.
Biz bilmirik ki, bu şəxslər kimə və ya kimlərə güvənərək bu qədər şəxsin əsassız olaraq əmək haqlarını ödəmir və öz haqqını tələb edənləri təhdid edirlər.
Xahiş edirik, bu acınacaqlı məsələni işıqlandıraraq, səsimizin dövlət rəhbərliyinə çatdırılmasına köməklik edəsiniz.
Şirkət rəhbərliyinin qərazlı mövqeyini əsas tutaraq, təhlükəsizliyimizi təmin etmək üçün adımızın gizli saxlanılmasını xahiş edirik”.
Şikayətçilər onu da qeyd edir ki, “Nəqşicahan MED” MMC-də kütləvi ixtisarlar başlayıb. İxtisara düşən əməkdaşlara da kompensasiya ödənilməyib. Məlumata görə, MMC indiyə kimi işçilərin böyük əksəriyyətini, yəni 30 nəfəri işdən azad edib. Hazırda şirkətdə cəmi 10 nəfər işçi qaldığı bildirilir.
Məsələ ilə bağlı “Nəqşicahan MED” MMC-nin Maliyyə direktoru kimi təqdim edilən Rəcəb müəllimlə əlaqə saxladıq. O, sualımızı dinlədikdən sonra “Rəcəb müəllim deyil, məlumat verərəm rəhbərlik sizinlə əlaqə saxlayar”, - deyə telefonu söndürdü.
Daha sonra özünü “Nəqşicahan MED” MMC-nin hüquqşünası (adını və soyadını söyləmədi – müəl.) bizimlə əlaqə saxlayaraq bildirdi ki, əslində, qeyd olunan iddialar əsassızdır. O bildirdi ki, “Nəqşicahan MED” MMC yanvar ayında fəaliyyətini dayandırsa da, işə çıxmadıqlarına baxmayaraq, 7 ay müddətində bütün işçilərə maaş verilib: “Onlar yanvardan işə çıxmasalar da, 7 ay ərzində əmək haqlarını tam həcmdə alıblar. Halbuki, qanunla onlara əmək haqlarının 2/3-i verilməli idi. İndi biz ixtisara hazırlaşırıq, onların hamısını ixtisar edəcəyik və yekun haqq-hesab müəyyənləşdirib, kimin kimə borclu olduğunu üzə çıxaracağıq. Qeyd etdiyim kimi, hər ay 1000 manat alan işçiyə biz maaşının 2/3-ni, yəni 600 manat verməliydik. Amma biz onlara hər ay 400 manat artıq ödəniş etmişik. İndi biz onları hesaba alanada məlum olacaq ki, nəinki onlara 2 ay maaş verilməyib, əksinə 4-5 ay artıq maaş alıblar”.
Jalə FAMİLQIZI
P.S. Xatırladaq ki, Talıbovların nəzarətində olan “Nəqşicahan MED” MMC Naxçıvanda dərman və tibbi ləvazimat satışını tamamən monopoliyaya almışdı. Mətbuat yazır ki, Vasif Talıbovun istefasından sonra MMC 3 yerə bölünüb, hazırda baş verən narazılıqlar da məhz bununla bağlıdır.