Xırdalanda sakinlərin telefon xətti özbaşına kəsilir, yenisinin çəkilməsi üçün 110 manat tələb edilir – ŞİKAYƏT


Sakinin redaksiyamıza şikayətindən sonra telefon xətti pulsuz çəkilib

Xırdalan şəhəri, 28-ci məhəllə, bina 16-nın sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Xırdalanda əhalini optik internetlə təmin etmək adı altında sakinlərin telefon xətləri onların razılığı olmadan kəsilir, sonradan 110 manat qarşılığında hər bir ailəyə yeni telefon xəttinin çəkilməsi təklif edilir. Əlavə xərcə düşmək istəməyən sakinlər rəsmi qurumlardan, o cümlədən Abşeron Rayon Avtomatik Telefon Stansiyasının (ATS) rəhbərliyindən şikayətçidir:

“Hörmətli Redaksiya!

Xırdalan şəhəri, 28-ci məhəllə, bina 16-nın sakinləri olaraq, son çarəni mətbuata məlumat verməkdə gördük.

Məlumat üçün bildirək ki, son zamanlar Xırdalana yeni optik internet xətti çəkilir. İnsanlardan soruşmadan telefon xətləri özbaşına kəsilir və onlar məcbur edilirlər ki, əlavə ödəniş etməklə yeni optik kabelə qoşulsunlar. “İstəmirik” deyəndə isə, bizə yol göstərirlər ki, “get ATS-ə, 110 AZN ödəniş et, telefonunuz işləsin”. Yəni işləyən telefon xətlərini özbaşına kəsdikləri bəs deyilmiş kimi, bir də bizə 110 manat ödətdirmək istəyirlər. Çünki, fikirləşirlər ki, hər adam aparıb o pulu ödəməyəcək və beləliklə bunların təklifləri keçərli olacaq.

Biz sakinlər sizdən problemimizi işıqlandırmağınızı xahiş edirik, bəlkə, bəzi yatmış qurumlar oyana ki, “Azəriqaz”, “Azərişıq”, və “Azərsu”dan sonra ATS-lər də artıq insanların başına oyun açmağa başlayıb.

Digər qurumlardan fəqli olaraq, ATS-lərin planları daha böyükdür. Bu səbəbdən də, birdən-birə insanları aldadıb, onlardan nə az, nə çox 110 manat pul tələb edirlər”.

Qeyd edək ki, sakinlərin şikayəti ilə bağlı “Aztelekom”un mətbuat katibi Alidə Mustafayeva ilə əlaqə saxladıq. O bildirdi ki, heç bir abunəçi yeni nəsil, GPON texnologiyası əsasında təmin edilən xidmətlərə qoşulmağa məcbur edilmir. Alidə xanımın yazılı mövqeyini olduğu kimi dərc edirik: ““Aztelekom” MMC tərəfindən abunəçilərə “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Network) texnologiyasının tətbiqi ilə bağlı yeni xidmətlə əlaqədar ətraflı məlumat və təkliflər verilir. Belə ki, abunəçilərə məlumat verilərkən yeni xidmətlərə qoşulma və güzəşt şərtləri (aşağıda qeyd edilib) izah olunur. Abunəçilər yeni nəsil, GPON texnologiyası əsasında təmin edilən xidmətlərə qoşulmağa məcbur edilmir və GPON şəbəkəsi üzərindən verilən xidmətə qoşulmaq seçimi etməyən abunəçilərə əvvəlki xidmətlərin göstərilməsi davam etdirilir.

Qeyd edək ki, vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün “Aztelekom” MMC tərəfindən ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır və layihələr həyata keçirilir. Beləliklə, fiber-optik telekommunikasiya şəbəkəsinin tikilməsi, GPON texnologiyası əsasında rabitə infrastrukturunun qurulması, telefonlaşmayan ərazilərin müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunması və mövcud telekommunikasiya şəbəkəsinin yenilənməsi işləri sürətlə davam etdirilir.

Sənədləşmə zamanı GPON texnologiyası üçün abunəçilərə təklif edilən kampaniya və güzəşt şərtləri aşağıdakılardan ibarətdir:

1. 12 aylıq güzəştli şərtlə (telefon+internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 manat çəkiliş haqqından azad edilir, ödənişsiz ONT modemi əldə edir.

2. Standart müqavilə (telefon+internet) – İstifadəçi standart müqavilə bağlayaraq telekommunikasiya xidmətlərinə qoşulduqda çəkiliş üçün 30 manat, ONT modemi üçün endirimlə 50 manat ödəniş edir.

3. Standart müqavilə (telefon) – İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidmətinə qoşulduqda 30 manat çəkiliş haqqı, ONT modemi üçün 110 manat ödəniş edir.

Məlumat üçün bildirək ki, vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı 7/24 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzlərinə – “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən “155” qısa nömrəsinə müraciət etmələri xahiş olunur”.

Lakin şikayətçilər “Aztelekom” mətbuat katibinin bu açıqlamasının həqiqətə uyğun olmadığını iddia edir. Belə ki, onlar “bizi məcbur edirlər, əks halda telefonsuz qalacaqsınız deyirlər”, - deyə şikayətlərinin əsassız olmadığını bildirirlər. Onu da iddia edilər ki, noyabr ayının 24-də şikayətçilərdən birinə 012 323 00 00 telefon nömrəsi ilə zəng vurulub, eyni sözlər deyilib: “Yeni çəkilən internet xəttini tərifləyiblər və qoşulmalarını xahiş ediblər. Şikayətçilər “istəmirik” dedikdə isə, onlara bildirilib ki, 110 manat ödəniş etdikdən sonra telefon xəttiniz açılacaq.  İşləyən telefon xətlərinin qanunsuz kəsildiyi bir yana, bildirirlər ki, ya telefonsuz qalmalısınız, ya da 110 manat ödəməlisiniz”.

Son olaraq onu da qeyd edək ki, redaksiyamıza ilk olaraq şikayət edən 28-ci məhəllə, bina 16, mənzil 1-in sahibi Ağasıyev Loğman Əli oğlu əməkdaşımızla söhbətində artıq probleminin həll olunduğunu bildirib. Onun sözlərinə görə, amma mənzilinə telefon xəttinin necə, kim tərəfindən çəklildiyindən xəbərsizdir. Lakin məlum olan odur ki, telefon xətti ATS tərəfindən bərpa edilib və heç bir ödəniş tələb edilməyib. Hətta ona deyilib ki, “xahiş edirik, heç bir jurnalisti məsələyə qatmayın”.

Redaksiyamıza daxil olan məlumata əsasən, digər sakinlər 110 manat ödəniş etdikdən sonra telefon xətləri bərpa edilib.

Jalə FAMİLQIZI

P.S. Mövzunu diqqətdə saxlayacağıq.



Oxşar Xəbərlər

Xəbər lenti