Xırdalanda inşaat baronunun tikinti rəzaləti

Xırdalanda inşaat baronunun tikinti rəzaləti

 

 

Kapitalizmin feodalizmdən fərqi odur ki, istedadı və bacarığı olan istənilən şəxs ağlının sayəsində özünün və cəmiyyətin inkişafı istiqamətində həm məhəlli, həm də qlobal bir şəkildə ümumi inkişafa, rifaha dəyər verir. Feodalizm isə, lokal siyasətlə öz ambisiyaları çərçivəsində "burda mənəm, Bağdadda kor xəlifə” prinsipinə söykənir. Belə gerizəkalı məntiqi Azərbaycanda yenidən bərpa etmək istəyən bəzi işadamları, görünür, XXI yüzillə XV yüzili qarışıq və dəyişik salıblar. Bunun sadə örnəyini "Real-Ko İnşaat MMC”nin timsalında sübut etmək çox asandır. Hansı ki, Abşeronun Xırdalan qəsəbəsində adıçəkilən şirkətin törətdiyi qanunsuz əməllər bunu isbat edir.

Reallıqdan uzaq "Real-Ko MMC”nin hoqqası

Qeys Əbilov uzun illərdir Azərbaycan nəşriyyat sahəsində ən peşəkar bir mühəndis və müasir standartlara uyğun poliqrafçı kimi tanınır. O, "Lvov Poliqrafiya İnstitutu”nu bitirmiş milli poliqrafçılarımızın siyahısında yer alan nadir mütəxəssislərimizdən biridir. Uzun illərdir yerli nəşriyyat və poliqrafiya sahəsində mütəxəssislərin yetişməsində onun xüsusi əməyi vardır. Q.Əbilov alının təri ilə qazandığı və qəpik-qəpik yığdığı vəsaitlə 2007-ci ildə Abşeron rayonu Xırdalan şəhərinin "Quşçuluq Yaşayış Massivi”ndə özünə məxsus 0.56 ha. ərazisi olan torpaq mülkiyyətində ev tikmişdir. Ailəsinin o qədər də baha olmayan və rahatlığı üçün bu balaca ərazidə yaşamaq onların həyat norması demək idi. Ancaq, 2015-ci ildən etibarən bütün bunlara "Real-Ko İnşaat MMC” tərəfindən onların yaşayışı zülmə çevrilib...

Qeys Əbilov dəfələrlə bu şirkətin rəhbərliyi ilə danışıqlar aparsa da, bütün bunların heç bir nəticəsi olmadı. Çünki, "Real-Ko İnşaat MMC”-də əfəndicəsinə və kübarcasına insanların müraciətlərini dinləyən bir nəfər də olsun yox idi.

Qeyd edək ki, "Real-Ko MMC” Qeys Əbilova məxsus fərdi yaşayış evinin hasarının düz 3.5 metrliyində göydələn tikməyə başlayıb. Halbuki, inşaat şirkəti qanunla icazə aldığı və tikmək istədiyi ərazidə araşdırmalar aparmamış və Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5 və 69.5.1 maddələrindəki normativ qaydalarının (AZ DTN 2.6-1) 4.13-cü bəndi, ölkə prezidentinin 30 avqust 2007-ci ildə 627 saylı fərmanının 5-ci bəndi, Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 78 saylı saylı qərarında qeyd olunduğu "Ara məsafəsi qaydalar”ını nəzərə almadan iş görə bilməz. Lakin bütün bu qərarlar "Real-Ko İnşaat MMC” tərəfindən kobudcasına pozulmuşdur. Bu, o deməkdir ki, adı çəkilən şirkət üçün ölkə qanunları heçə sayılır.

Qeys Əbilov şirkət rəhbərliyi ilə qanunlara əməl etməsi üçün dəfələrlə müzakirələr aparsa da, rəhbərlik öz şəxsi iddialarından geri çəkilmək fikrində olmamışdır. Buna görə də, o məcbur olaraq, Abşeron məhkəməsində mülki qaydada iddia qaldırmışdır. İnsafən Abşeron məhkəməsi 2015-ci il 2 (012)-3290/2015 saylı iş üzrə "Real-Ko İnşaat MMC”nin qanunsuz əməllərinə son qoyması və 01.04.2016-cı il tarixdə 3 (012)-122/2016 saylı iş üzrə 3 (üç) min manat məbləğində cərimə olunması haqqında qərardad qəbul etmişdir. Lakin... Biz Qeys Əbilova məxsus fərdi yaşayış evini və "Real-Ko MMC”nin müşahidə etdikdə əməlli başlı dəhşətə gəldik. Ölkənin poliqrafiya sahəsində tanınmış bir mütəxəssisin və ziyalının özü və ailəsi daim təhdid altındadır. Bunun da tək səbəbi, düz evinin yanında göydələn inşa olunmasıdır. Şirkətin bir ailənin taleyini sual altında qoyması azmış kimi, Abşeron məhkəməsinin qərarına əməl etməməklə rayona heç bir aidiyyatı olmayan Sumqayıt Apellasiya Məhkəməsində özünə sərf edən tərzdə iddia irəli sürmüşdür. Reallıqdan uzaq olan bu şirkətin belə bir qanunsuz əməllərinə isə kimsə dur deyə bilmir. Məhkəmə qanunlarını belə saya almır. Dövlətin qanunlarını öz maraqlarına qurban vermək iddiası sanki şirkətin strateji hədəflərinə çevrilib.

 

Ekspertlərin rəyinə Sumqayıtda necə "tüpürüldü”?

 

Abşeron rayon Məhkəməsində Qeys Əbilovun haqlı iddiasına hakim İlkin Rəcəbov bir hüquqşünas və ədalətli şəxs kimi prosesə hüquqi qiymət verərək, "Real-Ko MMC”nin haqsız olması barəsində qərar çıxarandan sonra, Sumqayıt Apelliasiya Məhkəməsinə qarşılıqlı şəkildə iddia qaldıran şirkət burada da özünü biabır etmişdir. Belə ki, zərərçəkən tərəf qismində Qeys Əbilov "Real-Ko İnşaat MMC”nin qanunsuz əməllərini bir daha ifşa etmək üçün ekspertlərin rəyinin olmasını tələb etmişdir. Apelliasiya Məhkəməsi bunun üçün dövlət ekspertlərinin cəlb edilməsinə etiraz etməmişdir. Buna görə də "Ədliyyə Nazirliyi Dövlət Məhkəmə Ekspertiziası Mərkəzi”nin mütəxəssisləri hər iki tərəfin iddiası əsasında Xırdalan şəhərinin "Quşçuluq Yaşayış Massivi”ndə araşdırmalar aparmışlar. Ekspertlərin yekun rəyində də göstərilir ki, "Real-Ko MMC” tərəfindən inşa olunan 10 mərtəbəli yaşayış binası "Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4 və 69.5.1 bəndlərinin və Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1-in 4.13-cü bəndləri”nin tələblərinin pozduğunu müəyyən etmişdir. 36.5 metr yüksəkliyində inşa edilən binanın ətrafdakı fərdi yaşayış evləri üçün təhlükə mənbəyi olması da ekspetlər tərəfindən vicdanla və qanunla sübut edilmişdir. Bu barədə Ədliyyə Nazirliyi Dövlət Məhkəmə Ekspertiziası Mərkəzinin 06.06.2016-cı il tarixdə 7817 saylı ekspert rəyləri də Sumqayıt Apellasiya Məhkəməsinə təqdim edilmişdir. Qanunda o da göstərilir ki, hər hansı bir bina inşa edilirsə, yüksəkliyinə görə yaxınlıqdakı binadan azından 30-50 metr aralıda tikinti işləri aparıla bilər. Lakin məhkəməyə sədrlik edən hakim A. Abbasov 24 iyul 2016-cı il tarixdə 2 (105)-2129/2016 saylı iş üzrə "Real-Ko İnşaat MMC”nin xeyrinə qərar çıxarmışdır. Hələ bu azmış kimi Sumqayıt Apellyasiya Məhkəməsinin digər hakimi Hüseyn Nəbiyev hər hansı bir hüquqi əsaslandırma olmadan Abşeron rayon Məhkəməsinin "Real-Ko İnşaat MMC”nin 3 (üç) min manat məbləğində cərmə edilməsi haqqında çıxardığı qərarı ləğv etmişdir. Elə bil Sumqayıt Apellyasiya Məhkəməsi dövlət qanunları üçün deyil, "Real-Ko İnşaat MMC”nin müdafiə olunmasına görə fəaliyyət göstərir. Ölkədə bunca vətəndaşlara qarşı rəzalət siyasətinin yürüdülməsi təəssüflər olsun ki, indi də davam edir. Ölkə qanunları, dövlətin rəsmi ekspertlərinin və mütəxəssislərin rəyləri Sumqayıtda beləcə dəfn edilir. Bütün bunlar azmış kimi, qanunsuzluq marafonuna qoşulmuş FHN-nin yanında Tikintiyə Nəzarət Dövlət Agentliyi bir ailənin faciəli bir duruma düşməsinə səbəb olmuşdur. Qeys Əbilov bu quruma kömək üçün müraciət etsə də, nəticədə agentliyin əməkdaşları öz fərdi baxışları əsasında "Real-Ko İnşaat MMC”nin maraqlarını qorumuşlar. Bu şirkətin özbaşınalıqlarının qarşısını almalı olan Tikintiyə Nəzarət Dövlət Agentliyi obyektivlikdən uzaq olan rəylə sanki "Real-Ko İnşaat MMC” üçün "YAŞIL İŞIQ” yandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsində nələrin baş verdiyini, qanunsuz əməllərə necə hüquqi don geyindirildiyini, hətta hökmlər verildiyini görəndə adamı əməlli başlı dəhşət bürüyür. Hansısa inşaat şirkəti milyonlar qazanacaq, bunun qarşılığında isə vətəndaşların və onların ailələrinin həyatı daim təhlükə altında qalacaq. Dövlətə və onun vətəndaşına sədaqətlə xidmət etmək haqqında and içən hakimlərin görəsən vicdanları nə zaman oyanacaq? Ziyalı bir ailənin hüquqlarını pozan bu hakimlər unudurlar ki, ölkə üçün hansı problemləri yaradırlar. Sabah Avropa Məhkəməsi qərar qəbul edəndə onlar bütün bunlara nə cavab verəcəklər?

 

Bütün rəsmi qurumlara müraciət yağmuru

 

Qeys Əbilov onun və ailəsinin hüquqlarının pozulmasını əsaslandıraraq məcbur olub dövlət qurumlarına davamlı şəkildə müraciətlər göndərməkdədir. Ölkə prezidenti İlham Əliyevə, Baş nazır Artur Rəsizadəyə, Milli Məclisin sədri Oqtay Əsədova, Ədliyyə naziri Fikrət Məmmədova, FHN naziri Kamaləddin Heydərova, İqtisadi İnkişaf naziri Şahin Mustafayevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Baş Prokuror Zakir Qaralova, Prezident yanında Apellyasiya Şurasına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərova və digər müvafiq dövlət strukturlarına çoxsaylı müraciətlər və şikayətlər göndərilmişdir. Bu məsələ ilə bağlı Qeys Əbilov rəsmi dövlət qurumlarından ümidini üzməmişdir. Hansısa bir şirkətin ölkə vətəndaş kimi onun hüquqlarının bu qədər kobudcasına pozulmasına etiraz edir. Faktiki olaraq, bütün rəsmi instansiyalardan daxil olan cavablarda Qeys Əbilovun hüquqları tanınsa da, nədənsə "Real-Ko İnşaat MMC”nin qanunsuz əməllərinin qarşısı alınmır. Hətta bir sıra qurumların göndərdiyi cavablarda bəlirsizcəsinə "yaxın gələcəkdə həmin ərazidə fərdi evlərin söküləcəyi” haqqında məlumatlar qeyd olunur. Əgər məsələ bununla bağlıdırsa, o zaman Xırdalan şəhərinin baş planı əhaliyə də çatdırılsın ki, kimsə öz halal torpaq payının üzərində fərdi ev inşa etməsin.  İndi görünən tək məsələ "Real-Ko İnşaat MMC” Xırdalan şəhərində bir mafiya şəbəkəsi kimi davranış qaydalarını nümayiş etidirir. Dövlət qanunlarını da beləcə vecinə almır. Çünki, bu şirkətin inşa etdiyi yaşayış binaları təhlükəsizlik baxımından heç bir standarta uyğun deyil. Qeys Əbilova Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov FNH-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova, Abşeron rayon İcra Hakimiyyətinə və zərərçəkən Qeys Əbilova11 iyun 2015-ci il tarixdə ünvanlandığı 05/08-D-02-698 saylı məktubunda çox haqlı olaraq qeyd edir ki: "Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış Massivi, R. Əliyev küçəsində "Real-Ko İnşaat MMC” tərəfindən 10 mərtəbəli yaşayış binası inşa etdiyini və bunun təhlükəsizlik baxımından yolverilməz olduğunu nəzərə alaraq, qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikintinin aparılması üçün müvafiq göstərişlər verilməlidir”. Abşeron icra hakimiyyəti isə sadəcə quruca sözlə şirkətə təhlükəsizlik qaydalarına əməl edilməsi barəsində göstəriş vermişdir. Halbuki, "Real-Ko İnşaat MMC” şirkəti elə bu gün də maraqları çərçivəsində hərəkət edir. Apardığımız araşdırmalar zamanı bəlli olmuşdur ki, inşaat şirkətləri ən qısa yolla daha çox qazanc əldə etmək üçün, vətəndaşları öz fərdi evlərindən "didərgin” salma taktikası ilə hərəkət edirlər. Bu siyasət bir zamanlar Amerika, Afrika və Asiyada vəhşi kapitalizm ünsürü kimi mövcud olmuşdur. Biz ziyalı ailəsinin başına gətirilən oyunları araşdırdıq. Öz hüquqlarını bilməyən savadsız insanların başına görün bu inşaat baronları nə kimi oyunlar açırlar. "Real-Ko İnşaat MMC” şirkəti Əbilovlar ailəsinin rahatlığını pozmaqla yanaşı, onların daim əsəbi və səksəkə içində yaşamasına səbəb olmuşdur.

Ə. Yusifoğlu,

"Yeni Sözçü"qəzeti

Xırdalanda inşaat baronunun tikinti rəzaləti

 


 



Oxşar Xəbərlər

Xəbər lenti