Bərdədə 10 hektar taxıl sahəsi susuzluqdan məhv olur – Fərdi sahibkar Zaur Mikayılovdan kömək istədi


Bərdədə 10 hektar taxıl batır. Səbəb isə sadədir – Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev 1 aydır 1001 saylı artezian quyusundan götürülən nasosu təmir adı ilə geri qaytarmır.   

Bununla bağlı Musavat.com-a müraciət edən fərdi sahibkar Sərxan Müzəffər oğlu Əsgərov deyib ki, o, qanunsuz və əsassız tələbi yerinə yetirməyib deyə bu şəkildə ziyana salınır: “1 ay əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılova da şikayət yazmışam. Bildirmişəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin kənd təsərrüfatı sahəsinə ayırdığı diqqət və qayğıdan həvəslənərək Bərdə rayonu, Şatırlı kəndi ərazisində 10 hektar toxumluq buğda səpmişəm. Lakin səpdiyim buğda qarğalara yem oldu. Səbəb isə Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayevin əkin sahəsinin suvarılmasını təmin edən 1001 saylı artezian quyusundan nasosu təmir adı ilə 1 ay əvvəl apararaq geri qaytarmamasıdır. Atamoğlan Babayev deyir ki, suya borcunuz var, su nasosunu da ona görə çıxarmışıq. Borcunuzu ödəyin, sonra nasosu qoşaq. Mənimsə heç bir borcum yoxdur.

Bu, yalandır. Sadəcə Atamoğlan Babayevin qanunsuz və əsassız tələbini – pulu nağd şəkildə ona verilməsi tələbini yerinə yetirməmişəm. Pulu elektron şəkildə sistemə yükləyirəm. Bu isə Atamoğlan Babayevi narazı salıb. Atamoğlan Babayevin hərəkətlərinə görə 12 min 500 manat ziyana düşmüşəm, payız suvarması verilmədiyindən səpdiyim buğda qarğalara yem olub. Bundan başqa kənd təsərrüfatı təyinatlı kreditimi də ödəyə bilməyəcəyəm. Ona görə də Zaur Mikayılovdan xahiş edirəm ki, təcili şəkildə müdaxilə etməklə mənə qarşı atılan cinayətə bərabər sabotajın qarşısını alsın. Bir daha xahiş edirəm ki, təcili müdaxilə etməklə qanunsuzluğu aradan qaldırasınız”.

Fərdi sahibkarın üzləşdiyi qanunsuzluqla bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifovla əlaqə saxladıq. Mətbuat katibi bildirdi ki, vətəndaşın şikayəti ilə bağlı araşdırma aparılacaq.

 



Oxşar Xəbərlər

Xəbər lenti