“Qəfil çökmə olsa, bu insanların taleyi necə olacaq?” - FOTO


Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, V massiv Bina 13M həyətində sürüşmə qeydə alınıb. 

Bu barədə “Qafqazinfo”ya həmin binanın sakinləri məlumat verib.

Vətəndaşların sözlərinə görə, hadisədən sonra yaranan çat təhlükəli vəziyyətə gəlib. Həmin yoldan keçən maşınlar səhər saatlarında çuxurlara düşüblər: “Yaranan çökəkliklərdən əlavə olaraq uzunluğu 100 metrdən çox olan bir çat yaranıb ki, bu, 4 bloklu binanın 1-ci blokunun yanından keçir. Çat və çökəkliyə görə artıq ordan avtomobil hərəkəti dayanıb. Sakinləri olaraq binanın sürüşəcəyindən çox narahatıq. Yaranan çalaların altı tunel kimidir, yəni boşluqdur. Bu çatlar artıq 1-ci blokun da bəzi kalonlarında çatlar yaradıb. Binada 322 mənzil var. Qəfil çökmə olsa, bu qədər insanın taleyi necə olacaq? Düzdür, bu problem artıq 2 ildir var, lakin son zamanlar sanki daha da sürətlənib. Həmçinin zəlzələdən sonra daha da artıb. Bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat vermişik. Heç bir tədbir görülməyib, elə baxış keçirib gediblər”. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, qeyd olunan əraziyə nazirliyin mütəxəssisləri tərəfindən baxış keçirilib: “Araşdırma zamanı qeyd edilən binanın yükdaşıyan konstruksiyalarında çat və zədələnmələrə rast gəlinməyib. Hazırda FHN-in Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” institutunun mütəxəssisləri tərəfindən həmin ərazidə geoloji tədqiqat işləri aparılır. Geoloji tədqiqat işləri yekunlaşdıqdan sonra nəticələr baxılmaq üçün aidiyyəti qurumlara göndəriləcək”.



Oxşar Xəbərlər

Xəbər lenti