8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ağcabədi sakini oğlunun qanunsuz olaraq işdən azad edilməsi ilə bağlı ölkə başçısına müraciət etdi
“Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndiylə işdən çıxarılan oğlum 4 ildir işə düzələ bilmir”
Ağcabədi rayonu, N.Nərimanov küçəsi, ev 179-da yaşayan Fətəliyev Səfər Səməd oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Oğlunun qanunsuz olaraq işdən çıxarıldığını bildirən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya!
Oğlum Vüqar 20 ildən artıq Ağcabədi rayon Telekommunikasiya Qovşağında elektrik montyoru işləyib. Yəni işıq generatoruna nəzarət edib.
2020-ci ilin aprel ayında, gecə saat 23 radələrində Vüqar mühafizə otağında olarkən, qovşağın rəis əvəzi Elməddin Mamedov giriş qapısından yox, hasardan keçərək otağa daxil olub. O, növbədə olan digər mühafizəçiləri soruşub. Vüqar da deyib ki, rəis müavini və mühafizə xidmətinin rəisi də burda idi, yəqin yuxarı çıxıblar.
Rəis əvəzi Vüqara deyib ki, mənimlə gəl. Onlar inzibati binanın birinci mərtəbəsinə girəndə görüblər ki, həmin şəxslər kartla “duraka” oynayırlar. “Duraka” əslində stolüstü oyundur. Elməddin Mamedov onları telefonla videoya çəkib. Amma qarşılarında pul olmayıb.
O, səhər həmin videonu, oynayan şəxslərin adları ilə birlikdə, “Aztelekom” MMC-nin sabiq direktoru Suat Paşayevə və Ağcabədi Polis İdarəsinə göndərir. Oğlum kart oynayanlar arasında olmadığı halda, onun da adını yazır.
Polis müstəntiqi qərar çıxarır ki, nə qovşağa, nə də işçilərə ziyan dəymədiyi üçün işə xitam verilsin. “Aztelekom” müstəntiqin qərarından şikayət verir. Yeni müstəntiq videoda olanlara “inzibati xəta maddəsi” tətbiq edib, rayon məhkəməsinə göndərir. Burada Vüqarın günahsız olduğu bildirilir. Hətta rəis əvəzi öz izahatında da bildirir ki, Vüqar orda deyildi. Buna baxmayaraq, Vüqar da Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndiylə işdən çıxarılır.
Biz bu qərarla bağlı Yasamal Rayon Məhkəməsinə şikayət etdik. Məhkəmə 03.09.2020-ci il tarixli qətnamə ilə Vüqarı işinə qaytardı. 26.10.2020-ci ildə qətnamə qüvvəyə mindi. 28.10.2020-ci ildə, yəni qanun qüvvəyə minəndən iki gün sonra “Aztelekom” apellyasiya şikayəti verdi. MMC-nin adından şikayəti Apellyasiya Məhkəməsinin "hakimi" Emin Mehdiyev yazıb, onlara imza etdirəndən sonra işi Yasamal Məhkəməsinə gətirir və öz icraatına yazdırır. Hansı ki, məhkəmə tarixində belə iş olmayıb. Ortada pul olduğu üçün Emin Mehdiyev bu hərəkəti edib.
2021-ci il, mart ayının 16-da Apellyasiya Məhkəməsi işə baxdı və Yasamal Məhkəməsinin qərarını ləğv etdi. Biz Ali Məhkəməyə şikayət verdik. Sən demə, Emindən də savadsız hakimlər varmış. Belə ki, hakim Əhməd Əhmədov prosesi 2021-ci ilin 5 oktyabr tarixinə təyin etdi. Qarşı tərəfin vəkili üzrsüz səbəbdən gəlmədiyi halda, işi başqa vaxta keçirdi. Halbuki, işə baxmalı idi. Lakin “Aztelekom”un nümayəndəsi onun otağına girib-çıxandan sonra, o, fikrin dəyişdi. Beləliklə, biz məhkəmədən çağırış gözlədiyimiz halda, noyabr ayında qətnamə gəldi. Qərarda yazılıb ki, guya çağırış göndərilsə də, məhkəmə prosesində iştirak etməmişik, ona görə də bizim iştirakımız olmadan baxılıb.
Bu qərarla bağlı Ali Məhkəmənin plenumuna şikayət verdik. Plenum hakimi Aqil Abbasovun qanundan belə xəbəri yoxuymuş. O, öncə işi geri qaytardı ki, rüsum ödənilməyib. Mən zəng edib köməkçisinə dedim ki, bu işdə rüsum yoxdur. Ondan sonra bizdən xahiş etdilər ki, sənədləri yenidən verin. Təkrar müraciət etdik. Aqil Abbasov qərar çıxardı. Lakin qərarın nə ayı, nə də günü var. Sadəcə, məktubun yuxarısında Vüqarın və vəkilin adı var, məzmun evə köçürmədir. Budur, Azərbaycan məhkəmələri.
4 ildən artıq vaxt keçib. Həmin maddəni hələ də sistemdən çıxarmayıblar. Oğlum hansı təşkilata işə girmək istəyir, kompüterdə görsənir, işə götürmürlər.
Vüqarın 3 azyaşlı övladı var. Həyat yoldaşı işləmir. Mən 1971-ci ildən ikinci qrup əliləm. 2010-cu ildən yataq xəstəsiyəm. Həyat yoldaşım ağır cərrahiyyə əməliyyatı keçirib, o da yataq xəstəsidir. Məhkəmələrin qanunsuz hərəkətləri barədə dəfələrlə cənab Prezidentə, Birinci vitse-prezidentə, Ədliyyə nazirinə, Məhkəmə Hüquq Şurasına, Milli Məclisə müraciət etmişəm, heç bir cavab almamışam. Hətta Ağcabədinin iki deputatı - Tahir Rzayevə, Aqil Abbasa müraciət etmişəm, maraqlanan olmayıb. Hər iki deputat məni yaxşı tanıyır.
Sizdən xahiş edirəm, müraciətimi dərc edəsiniz. Bəlkə, heç olmasa 4 ildən sonra bu əsassız töhməti Vüqarın üzərindən götürələr”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.