BƏRDƏDƏ ŞOK OLAY – Bazarda satıcı işləyən şəxsi ölümcül döydülər, qulağını kəsdilər, polis şikayətə baxmır… / Fotolar


Elmuraz Mahmudov: “Bərdə polisinə məlumat verdim ki, məni döyən, qulağımı kəsən şəxs Emindir, amma ondan heç izahat da alınmır”

Emin Ağalarov: “İnanın ki, heç bir döyülmə, hədə-qorxu olmayıb, ola da bilməz”

Bərdə rayon sakini Mahmudov Elmuraz Aydın oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə saləhaiyyətli qurumlara müraciət edən şikayətçi iddia edir ki, hazırda özünün və ailəsinin həyatı təhlükədə olsa da, polis işə baxmır:

“Mən, Mahmudov Elmuraz Aydın oğlu, bildirirəm ki, çox çətin vəziyyətə düşmüşəm. Bərdədə “böyük bazar”da malını satıb, ailəsini çətinliklə də olsa dolandıran vətəndaşam. Həmçinin, 1-ci qrup əlil anama da mən baxıram.

Azyaşlı övladım var. Bazarda bir gün “yer haqqı” ilə bağlı ödənişlərdə dəyişiklik olduğunu eşitdim. Deyilən məbləğə gücüm çatmadığından bazar müdiri ilə görüşüb, fikrimi bildirdim. Nəticədə, mənə güzəşt edərək həmin məbləğin tam yarısını verməyimə razı oldu. Yəni bazar müdiri mənə 6 aylıq güzəşt etmişdi, bu müddət ərzində hər ay 70 manat ödəyəcəkdim.

Bir gün işə gələrkən qapıda kimin nə qədər pul verəcəyi haqda kağızın olduğunu gördüm. Orada mənim adımın qarşısında yazılmışdı kı, “Mahmudov Elmuraz Aydın oğluna güzəşt olunub”. Hər zaman bazarda biz satıcılardan pul yığan Ağalarov Emin Cəlil oğlu da orda idi. Ona yaxınlaşıb xahiş etdim ki, mümkündürsə, mənim adımı ordan çıxar, ya da lazımdırsa, məni “ağsaqqalla” (bazarın sahibi – red.) görüşdür.

Emin ağır söyüş söyərək bildirdi ki, sənin adının ordan silinməsinə “ağsaqqal” icazə vermir. Mən dedim ki, bu nə deməkdir, söyüş nəyə lazımdır?! Sonra əlavə etdim ki, məni “ağsaqqal”la görüşdür, onunla söhbət etmək istəyirəm. Bütün bu danışıqlar may ayının 31-də olub.

Biraz sonra dedi ki, “ağsaqqal” səninlə görüşə razılaşıb, hazırlaş gedək. Bazardan 100 metr aralıda taksiyə minddik. Taksi bizi avtovağzalın yanındakı binaların arxasında düşürdü. Maşından düşəndə Eminə dedim ki, bəs hanı “ağsaqqal”? Əli ilə qarşı tərəfi göstərib dedi ki, oradadır.

Mən qabaqda, o isə arxamca gəlirdi.  Emindən 3-4 addım qabaqda idim. Bu vaxt qulağımda güclü ağrı hiss etdim, arxaya dönmək istəyərkən başımın ortasına nə iləsə vurdu, huşumu itirən kimi oldum, yıxıldım. Əlimlə başımı saxlamağa çalışsam da, yerdə dayanmadan təpiklə bədənimin bütün hissələrinə ağır zərbələr endirirdi. Əlində nə var idi, ağac və yaxud dəmir parçası, bu haqda heç bir məlumatım yoxdur…

Mən görüşdə “ağsaqqal”dan xahiş edəcəkdim ki, utanıram, sıxılıram, olarsa o yazı götürülsün. Kaş, Emin deyəndə ki, “ağsaqqal” icazə vermir, o zaman görüşmək istəyimi ləğv edəydim.

“Ağsaqqal” haqqında bazarda heç kəsin məlumatı yoxdur, onu görən də az olub. Hətta bəziləri deyir ki, “ağsaqqal”ın kimliyini bilsəniz, dodağınız ucuqlayar.

Mənə qarşı hərəkətlərdən sonra bildim ki, “ağsaqqal” hər kimdirsə, ancaq işgəncələrlə məşğuldur.

Bərdə rayonunda polislər mənim vəziyyətimi görsələr, izahatımı alsalar da, heç bir tədbir görmədilər. Xəstəxanalarda həkimlər belə, necə qorxudulubsa, heç bir həkim aldığım xəsarətlə bağlı düzgün məlumat yazmır.

Bərdə polisinə məlumat verdim ki, həyatım təhlükədədir, məni döyüb qulağımı kəsən, qabırğalarımı qıran, başıma ağır zərbə endirən Emin adlı şəxsdir. Lakin polis Emindən heç izahat da almır, o, bu günə kimi öz işinin

başındadır, çünki arxasında “ağsaqqal” deyilən adam durur.

Onu da qeyd edim ki, Emin hər gün mənə zəng vurub hədə-qorxu gəlir, ünvanıma ağır sözlər deyir. Bazarda adamları da çoxdur. Bazarda olan söz-söhbəti “ağsaqqal”a, Eminə çatdıran adamlar da var. Hal-hazırda yerim bağlıdır, hansı ki, evimə ordan başqa pul gəlmirdi...

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, mənim işimə Bərdə rayonunda yox, başqa yerdə baxılması üçün tapşırıq verilsin. Ekspertizadan keçmişəm, mənə rəy vermirlər. Polis də deyir ki, rəyi sən nə edirsən, rəy bizdə olmalıdır?!”.

Qeyd edək ki, Mahmudov Elmuraz Aydın oğlunun saytımıza müraciəti ilə bağlı şikayətdə adı çəkilən Ağalarov Emin Cəlil oğlu ilə əlaqə saxladıq. O, barəsində səslənən ittihamların əsassız olduğunu bildirdi: “Əsassız iddiadır. Çox təəssüff edirəm. Məsələ ilə bağlı şikayətçi olan şəxs Bərdə Rayon Polis İdarəsinin rəisi Ənvər müəllimə müraciət edibsə, mümkün deyil ki, onun şikayəti araşdırılmasın.

Mən ümumiyyətlə “ağsaqqal” adı altında bazarda olan və yaxud da işləyən adamı tanımıram.

Əgər kimsə doğru-düzgün danışsa, ilk öncə aidiyyəti quruma müraciət edər. Belə söhbətlər ancaq dövləti - polisi gözdən salmaq üçündür. İnanın ki, heç bir döyülmə, hədə-qorxu olmayıb, ola da bilməz”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti ilə də əlaqə yaratmağa çalışdıq. Lakin telefon zənglərinə cavab ala bilmədik.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti