“Prokurorluq oğlumun ölümünə səbəb olan şəxsi gizlədir” - ŞİKAYƏT


Ağdam sakini Elman Qasımov: “Cinayət işi açılmır, kimlərsə oğlumun ölüm işini bağlamağa çalışır”

Ağdam rayonu, Abdal kənd sakini Qasımov Elman Nuxa oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rəsmi qurmlar oğlunun ölümünə səbəb olan şəxsləri gizlədir:

“Mən, Qasımov Elman Nuxa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, 1993-cü ildə Ağdam rayonu işğal olandan sonra müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşmışıq. Ailəliyəm, 3 övladım var.

Övladımın biri Qasımzadə Elşad Elman oğlu 2022-ci ilin 29 avqust tarixində - doğum günündə dedi ki, uşaqlarla gəzməyə gedirik, şəkil çəkdirib, biraz vaxt keçirib, daha sonra gəlib evdə ad günümü qeyd edəcəyik. Oğlum qonşumuz Anar, Oruc və dostu Valehlə birgə getdilər. Kaş ki, icazə verməsəydim…

Həmin gün saat 4 radələrində qonşumuz Orucun anası gəlib dedi ki, Elşad Kür çayına düşüb. Ona da oğlu zəng vurub deyib. Dərhal özümə məxsuz olan maşınla hadisə yerinə yola düşdüm. Orucun atası da mənimlə getdi. Elşadın hansı ərazidə batdığını soruşanda mənə dedi ki, Kürün üstündən keçən dəmir yol körpüsünün yanında batıb. Ora çatanda digər qonşum Anarı da orada gördüm. Anardan soruşdum ki, Elşad harada batdı? Dedi ki, mən telefonla danışdığıma görə, onun hansı istiqamətdə batdığını görmədim.

Mən çarəsiz vəziyyətdə suyun axar istiqaməti ilə irəllədim və orda suyun içində Elşadın cansız bədənini gördüm. Oğlumu qayığın içinə qoyduq. Və övladımı bəlkə həyata qaytara bilərəm deyə, ağız nahiyəsindən nəfəs verməyə başladım. Qayığın içində olan tanımadığım şəxsə dedim ki, suyun kənarına çək. Qayıqçı bildirdi ki, polislər icazə vermir. Əsəbimdən bildirdim ki, övladım ölüb, necə qoymurlar, çək qırağa uşağı çıxardım qayıqdan?!

Bir neçə dəqiqə sonra hadisə yerindən 300-400 metr aralıda qayığı saxlayıb, uşağı qırağa çıxardıq. Bir sözlə, məsafəni uzatdılar. Əks halda, bəlkə də övladımı həyata qaytarmaq şanşımız olardı.

Uşağı qayıqdan götürüb təcili yardım maşınına qoydular və şəhər mərkəzi xəstəxanasına çatdırdılar. Az sonra xəstəxanadan bildirdilər ki, uşağı artıq həyata qaytarmaq gecdir.

Övladımı müayinə etmək üçün xəstəxananın ərazisində yerləşən Ekspertiza Mərkəzinə apardılar və ordan uşağı götürüb yaşadığım ünvana gətirdik. Axşam çağı olduğuna görə həmin günü dəfn olunmadı. Səhərisi dəfndən qayıdandan sonra mən uşaqla birlikdə olan Valeh adlı şəxsə zəng edərək, hadisənin necə baş verdiyini soruşdum və görüşmək istədiyimi bildirdim.

Bir müddət sonra Valehlə görüşdüm. O bildirdi ki, əlavə 3 nəfərdə var idi, cəmi 7 nəfər idik: “Bizimlə birlikdə olan digər 3 nəfərdən biri, sonradan adını bildiyim Əsədov Bürhan Yavər oğlu parkda gəzən zaman bizə bildirdi ki, Elşadı suya itələyəcəm. Mən ona dedim ki, Elşadı suya itələmə, o, üzə bilmir. Cibində telefonu var, əynində paltarı, o, batıb ölər.  O, məni nalayiq formada təhqir edərək, vuraraq bildirdi ki, bunu ona bildirsən səni də suya atacam.

Oradan təxminən 300-400 metr məsafədə yerləşən dəmir yol körpüsünün yaxınlığına gəldik. Bürhan orada Elşadı itələyərək suyun içinə saldı, sonra Elşad orada batdı”. Bu sözləri mənə oğlum Elşadla gəzməyə gedən Valeh dedi. Mən həmin vaxta qədər oğlumun bədbəxt hadisə naticəsində, yəni uşaqlarla çimərkən batdığını düşünmüşdüm. Lakin Valehin mənə verdiyi məlumatdan sonra aydın oldu ki, hadisə heç də mənim fikirləşdiyim kimi olmayıb. Bu səbəbdən, dərhal Mingəçevir Şəhər Prokurorluğuna gedərək, hadisəni müstəntiq işləyən İsmayıl Məmmədliyə bildirdim. Bundan sonra Valehi prokurorluğa dəvət etdilər. O, mənə dediklərini prokurorluqda da bildirdi. Sonra digər uşaqları da prokurorluğa çağıraraq dindirdilər. Onlar da hadisəni Valehin dediyi kimi  təsdiqləmişdilər.

Lakin prokurorluğun 29 sentyabr 2022-ci il tarixində qərarında bildirildi ki, bu işdə cinayət hadisəsi yoxdur. Qərarla tanış olandan sonra fikir verdim ki, oğlumun ölümünə səbəb olan Bürhan adlı şəxsdən izahat alınmayıb. Heç soruşulmayıb ki, uşağı suya atmısanmı? Atmısansa, hansı səbəbə görə? Heç prokurorluğa da dəvət edilməyib. Məndə şübhələr oyandı ki, niyə, hansı səbəbdən polis, prokurorluq oğlumun ölüm işini bağlayır? 16 yaşlı uşağın ölümünə səbəb olan şəxs niyə dindirilməyib? Sanki prokurorluq Bürhana toxunulmazlıq verib. Cinayət işi açılmır, kimlərsə oğlumun ölüm işini bağlamağa çalışır.

Uşaqlar izahatlarında bildiriblər ki, guya, Elşad öz istəyi ilə, könüllü şəkildə əynini soyunaraq suya girib, daha sonra Bürhan adlı şəxs astaca kürəyindən itələyərək suya salmışdır. Bu zaman isə “gir, çim” sözünü deyib.

Amma diqqətlə fikirləşəndə başa düşmək olur ki, Elşad bir neçə metr uzaqlıqda olubsa, bəs Bürhan onu necə kürəyindən itələyib ki, “gir cim”?! Axı, düzgün gəlmir. Deməli, bunlar da suda olub və qərəzli şəkildə oğlumu batırıblar”.

Şikayətçi deyir ki, Mingəçevir Prokurorluğunun çıxardığı qərardan narazı qalaraq, məhkəməyə müraciət edib: “Mingəçevir Şəhər məhkəməsinə şikayət etdim. Məhkəmə şikayətimiN haqlı olduğunu nəzərə alıb və işin tam, hərtərəfli araşdırılması üçün göstəriş verdi. Yenidən Baş Prokurorluğa müraciət etdim. Baş Prokurorluğun göstərişi ilə iş Mingəçevir Şəhər Prokurorluğundan alınıb, araşdırılması üçün Yevlax Rayon Prokurorluğuna verildi.

Yevlax Rayon Prokurorluğunda aparılan araşdırma zamanı ilkin vaxtlarda işdə cinayət hadisəsini olduğunu müstəntiq Toğrul Məmmədli şəxsən mənə demişdi. Və o, bu hadisəni törədən şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişdi. Sonradan nədənsə müstəntiq bu cinayət hadisəsinə bilərəkdən, ya bilməyərəkdən “bədbəxt hadisə” donu geyindirdi. Nəticədə, cinayət işini rədd etdi.

Əlbəttə, o hadisəni törədən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları və cəzalarını çəkmələri ən azından bir valideyn üçün təsəllidir. Mən inanıram ki, səlahiyyətli qurumlar bu yazını oxuduqdan sonra, bu ədalətsizlik və haqsızlıq sona çatacaqdır.

Onu da qeyd edim ki, cənab Baş prokuror Kamran Əliyevə  ünvanladığım şikayət məktublarımı ona göstərilmir. Ümidvaram ki, sizin sayt vasitəsilə səsimi ona çatdırmış olaram”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti