8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Neft ölkəsində bahalaşan yanacağın qiyməti cibimizə "od" qoymaqla yanaşı, həm də onun keyfiyyətsizliyi hamını "yandırır". Sürücülər Tarif Şurasının öz təbirincə desək, qiymət "dəyişikliyi"ndən sonra ən azı keyfiyyətdə artım gözləyirdisə, indi məlum olur ki, ölkədə bir benzin kataklizmi yaşanır. Yəni yanacağın qiymətini qaldırmaq azmış kimi, keyfiyyətini aşağı salıblar. Anaxeber.info bildirir ki, son günlərdə sosial şəbəkə platformalarında çoxsaylı eyni məzmunlu şikayətlərə rast gəlmək olur. Hər kəs də bahalaşan benzinin keyfiyyətinin daha da aşağı düşməsindən narazılıq edir.
Demək olar, bütün sürücülər narazılıq edir ki, benzinin qiyməti dəyişəndən bu yana keyfiyyətdə ciddi problemlər var. Bəli, Aİ 95 ucuzlaşıb, amma keyfiyyəti də azalıb, hətta, Aİ 92 kimi olub. Aİ 92 isə bahalaşıb, di gəl, yenə də bərbaddır, hətta daha pisdir. Sürücülər qeyd edirlər ki, sərfiyyat xeyli artıb, mühərrik gücə düşür, boğuq səs edir və yanacaq çox sürətlə azalır. Buna kütləvi narazılığa isə heç bir rəsmi izahat verilmir. Əhaliyə aydınlıq gətirilmir ki, niyə benzim bahalaşıbsa, keyfiyyət zay olub?! Axı bu həm də avtomobillərin mühərrikinə, şamlara (sveça), mühərrik kəpənəklərinə (zaslonka) və forsunkaların tez sıradan çıxmasına səbəb olur. Hətta xeyli sayda maşının motoru dağıla bilər. Bunun zəmanətini isə verən yoxdur. O zaman sürücülər Allaha ümid avtomobil idarə edirlər. Halbuki Aİ 95 əvvəlki qiymətdə (litri 2 manat) daha keyfiyyətli idi. Hətta Aİ 92 də köhnə tarifdə indikindən daha ortabab sayılardı. İndi nə baş verib ki, qiymət qalxıb, keyfiyyət yox?Eyni zamanda, sürücülər deyirlər ki, hazırda Bakının bir çox yanacaqdoldurma məntəqələrində (YDM) Aİ 95 benzini vurulmur. YDM əməkdaşları müxtəlif bəhanələr gətirirlər və heç bir səbəb də ağlabatan görünmür. Axı iyulun 15-dən qərar qüvvəyə minibsə, niyə çənlərdə benzin yoxdur və ya qərar işləmir? Bir sözlə, hazırda benzin bazarında bir xaos yaşanır: keyfiyyətsiz yanacaq ucbatından sərfiyyat artıb, mühərrik boğulur, sürücülər daha çox pul xərcləməli olur, üstəlik, maşınların qısa zamanda xarab olması riski yaranıb, həm də əksər YDM-lər Aİ 95 benzini satmaqdan imtina edirlər. Lakin bu şəraitlə bağlı nə SOCAR, nə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti açıqlama verir. Dövlət qurumları sürücülərin həyəcan təbili çalması, yaşanan bu problemlə əlaqədar hər hansı yoxlamalar, monitorinqlər həyata keçirməyiblər və heç bir rəsmi açıqlama yaymayıblar.
Axı rəsmi şəkildə elan olunub ki, Azərbaycanda Avro-5 standartına cavab verən “Aİ-95” markalı avtomobil benzini istehsalına başlanıb.
Budurmu istehsalın nəticəsi və keyfiyyəti? Biz bu benzinə Avro-5 standartı deyiriksə, onda əsl Avro-5 görəsən necə olur? Maraqlıdır, Avropa İttifaqı ölkələri Avro-5 standartının bu "keyfiyyət" olduğunu bilsələr, paxıllıqdan ürəkləri partlayıb ölə bilərlərmi? Çünki başqa bir izahı və məntiqi yoxdur. Bizim avro-5 standartımız görünür ki, analoqsuzdur və Avropada tayı-bərabəri tapılmaz...
AnaXeber.info