“VƏZİYYƏT DAHA DA PİSLƏŞƏCƏK...” – Bakıda tünellərin su ilə dolmasının səbəbləri açıqlandı


“Bu tunellərin necə inşa olunduğunu istintaq araşdırmalıdır, əksəriyyəti böyük korrupsiya layihələridir”

“Yağış günlərlə yağsa, yenə biabırçı vəziyyət yaranacaq, yenə insanlar boğulacaq"

“İllərdir məmurların Bakıya münasibəti dəyişmir. 2000-ci illərin əvvəlində yeni yol ötürücü sistemlər qurulmağa başlayanda Bakı sakinləri bu qazıntı işlərindən böyük əziyyət çəkirdilər".

Hurriyyet.az xəbər verir ki, bunu, nəqliyyat sahəsi üzrə ekspert, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli paytaxtda yağışlardan sonra üzə çıxan problemlərin səbəbləri barədə danışarkən deyib.

Ekspert düşünür ki, bu işlər həm Bakının estetik görünüşünə çox pis təsir edib, həm də şəhərin relyefi nəzərə alınmayıb: "Bakının bəzi yerləri dəniz səviyyəsindən də aşağıdır və tarixən şəhərin bir hissəsinin su altında olduğunu çox eşitmişik. Belə olan halda, şəhərin yol ötürücü sistemlərini qurmaq üçün 15-20 metr dərinlikdə qazıntı aparıb orada tunellər yaratmağa ehtiyac var idimi?! Yox idi".

O vurğulayır ki, tunellər qazılarkən drenaj sistemi qurulmayıb: "Ona görə ki, bu dərinlikdə olan tunellərdə bu sistem qurula bilmir. Qursalar, suyu hara axıdacaqlar? Hər halda, bu dərinlik Xəzərin səviyyəsindən aşağı düşür".

İ.Hüseynlinin sözlərinə görə, Bakıda əhali çox artıb və 2.5 milyon insan üçün nəzərdə tutulan su-kanalizasiya sistemləri ikiqat yüklənib: "Yalnız qazıb, kanalları açıb, suyu Xəzərə buraxmalıdırlar. Ya da o tunelləri tamamilə doldurmalıdırlar. Bu tədbirlər görülməsə, vəziyyət daha da pisləşəcək.

Dünən, oktyabrın 28-də Bakıda cəmi yarım saat yağış yağıb, paytaxtın iqlimi isə belədir ki, yağış günlərlə yağa bilər. Bəs günlərlə yağsa, nə olacaq?! Yenə biabırçı vəziyyət yaranacaq, yenə insanlar boğulacaq".

Ekspert hesab edir ki, tunellərin necə inşa olunduğunu istintaq orqanları araşdırmalıdır: "Hələ 10 il əvvəl yazmışdım ki, Bakı tədricən qəzalara yaxınlaşır, çünki burada korrupsiya, soyğunçuluq var idi. Bu layihələrin əksəriyyəti böyük korrupsiya layihələridir. Ziya Bünyadov prospektində uzun bir tunel tikiblər, qazıntılar getdi, relyef dəyişdi. Amma bu tuneli qazmağa ehtiyac yox idi. Orada estakadalarla, paralel yollarla gözəl infrastruktur yaratmaq olardı. Amma bunu etmədilər, torpağın sayı-hesabı yoxdur axı və burada daha çox pul silmək olur".

“AzPolitika.info”



Oxşar Xəbərlər

Xəbər lenti