Türkiyəni Əfqanistan olmaqdan qoruyan güc -Xəqani Cəfərli yazır

Əfqanistandakı Taliban rejiminin tətbiq etdiyi 119 maddə, 10 fəsil və üç hissədən ibarət yeni “Cinayət Prosessual Məcəllə” şəriəti daha da gücləndirib. Talibanın yeni “Cinayət Prosessual Məcəllə”si bəşəriyyətin ən böyük uğuru olan qanun qarşısında bərabərliyi rəsmən aradan qaldıraraq, cəzanın sosial statusdan asılılığını tətbiq edir. Bundan sonra Əfqanistanda cəmiyyət “alimlər”, “zadəganlar”, orta və aşağı təbəqələrə bölünür. Talibanın “alimlər”i elmdə uğur qazanmış gerçək alimlər deyil, radikal ilahiyyatçılardır.

Talibanın yeni “Cinayət Prosessual Məcəllə”sinin tətbiqindən sonra köləlik rəsmən bərpa olunur. Ağa tərəfindən köləsinə, ər tərəfindən arvadına qarşı cəzaların tətbiq edilməsinə icazə verilir. Ruhanilər və Talibanın elitası üçün toxunulmazlıq qanuniləşib. Hakimlərə və vəzifəli şəxslərə işləri öz istədikləri kimi həll etmək üçün xeyli səlahiyyət verilib. Bir çox cinayətlər dəqiq müəyyən edilməyib. Buna görə də, demək olar ki, istənilən bir hərəkət “günah”, “əxlaqsızlıq” kimi xarakterizə edilə bilər. “Qanun” dini ayrı-seçkiliyi də rəsmiləşdirib. Sünni məzhəbinin əsas təriqqəti olan Hənəfi məktəbinin davamçılarını “əsl müsəlmanlar”, digərləri “kafir” kimi təsvir edir. Qanun Hənəfitəriqqətindən ayrılmağı cinayət hesab edir. Atalar hətta 10 yaşlı uşaqları namaz qılmadıqlarına görə cəzalandıra bilərlər. 

Bütün bunlar gözlənilən idi və son deyil. Üstəlik, başqa ölkələrə siyarət edəcək. Hətta bunun ilk nəticələri də var. Türkiyə prezidentinin baş müşaviri Oktay Saral şəriəti müdafiə edən bir şəxsin SOL Partiyanın “Şəriətə, qaranlığa, faşizmə qarşı dünyəvi, inqilabçı, demokratik cümhuriyyət” şüarına qoparmaq istəyini müdafiə edərək X platformasındakı hesabında belə yazıb: “Bu torpağın ruhunu və bu millətin inancını müdafiə edən vətəndaşımızı ürəkdən təbrik edirəm. Tanrının hökmünü “qaranlıq” adlandırmaq cəsarətinə qarşı təkbaşına belə durmaq, sadiq bir mövqenin və ləyaqətli milli şüurun nümayişidir. İnancımıza hücum etməyə cəsarət edənlərə qarşı susmayan bir səs, bu ölkənin əsl sahiblərinin kim olduğunu bir daha xatırlatdı. Tanrı bizi heç vaxt belə cəsur insanlardan məhrum etməsin.”

Ərdoğanın baş müşaviri Tanrının hökmü kimi isə şəriəti nəzərdə tutur. Türkiyə prezidentinin baş müşaviri bu düşüncəsində tək deyil. Türkiyənin mövcud iqtidarı bütövlükdə bu düşüncənin daşıyıcısıdır. Ərdoğanın bütün iqtisadi qanunlarının əleyhinə olaraq “Nas var” deyərək bank fazilərini şəriətin hökmü olaraq aşağı salması da bu düşüncənin nəticəsi idi. 

Bu gün çoxlarını Türkiyənin hələ də Əfqanistana çevrilməməsi təəccübləndir. Bu mövzuda araşdırma aparan ekspertlər Türkiyənin Əfqanistana çevrilməməsini bir neçə səbəblə əsaslandırlar. Qənaətimcə bu yanaşma doğru deyil. Bu mənada böyük Mustafa Kemal Atatürkün islahatlarının cəmiyyətdə yaratdığı mədəni irsi, Türk ordusunu Türkiyənin əfqanistanlaşmasının qarşısını alan faktorlar olması gerçəkliyi əks erdirmir. Radikal azlığın Əfqanistanda olduğu kimi liberal çoxluğa qalib gəlmək imkanı var. Əks halda bir nəfər radikal dinci bir qrupa qarşı çıxaraq “Şəriətə, qaranlığa, faşizmə qarşı dünyəvi, inqilabçı, demokratik cümhuriyyət” şüarına qoparmağa cəhd edə bilməzdi. Türkiyə ordusu da cəmiyyətin bir hissəsidir. Cəmiyyət nədirsə, ordusu da odur. 

Türkiyənin bu günə qədər Əfqanistana çevrilməməsinin qənaətimcə yeganə səbəbi Qərbdən siyasi, iqtisadi və maliyyə asılılığıdır. Bu asılılıq olmasa Türkiyədə şəriət Əfqanistandan öncə bərqərar olardı. Ancaq bu o demək deyil ki, Türkiyə heç bir zaman Əfqanistana çevrilməyəcək. Şəriət tərəfdarları o qədər güclü, o qədər israrlıdırlar ki, bir gün Qərbdən qopmaq təhlükəsini aşaraq şəriət qurmağa cəhd edəcəklər. Türkiyə hər ötən gün daha da yoxsullaşır və yoxsullaşdqca din güclənir. Bu vəziyyət uzun zaman belə davam edə bilməz. 

Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Mottakinin İstanbulda radikal dinçi İsmailağa cəmmatının iqəmətgahına getdiyi zaman türklərin onun əlini öpmək üçün sıraya durması da Türkiyə cəmiyyətinin istiqamətini aydın göstərir.

Xəqani Cəfərli



Oxşar Xəbərlər

Xəbər lenti