8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu ittihamlar araşdırılacaqmı?
Yanvarın 12-də Ağcabədi rayonunda etirazların başlaması haqqında xəbər yayıldı. Təəssüf ki, həmin xəbərlər də bir qədər tam deyildi. Belə ki, həmin xəbərlərdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində etiraz aksiyasının keçirildiyi öz əksini tapırdı. Ancaq Ağcabədi rayonundakı mənbələrimiz etiraz aksiyalarının Hindarx qəsəbəsindən əvvəl bu qəsəbə ilə qonşu olan Poladlı kəndində başladığını qeyd edirlər. Poladlı kəndindən sonra etiraz aksiyaları Hindarx qəsəbəsində başlayır. Hindarx qəsəbəsindən sonra bu qəsəbə ilə rayon mərkəzi arasında yerləşən Hüsülü kəndində etiraz aksiyası başlayır və bu kəndin sakinləri Ağcabədi-Ağdam yolunu kəsirlər. Bunun ardınca isə Ağcabədi şəhərində məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkünlər etiraz aksiyası keçirlər. Onların bəzisi hətta intihara da cəhd edir. Bir gün ərzində baş verən bu olaylar Ağcabədi rayonunda sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin pis olması, idarəçiliyin yarıtmazlığı haqqında bizim dəfələrlə yazdıqlarımızı təsdiq edir. Ağcabədi rayonunda torpaqların yerli fermerlərin əlindən alınıb oliqarxlara satılması, subsidiyaların və büdcə vəsaitlərinin rayondakı korrupsiya şəbəkəsi tərəfindən mənimsənilməsi haqqında faktlar əsasında gündəmə gətirdiyimiz məsələlər təəssüf ki, ciddi araşdırılmır. Doğrudur, Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə baş İdarəsinin istintaq idarəsində bu korrupsiya faktları ilə bağlı 152026123 saylı cinayət işinin başlanması haqqında rəsmi məlumat var. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin rəisi vəzifələrini icra edən, baş ədliyyə müşaviri Əli Quliyev Ağcabədi rayon, Avşar kənd sakini Elqayıt Heydər oğlu Kərimova göndərdiyi 10.11.2015-ci il tarixli 152026123 saylı məktubda aşağıdakılar yazılıb: "Sizin Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə ünvanladığınız 30.09.2015-ci il tarixli ərizəniz baxılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaq olunan 152026123 saylı cinayət işinə əlavə edilmişdir”. Məktubda o da qeyd edilir ki, "iş üzrə hərtərəfli, tam və obyektiv araşdırılma aparılaraq müvafiq tədbirlər görüləcəkdir”. Lakin həmin məktubun göndərilməsindən artıq üç ay keçir və istinaq işi ilə bağlı hər hansısa bir yeni məlumat yoxdur. Bu isə Ağcabədi rayonunda korrupsiyanın ağırlıqları altında inləyən fermerləri narahat edir. Ağcabədi rayon, Avşar kənd sakini Elqayıt Heydər oğlu Kərimovun başda prezident İlham Əliyev olmaqla Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova və maliyyə naziri Samir Şərifova ünvanladığı ərizədə Ağcabədi rayonunda baş verən korrupsiya faktlarından bir daha söz açır və təcili tədbirlər görülməsini istəyir. Elqayıt Kərimov ərizəsində yazır: "Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixində 120 sahibkarın qarşısında bildirmişdir ki, 2008-ci ildə beş diplomat pul verirdilər ki, Haramı və Ergi torpaqlarını satım, lakin mən onu etmədim”. Sahibkar dövlət rəsmilərindən həmin icra başçısının bəhs etdiyi beş diplomat pulu verənin kimliyinin araşdırılmasını, Ergi düzündəki torpaqları indi onlardan alanın hansısa şirkətə satılması ilə bağlı yüzlərlə sahibkarı, minlərlə insanı narahat edən məsələyə, Kür çayı qırağında Ağcabədi rayonun Sarıcalı kəndinə məxsus üç min hektar qış otlaq sahəsinin yerli sakinlərdən alınaraq təyinatının dəyişdirilərək hansısa oliqarxa satılmasına aydınlıq gətirilməsini istəyir. Elqayıt Kərimov yazır ki, icra başçısı Şahin Məmmədov abadlıq işlərini sahibkarların, idarə və təşkilatların, məktəblərin və xəstəxanaların hesabına gördürərək bu məqsədlə dövlət büdcəsindən ayrılan pulları mənimsəyir. Bununla bağlı faktlar sadalayan Elqayıt Kərimov yazır ki, rayondakı korrupsiyanı ifşa edənlər icra başçısı tərəfindən təqibə məruz qalır.
Qeyd edək ki, Ağcabədi rayonunda icra hakimiyyətinin illərlə bütöv kəndlərin problemini həll etməməsi ilə bağlı məlumatlar var. Məsələn, Poladlı, Taynaq və Sarıcalı kəndləri bu günə kimi təbii qazla təmin edilməyib. Baxmayaraq ki bu üç kəndin dörd bir yanındakı bütün yaşayış məntəqələri təbii qazla təmin edilib, ancaq bu üç kənd hələ də yüz il bundan qabaq olduğu kimi qışda odun peçlərindən istifadə edir. Üstəlik bu kəndlərdən bəzilərinin içməli su ilə təminatında ciddi problemlər var. Rayonun əksər kəndlərinin sakinləri isə pay torpaqlarını suvarmaq üçün su tapa bilmirlər. Bunun əvəzində isə Ağcabədi rayonunun mərkəzini içməli su ilə təmin etməli olan artezian quyusundan çəkilən 16 km çuqun boruların satıldığını yazan Elqayıt Kərimov, Ağcabədi rayonunun Hüsülü, Muğanlı, Təzəkənd, Minaxorlu, Arazbar, Qiyamadınlı, Mirzaxverdili, Kürdlər, Kəhrizli və Şərəfxanlı kəndlərini birləşdirən yolların təmirinə 2014-cü ildə beş milyon manat pul ayrıldığını, lakin Qarqar çayının üzərindən layihədə nəzərdə tutulmasına baxmayaraq körpünün salınmamasını qeyd etmişdir. 2015-ci ildə isə həmin yolların təmiri üçün yenidən 2 milyon yeddi yüz min manat ayrılıb. Baxmayaraq ki, rayonun Avşar, Salmanbəyli, Taynaq, Şənlik kimi onlarla kəndinin yolları çox pis vəziyyətdədir. Bununla bağlı dövlət rəsmilərinin Ağcabədi rayonuna daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edən Elqayıt Kərimov Baş prokurordan Təhsil Şöbəsinin, eləcə də Mədəniyyət və Turizm Şöbəsinin ötən ilin noyabr və dekabr ayları üçün əmək haqlarının ala bilməmələri ilə bağlı faktların araşdırılmasını xahiş edir. Qeyd edək ki, bu məlumatla bağlı Təhsil Nazirinə müraciətlər olsa da, çox maraqlıdır yüzlərlə təhsil işçisinin halal əmək haqqını ala bilməməsinin səbəblərinə aydınlıq gətirilməyib. Bütün bunların müqabilində etiraz edən Poladlı, Hüsülü kəndlərinin, Hindarx qəsəbəsinin sakinlərini qınamaq nə qədər doğru olardı? Əksinə, icra başçısının yaratdığı çoxsaylı problemlər yeni-yeni etiraz aksiyalarını qaçılmaz edir. Dövlət rəsmiləri bu haqda düşünsə, pis olmaz.
"Yeni Sözçü" qəzeti