Azərbaycanda dollar BAHALAŞA BİLƏRMİ?


Vüqar Bayramov: "Manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq"

"ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bənd (0,75%) artıraraq 2,50%-dən 3,25%-ə yüksəldib. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. İnflyasiyanı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görsənir. FED-in qərarı birjalara təsirsiz ötüşməyib. Avro 20 illik minimuma qədər ucuzlaşıb. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır. Funt sterlinq isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, digər səbət valyutalar da dollara nisbətən ucuzlaşmaqdadır: "ABŞ dolları birjalarda son 24 ildə ən yüksək məzənnə ilə alınıb-satılır. FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir. Anti-inflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də Birləşmiş Ştatlar qiymət artımlarını hələ də optimallaşdıra bilməyib. ABŞ-da illik inflyasiya 8.3 faizədək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir. Azərbaycanda da dollar bahalaşa bilərmi? Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir".

CESD sədri əlavə edib ki, bütün bunlarla yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır: "Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}