Dollar bahalaşdı: Bəs, manatı nə gözləyir? - HƏQİQƏTƏN DƏ...

Martın 22-də ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4.75 faizdən 5.0 faizədək artırılması ilə bağlı qərar qəbul edib. Beləliklə, Birləşmiş Ştatlarda uçot stavkası 2007-ci ildən bəri ən yüksək həddədir. FED artım qərarını ABŞ-da inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib.

Belə ki, Birləşmiş Ştatlarda illik 6.0 faiz inflyasiya dərəcəsi qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da bu FED-in hədəflədiyi 2.0 faizlik intervaldan hələ də xeyili uzaqdır.

Bununla yanaşı, FED ardıcıl dərəcə artımları kredit bazarına və eləcə də bank sektoruna neqativ təsir göstərməkdədir. Amma, FED istehlak qiymətləri stabilləşənədək hazırkı siyasətini davam etdirmək niyyətindədir.

Son artımla ABŞ-da borclanma faizini yenidən yüksəldəcəyi gözlənilir və bütövlükdə son 1 ildə Birləşmış Ştatlarda kredit faizlərində kəskin artımlar müşahidə olunur.

Belə ki, son 1 ildə avtomobil kreditləri üzrə faizlər 3.86 faizdən 6.48 faizə, kredit kartları üzrə illik faiz dərəcəsi (APR) 16 faizdən 20 faizə, tələbə kreditləri isə 3.73 faizdən 4.99 faizədək yüksəlib.

Göründüyü kimi, istehlak bazarında stabilliyə nail olmağa hədəfləyən FED-in uçot dərəcəsi ilə bağlı qəbul etdiyi qərarlar əslində ölkənin maliyyə sektoru üçün hiss edilən çətinliklər yaradıb.

ABŞ üçün heç də xarakterik olmayan yüksək faizlər fonundan bank sektorunda da volatillik artır. Bu gələcəkdə sektorda toksit aktivlərin həcminin artmasına gətirib çıxara bilər.

Bəs, dolların bahalaşması Azərbaycan manatına necə təsir edəcək?

Sozcu.info bildirir ki, suala millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o, dolların qlobal bazarlarda möhkəmlənməsinin regional valyutalara ən azı psixoloji təsir edəcəyini deyib:

“Azərbaycan Mərkəzi Bankınn ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə artıq xarici valyuta alıcıların sayı artmaqdadır Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.

Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir”.

Ekspert onu da xatırladıb ki, Azərbaycanda hələ də üzən məzənnə rejiminə keçirilməyib:

“Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti