Bank və sığorta bazarının 2/3-i “Paşa Holdinq”in nəzarətindədir

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin ilk 3 ayında nə qədər mənfəət əldə etdikləri açıqlanıb.
Sozcu.info açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ölkədə fəaliyyət göstərən 25 bankın əldə etdiyi xalis mənfəət 267,9 milyon manat olub və bunun 80,4 milyon manatı dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının payına düşüb.
Digər banklar tərəfindən əldə olunan 187,5 milyon manatlıq mənfəətin 125,8 milyon 915 min manatı və ya 67,1%-i ölkənin aparıcı şirkətlərindən olan "Paşa Holdinq"ə bağlı 2 bankın – “Kapital Bank” və “Paşa Bank”ın payına düşüb.
“Kapital Bank” son 3 ayda 83,5 milyon manat, “Paşa Bank” isə 42,2 milyon manat xalis mənfəət ədə edib.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 265,8 milyon manat olan “Kapital Bank”ın səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.
Nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 57%-i “Paşa Holdinq”ə, 28%-i “Bless” MMC-yə, 10%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir.
Maraqlıdır ki, bu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən ümumilikdə 346 milyon 910 min manat sığorta haqqı yığılıb. Yığılan sığorta haqqının yarıdan çoxunu – 66,5%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb. 
"Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 230 milyon 842 min manat olub.
Qeyd edək ki, “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.

A. Cəfərov



Oxşar Xəbərlər

Xəbər lenti