Azərbaycanda 22, Gürcüstanda 91, Ermənistanda 312 dollar – Qeyri-neft ixracı


Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 222 milyon 49 min dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsi açıqlayıb.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, bu ilin yanvar ayının əvvəlində Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.

Qeyri-neft məhsulları üzrə ixrac göstəricisini (222 milyon 49 min dollar) əhalinin sayına (10 milyon 180,8 min nəfər) böldüyümüz zaman məlum olur ki, Azərbaycanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 21,8 dollar olub.

Maraqlıdır ki, xarici ölkələrə neft-qaz məhsulları ixrac etməyən qonşu Gürcüstan və Ermənistanda adambaşına düşən ixracın həcmi Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.

Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı məlumata görə, bu ili yanvar ayında xaricə 338 milyon 616 min dollar dəyərində məhsul (qeyri neft-qaz) ixrac olunub. Gürcüstan əhalisinin 3 milyon 736,4 min nəfər olduğunu nəzərə alsaq, bu ölkədə adambaşına düşən qeyri-neft məhsulları ixracı yanvar ayında 90,6 dollar olub. Rəqəmlərdən də göründüyü kimi Gürcüstanla müqayisədə Azərbaycanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 4,2 dəfə az olub.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu ölkədə 2 milyon 991 min nəfər yaşayır. Bu ilin yanvar ayında isə Ermənistanda qeyri-neft məhsullarının ixracı 934,1 milyon dollar olub. Bu isə o deməkdir ki, Ermənistanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 312 dollar olub və Azərbaycanla müqayisədə Ermənistanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 14,3 dəfə çox olub.




Oxşar Xəbərlər

Xəbər lenti