8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Deputatdan ciddi korrupsiya ittihamı
Milli Məclisin deputatı Vahid Əhmədov Dövlət Gömrük Komitəsində çox böyük korrupsiyanın olduğuna işarə edərək bu günə kimi ən azı 27 milyard manatın dövlət büdcəsindən yayındırıldığına işarə edib: "Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması nəticəsində büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir”.
Gömrük rəsmiləşdirmələri zamanı gömrük vergilərindən əldə olunan gəlirlərinin önəmli bir hissəsinin dövlət büdcəsindən yayındırılması ittihamı ilk dəfə deyil ki, səslənir. Belə ittihamlar dəfələrlə səslənib. Ancaq ilk dəfədir ki, Milli Məclisin nüfuzlu üzvülərindən biri tərəfindən seçilir. Bu açıqlamanın digər özəlliyi ondan ibarətdir ki, deputat Vahid Əhmədov məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasının gərəkliyinə işarə edib. Ehtimal ki, yaxın günlərdə bu istiqamətdə bir sıra ifşaedici məlumatlar gündəmə gələcək. Ekspertlər isə hesab edir ki, gömrükdə mənimsə deputat Vahid Əhmədovun qeyd etdiyi rəqəmdən dəfələrlə artıqdır. Bəzi ekspertlər müstəqillik əldə olunandan sonra gömrük orqanlarındakı korrupsiyanın miqyasının 100 milyard manatdan çox olduğunu güman edirlər.
Məsələn, iqtisad elmləri doktoru Qubad İbadoğlu araşdırmalarının birində Dövlət Gömrük Komitəsinin və 10 tərəfdaş ölkənin 2015-ci il üçün rəsmi məlumatları əsasında apardığı müqayisə zamanı qeydiyyata düşməyən dövriyyənin 2 milyard 30 milyon dollardan çox olduğunu üzə çıxarmışdı. Əgər hər il təxminən 2 milyard dollar mənimsənilibsə, deməli indiki məzənnə ilə ən azı 100 milyard manatlıq korrupsiya baş verib.
Gömrükdəki korrupsiya mexanizminin necə işlədiyi haqqında danışan məlumatlı şəxs bildirir ki, bu bir qayda olaraq idxal edilən mallar invoys qiymətlərinin azaldılması yolu ilə baş verib. Məsələn, bir dəfə bu istiqamətdə aparılan araşdırma zamanı 10 gün ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1 mln. 438 min 404 dollar (2 mln. 488 min 440 manat) təşkil etmişdi ki, bu əməliyyat nəticəsində dövlət büdcəsi 895 min manatdan artıq daxil olmalardan məhrum olmuşdu.
Məlumatlı şəxs bildirir ki, bu sahədə "ixtisaslaşmış” şirkətlər mövcud olub. Məsələn, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfərov qardaşları küçəsi ev 59-da olan, Rövşən Əlibala oğlu Zeynalovun direktor olduğu "Rakurs” Məhdud Məsuliyyətli Cəmiyyətinin belə şirkətlərdən olduğu iddia olunur. Bu şirkətin gömrük orqanlarına təqdim etdiyi invoysla orjinal invoys arasında fərqlər olmuşdur ki, bunun nəticəsində dövlət büdcəsi ciddi itgilərə məruz qalmışdır.
Başqa bir şirkət isə yenə hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə, ev 5-də olan, Əziz Aslan oğlu Axundovun direktor olduğu "Avrosof” MMC-i bir neçə dəfə belə əməliyyatlar keçirib və bu əməliyyatlar dövlət büdcəsinə çatmalı olan külli miqdarda vəsaitin ayrı-ayrı şəxslərin ciblərinə axmasına səbəb olub. Məlumatlı şəxs bildirir ki, həmin Əziz Aslan oğlu Axundovun "Avrosof” MMC-dən başqa "Akustika-M” MMC-I adlı bir şirkətinin adı invoysların dəyərinin azaldılması məsələsində keçir. Bir şəxsin iki şirkətinin eyni fəaliyyətlə məşğul olması isə artıq bu sahədə məqsədyönlü fəaliyyətdən xəbər verir.
Məlumatlı mənbə bildirir ki, belə əməliyyatlar Dövlət Gömrük Komitəsinin və ya Bakı Baş Gömrük İdarəsinin rəisinin himayəsi olmadan baş verə bilməzdi. Buna görə uzun illər ərzində büdcədən yayındırlmış milyardlarla manatın dövlət büdcəsinə daxil olmasını bərpa etmək üçün Dövlət Gömrük Komitəsinin sabiq sədrləri Aydın Əliyev və Kəmaləddin Heydərovun, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisləri Vüsal Novruzov və Etbar Mirzəyevin istintaqa cəlb olunması təmin edilməlidir. Eyni zamanda invoysların dəyərinin azaldılması ilə məşğul olan şirkətlərin rəhbərləri də istintaqa cəlb olunmalıdırlar ki, onların fəaliyyətinin kimlər tərəfindən himayə olunduğuna aydınlıq gətirmək mümkün olsun.
Bu mövzuda araşdırmalarımızı davam etdirməyə çalışacağıq. Eyni zamanda deputat Vahid Əhmədovun açıqladığı dəhşətli korrupsiya faktı ilə bağlı rəsmi qurumların hərəkət və ya hərəkətsizliyini də izləməyə çalışacağıq.
Ümid edirik ki, Dövlət Gömrük Komitəsinin sabiq sədrləri Aydın Əliyev və Kəmaləddin Heydərov, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisləri Vüsal Novruzov və Etbar Mirzəyev bu araşdırmalarımızın obyektivliyinin təmin olunması üçün gündəmə bomba kimi düşən 27 milyard manatlıq korrupsiya ittihamına aydınlıq gətirməkdən çəkinməyəcəklər. Eyni zamanda , Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovun "Nəcəf Nəsirli qalmaqalı”nda olduğu kimi mövqe bildirməkdən çəkinməyəcək. Əks halda bu deputat Vahid Əhmədovun ittihamının gerçək olduğu, sabiq gömrük rəisinin bu sərt ittiham qarşısında deyiləcək sözü olmadığı anlamına gələcək.
A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti