8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İran teokratik rejimi daxili və xarici təzyiqlər altında 43 illik iqtidardan sonra çökməyə başlayıb. Hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən öldürülən 22 yaşlı Məhsə Əmininin qətlinə etiraz olaraq başlayan aksiyalar iki aydan artıqdır İranın teokratik rejimini sirkələməkdədir. Üç il öncə benzinin qiymətinin qalxmasına başlayan etirazların üçüncü il dönümü münasibəti rejim əleyhinə etirazlar daha güclənib. Bütün İranı bürüyən etirazlar teokratik rejimi geri addım atmağa vadar edir. İranı geri addım atmağa vadar edən digər məqam Rusiyanın Ukraynaya qarşı İran dronlarından istifadə etməsilə bağlı Kiyevin ittihamlarıdır. Rusiyanın İran dronlarından istifadə etməsi ilə bağlı ilk xəbərlər sentyabrın əvvəllərində yayılmağa başladı. Moskva və Tehran bu məlumatları ilk vaxtlar qətiyyətlə təkzib edirdilər. Lakin Ukrayna və İsrailin Rusiya ordusunun Ukraynaya qarşı İran dronlarından istifadə etdiyi sübut edən dəlilləri təqdim etməsindən sonra Tehran rejimi sürətlə geri addım atdı.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mövqeyini dəyişərək Tehranın Moskvaya dronlar verdiyini etiraf etdi. Lakin iranlı nazir Abdullahiyan bildirdi ki, ölkəsi Rusiyaya Ukraynaya müharibədən öncə, məhdud miqdarda dron verib. Xarici işlər nazirinin etirafının yarımçıq olması isə Ukrayanı yenidən qəzəbləndirdi. Ukrayna prezidenti Volodimir Zelenski İranı yalan danışmaqda ittiham etdi.
Teokratik rejim İran ətrafında həlqənin daraldığını anladı. Buna görə də dron məsələsində geri addım atdığı kimi daxildə də geri çəkilməyə başlayıb. Məlumatlara görə, artıq İranın küçələrində “əxlaq polisi” görünmür. Rejim əxlaq polisini geri çəkib. Artıq qadınların çadradan, hicabdan imtina etməsi cəzaya səbəb olmur. Qeyri-rəsmi məlumatlara görə, İran rejimi geyim qadağalarını yumşaltmaq niyyətindədir. Lakin rejimin bəzi təmsilçiləri etirazları zor gücünə yatırmaq və qadağaları qüvvədə saxlamaqda israr edirlər. Ancaq onların istəklərinə nail olmaları mümkün deyil. Çünki ABŞ prezidenti Co Bayden Kaliforniyada seçicilər qarşısında çıxış edərkən tezliklə İranı azad edəcəkləri barədə vədd etdi. Bu isə o deməkdir ki, ABŞ İran rejiminə təzyiqləri artıracaq. Hətta ABŞ-ın İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün görmək istədiyi tədbirlərə qarşı uzun müddətdən bəri mövcud olan qadağanı ləğv etdiyi də iddia olunur.
İsraildə son parlament seçkilərindən sonra Benyamin Netanyahunun yenidən baş nazir olmaq şansı yüksəlib. Benyamin Netanyahu isə İranın nüvə proqramının qarşısını almaqda qərarlı olan siyasətçidir. İsraildə yeni hökumət formalaşandan sonra İrana qarşı təzyiqlərin artacağı şübhəsizdir. Belə bir vəziyyətdə teokartik rejim parçalanmağa başlayır. İranın nüfuzlu din xadimlərdən olan Məsih Mohacerinin hökuməti Rusiyaya dron verilməsində günahlandırması da teokratik rejimin parçalanması kimi dəyərləndirilir. Aydın görünür ki, iki aydan artıq müddət ərzində davam edən, səngimək bilməyən etirazlar və Rusiyanın Ukraynaya qarşı İran dronlarından istifadə etməsindən sonra yaranan gərgin beynəlxalq münasibətlər Tehranın rəsmi dairələrində fikir ayrılığı yaradıb.
İranda rejimi qurban verib, ölkəninin bütövlüyünü qorumaq istəyənlərin mövqeləri güclənir. Lakin əksər ekspertlər hesab edir ki, teokratik rejimi qorumaq mümkün olmadığı kimi, İranın indiki dövlət quruluşunu qorumaq da mümkün olmayacaq. İranda mərkəzdən qaçma o qədər güclənib ki, artıq ölkənin Tehrandan idarə edilməsi mümkün deyil. Qərblə münasibətlərdəki gərginliyi azaltmaqla və ölkə daxilində bir sıra liberal islahatlarla İranın bütövlüyünü qorumaq mümkün olamyacaq. İran ya parçalanacaq, ya da federal dövlətə çevrləcək. Azərbaycan İranda baş verən prosesləri diqqətlə izləməli, baş verəəck hadisələrə də hazır olamalıdır. Çünki İranın parçalanması çoxsaylı problemlərin, xüsusilə də Güney Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyi ilə bağlı qayğılar yaradacaq. Prezident İlham Əliyev Azərbaycandan kənarda yaşayan soydaşlarımızın təhlüksizliyini təmin etməkdə qərarlı olduğunu bir neçə dəfə bəyan edib. İndi bu bəyanatların icrasına hazır olmaq zamanıdır.
Arzuman Loğmanoğlu,
Sozcu.info