Ukraynaya verilən uzaqmənzilli raketlər: Rusiya şəhərləri təhlükədədir?


“Ukrayna müharibəsi başlayandan mərhələli şəkildə savaşın gedişinə uyğun olaraq, Kiyev müəyyən qədər silahlarla təmin edilib”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində Kiyevə uzaqmənzilli raketlərin verilməsi məsələsinə münasibət bildirərkən deyib. 

Müsahibimiz bildirib ki, hazırda Ukraynaya ağır silahların verilməsi məsələsi gündəmdədir və bu silahlar artıq verilməyə başlayıb:

“Burada tanklar, piyadalarım döyüş maşınları (PDM) və ortamənzilli - 150-300 km-lik məsafədə hədəfləri vuran raketlərdən söhbət gedir.

ABŞ prezidenti Co Bayden Kiyevə səfər edəndə bildirdi ki, ABŞ və müttəfiqləri Ukraynaya 700-ə qədər tank verməyi planlaşdırır. Bunlar ABŞ-ın “Abrams”, Almaniyanın “Leopard-2” və Böyük Britaniyanın “Challanger” tankları olacaq. Hazırkı mərhələdə Ukrayna üçün vacib hesab edilən 300 km-ə yaxın məsafədə hədəfi vuran raketlərin verilməsi məsələsidir ki, bununla da bağlı son mərhələyə gəlinib”. 

Politoloqun qənaətinə görə, Ukrayna öz üzərinə belə bir öhdəliyi də götürüb ki, bu raketlərlə Rusiyanın ərazisi və onun şəhərləri vurulmayacaq:

“2 gün öncə Ukraynanın xarici işlər nazir Dmitro Kuleba bir daha bu fikri təsdiqlədi. Əlbəttə ki, bunlar bəyanatlardır və savaşın gedişində çox şeylər dəyişə bilər. Bu, daha çox ondan asılı olacaq ki, əgər Rusiya ənənəvi qaydada Ukraynanın dinc əhalisinin yaşadığı şəhərləri, obyektləri, infrastrukturu hədəfə alacaqsa, Ukrayna da əlindəki imkanlardan istifadə edib ona cavab verə bilər”. 

Analitik düşünür ki, hazırda bu tipli raketlər Ukraynaya, ilk növbədə, öz ərazisində olan Rusiya qoşunlarına dəqiq zərbələr endirmək üçün vacibdir:

“O baxımdan, bu raketlər, xüsusilə də Krım körpüsü ilə bağlı məsələlərə ciddi təsir edə bilər. Əgər bu məsafələrdəki hədəfləri vuran raketlər Ukraynaya verilərsə, onda Kiyev rahat şəkildə Krım körpüsünü vura bilər ki, bu da Rusiyanın Krımda olan hərbi hissələrinin faktiki olaraq təminatının tam şəkildə kəsilməsinə və mühasirəyə düşməsinə gətirib çıxara bilər”.




Oxşar Xəbərlər

Xəbər lenti