8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Erməni rəhbəri İran səfərinə peşman edildi - İrəvan üçün 3 neqativ sonuc; erməni KİV-i: "Danışıqlardan imtina sülh prosesinin iflası və müharibə deməkdir...”
Ermənistanın baş naziri Nikol Paşinyan hay-küylü İran səfərindən qayıdar-qayıtmaz, naqolay vəziyyətlə üzləşdi. Vəziyyətin birinci mühüm həssaslığı odur ki, erməni icması ilə Tehranda, "Qarabağ Ermənistana məxsusdur və son!” təxribatçı plakatının qaldırıldığı görüşdə N.Paşinyan bir sıra özündən razı bəyanatlar versə də, separatçı rejimi birbaşa danışıqlara qoşmaqla bağlı şərt irəli sürsə də və hətta savaşa əl atacağı təqdirdə Azərbaycanı "dünya erməniliyinin birliyi” ilə hədələsə də, bunların heç biri gözlənilən effekti yaratmadı. Əksinə, əks-effekt verdi.
*****
Əvvəla, Güney Azərbaycanda Paşinyanın İran səfəri və orada verdiyi avantürist açıqlamalar dərhal sərt reaksiya doğurdu, Güneyin aydınlarını, milli-mədəni fəallarını hərəkətə gətirdi. O sırada izdihamlı "Qarabağ Azərbaycanındır və son!” şüarları səsləndi və Tehran rəsmiləri bütün bunları ciddiyə almalı oldular. Maraqlıdır ki, məhz həmin etirazlar fonunda Ermənistanın işğal elədiyi ərazilərin İranla (Güney Azərbaycanla) sərhəd hissəsini möhkəmlətməyə başlaması barədə xəbər yayıldı.
Beləcə, Paşinyanın Tehran səfəri əslində Dağlıq Qarabağ məsələsini bir daha güneylilərin yadına saldı. İrəvanda, üstəlik, haqlı olaraq ehtiyat etməyə başladılar ki, əgər müharibə qızışsa, bu dəfə Güneyin Quzey Azərbaycana dəstəyi qat-qat güclü olacaq.
N.Paşinyanı səfərdən sonra pərt edən ikinci mühüm məqam kimi Azərbaycanın xaric işlər naziri Elmar Məmmədyarovun Paşinyandan az sonra Tehrana daha uğurlu səfər eləməsi sayıla bilər. Belə ki, Azərbaycan XİN rəhbəri ilə görüşdə nə qədər qəribə də olsa, həm İran prezidenti Həsən Ruhani, həm İranın xarici siyasət idarəsinin başçısı Məhəmməd Zərif, həm də İran parlamentinin spikeri Əli Laricani açıq mətnlə bəyan etdilər ki, Dağlıq Qarabağ konflikti Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapmalıdır. Bununla da Paşinyanın ilk rəsmi İran səfərinin nəticəsi, faktiki, sıfırlandı.
Erməni baş nazirinin səfər sonrası üçüncü uğursuzluğu onun Dağlıq Qarabağdakı kriminal rejimi danışıqların üçüncü müstəqil tərəfi kimi Azərbaycana sırımaq istəyinin tam fiasko olması oldu. Ötən həftə Azərbaycanda səfərdə olan ATƏT sədri Bakının bu mövqeyini müdafiə elədi. Ardınca Avropa Birliyinin (AB) yüksək çinli rəsmiləri Brüsseldə baş nazir Nikol Paşinyanla görüşləri zamanı onu pərt edərək, İrəvanın təklifini rədd elədilər və Paşinyana heç bir ön şərt qoymadan prezident İlham Əliyevlə görüşməyə çağırdılar.
Nəhayət, ATƏT sədri və AB yetkililərinin ardınca keçən həftəsonu ATƏT-in Minsk Qrupu həmsədrləri də elan etdilər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatı dəyişdirilə bilməz, birbaşa danışıqlar Azərbaycan və Ermənistan arasında davam etməlidir. Həmsədrlərin açıqlaması həm də onu göstərir ki, danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Vasitəçilər danışıqların təməli kimi Helsinki Yekun Aktına istinad ediblər. Helsinki Yekun Aktına görə isə xalqların öz müqəddəratını təyin etməsi ərazi bütövlüyünə zidd ola bilməz.
"Minsk Qrupu həmsədrlərinin bu bəyanatı Nikol Paşinyan üçün dalan vəziyyəti yaradır”. "Yeni Müsavat” xəbər verir ki, bunu 1 in.am erməni portalındakı şərhində Qarnik Gevorkyan yazıb. "Paşinyan danışıqlar prosesinin davam etməsi üçün olduqca yuxarı planka müəyyən eləmişdi - ”arsax"ın (Dağlıq Qarabağın - "YM”) birbaşa danışıqlarda iştirakı. Faktiki, bununla o, sonrakı danışıqlarda iştirakını şərtləndirmişdi. İndi isə həmsədrlər mahiyyət etibarilə Nikol Paşinyanın bu yanaşmasını rədd ediblər. Odur ki, sual ortaya çıxır: Ermənistanın baş naziri özünün irəli sürdüyü şərtlər təmin olunmadan danışıqlar prosesində iştirak edəcəkmi? Belə şərtlərdən imtina etməklə danışıqlara qatılmaq qoyulan hədəfdən imtina demək olacaq. Danışıqlardan imtina isə sülh prosesinin iflasıdır - buradan çıxan bütün xoşagəlməz nəticələrlə birgə", - deyə müəllif qeyd edib.
"Xoşagəlməz nəticə” isə ilk növbədə Ermənistanın səbəbkar olduğu müharibənin qızışması anlamına gəlir. Demək, N.Paşinyan faktiki surətdə, özünü tələyə salıb...
Rusiyanın satelliti olan Ermənistanın və onun siyasi rəhbərliyinin bu arada Qərbə, NATO-ya boylanmaları, Moskvanı qıcıqlandıran ikili oyunları davam edir. Bu da növbəti fakt: Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan dünən bildirib ki, NATO Ermənistanın mühüm tərəfdaşı olaraq qalır. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq bir çox sahələr üzrə effektiv şəkildə davam edir.
"Bizim bir neçə istiqamətimiz var ki, o istiqamətlər üzrə Alyans bizə mütəxəssis tövsiyələri verir. Biz həmçinin NATO ilə sülhməramlı missiyalar çərçivəsində əməkdaşlığı davam etdirəcəyik. Bu missiyalar Alyans üzvü olan ölkələrin silahlı qüvvələri ilə əməkdaşlıq imkanlarının səviyyəsini qaldıracaq”, - deyə o, əlavə edib.
Az öncə Ermənistanın xarici işlər nazirinin müavini Qriqor Hovanisyan İsraildə Ermənistan səfirliyinin açılması üçün hazırlıqlara start vermək istədiklərini söyləmişdi.
Aydındır ki, əsas hədəf İsraildən silah-sursat almaq olmasa da (buna Ermənistanın imkanı yoxdur və heç Rusiya da qoymaz) heç olmasa, dinamik inkişafda olan Azərbaycan-İsrail strateji əməkdaşlığına xələl gətirməkdir. Amma xam xəyaldır. Həm də o səbəbə ki, İsrailin özü buna imkan verməz. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan yəhudi dövləti üçün çox böyük dəyərdədir. Söhbət təkcə silah ticarətindən getmir.../musavat.com/