8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
May ayının 8-də Fransada faşizm üzərində qələbənin qeyd olunması çox sadə keçdi. Bu dəfə Yelisey çöllərində elə də çox adam yoxdu. Amma 9 mayda Moskvada qələbə bayramı Parisdəkindən tamamilə fərqli idi və həm də böyük təmtəraqla keçdi.
Rusiyada nasist Almaniyası üzərində qələbə ölkənin 20-ci əsrdəki böyük tarixi anını təcəssüm etdirir. Amma bunu hədsiz təntənə ilə qeyd etməyə dəyməz. Keçmişlə bu səviyyədə qürrələnmək, ölkənin indiki vəziyyətiylə onun gələcəyinin anlaşılması üçün əngəl yarada bilər. Çünki bu hansısa anda ölkənin real güclü tərəflərini obyektiv dəyərləndirməyə mane olur.
Əslində isə Rusiyanın özünün dunyadakı rolunu necə görməsiylə onun həqiqi imkanları arasında ziddiyyət çox böyükdür. Hətta Vladimir Putinin mübahisə doğurmayan taktiki gedişləri rusiyalılarda sevincli, lakin təhlükəli sayılacaq təəssürat yaradır. Onlar düşünürlər ki, Rusiya doğrudan da qüdrətlidir. Özünə təlqinin də müəyyən bir sərhəddi olmalıdır.
Diqqətlə baxsaq görərik ki, bugünkü Rusiya demək olar dünyanın hər yerindədir. Rusiya heç də Barak Obamanın söylədiyi kimi regional dövlət deyil. Bu dövlət Nikolas Maduro və Bəşər Əsəd rejimlərini dəstəkləməklə, başqalarını öz səsinin Venesueladan tutmuş Suriyaya qədər eşidilməsini məcbur edir. Hələ biz Amerikanın ciddi təzyiqinə məruz qalmış İrana Rusiyanın verdiyi dəstəyi də unutmayaq.
Lakin indi məhz Rusiyanın elə Avropaya "müdaxiləsi” daha çox hiss olunur və narahatlıq doğurur. Moskva nə istəyir? Qorxu saçmaqla beynəlxalq status əldə edilmək istənilir? Yəni "siz məndən qorxursunuz, ona görə də mən mövcudam” şüarı irəliyə sürülür. Rusiyanın ambisiyası ideoloji xarakter daşıyır, yoxsa strateji xarakter daşıyır?
Bu cür hərəkətlərlə Rusiya nə demək istəyir? Əgər Rusiya təhlükə hissi yaratmasaydı,onun bu davranışlarına kinayə ilə yanaşmaq olardı. Bəlkə Moskva Çinin yürüdüyü yolla getmək istəyir? Ola bilər ki, Rusiya Pekinlə birgə addımlayaraq avtoritar rejimlərin Qərbin demokratik illüziyasından üstün olmasını sübut etmək niyyətindədir?
Əgər bu belədirsə, onda Rusiya nəinki öz rejimini təqdir edir, həm də alman tarixçisi Karl Vittfoqelin Rusiya hakimiyyətinin əsl despotik məğzini ifadə edən tezisi ilə desək, onun coğrafiyasını seçir.
Çinin yüksəlməsi və Amerikanın qismən geriyə çəkilməsi fonundakı geosiyasi planda Avropa və Rusiya təbii olaraq yaxınlaşmalıdılar. Rusiya üçün təhlükə şərqdən gəlir. Moskvanın əsas işi Qərb demokratiyasını destabilizasiya etmək deyil, Çin ilə öz arasında balans yaratmaq olmalıdır.
Çinə qarşı dayanmaqdan ötrü Avropa və ABŞ Rusiyaya lazımdır. Dünyada Çin ilə ən uzun sərhəddi olan ölkə məhz Rusiyadır. Populizmə yol verməklə Avropanı zəiflətmək və bölmək arzusuyla Rusiya böyük səhvə yol verir. Moskvanın indiki siyasəti özünə deyil, Pekinə əl verir. Ona görə də, Avropa və Rusiya arasındakı yaxınlaşma vacibdir. Bu, Avropa üçün öz dəyərlərinə xəyanət məsələsi sayılmamalıdır. Heç kim Amerikanı Rusiyaya dəyişmir. Rusiya başa düşməlidir ki, o "ayaqlarını suya salmadan balıq tuta bilməz”.
Soyuq müharibənin qurtarmasından sonra Avropa artıq bir neçə dəfə Moskvaya qarşı addım atmağa cəhd göstərib. Moskva ilə dialoq aparmaq mütləq lazımdır. Şərqi Avropadan tutmuş Yaxın Şərqədək, müzakirə olunacaq ümumi mövzular çoxdur. Lakin burada tərəflər bir-birlərinə qarşı yaxşı davranış nümayiş etdirməlidirlər. Görəsən Putin özünün uzunmüddətli maraqlarının harada yerləşdiyini anlayırmı? ("Les Echos”-Fransa)
Rusiya prezidentinin xarici siyasəti onun oliqarxik sisteminin xarakterindən irəli gəlir. Başlıca məqsəd əldəki kapitalın təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan Çin indiki Rusiya üçün əlverişli tərəfdaş sayıla bilər. Çünki ABŞ və Avropadan fərqli olaraq, Çinin Rusiyadan iki tərəf arasında ticarətin genişləndirilməsindən başqa heç bir tələb və istəyi yoxdur. Bildiyimiz kimi, bu yöndə onlar hələlik yaxşı anlaşırlar. Çin Rusiyadakı həm iqtisadi və həm də demoqrafik vəziyyəti yaxşı bildiyi üçün Moskvanın xətrinə dəyəcək addımlar atmır. Pekin fikirləşir ki, belə idarəetmə üsulu və iqtisadiyyatla yaxın qonşusu olan Rusiya yavaş-yavaş əriyəcək və gəlib onun ağuşuna düşəcək. Çinin siyasi doktrinası irəliyə hesablandığından, onlar tələsmədən hərəkət edirlər.
Amma məsələ ondadır ki, Rusiyanın qərb qonşusu Avropa Moskvaya deyir ki, bizim dəyərlərə hörmətlə yanaş, bu isə Rusiyadakı mövcud sistemə sərf etmir.
O ki qaldı qələbə bayramına, 1945-1947-ci illərdə 9 may iş günü deyildi və həmin gün bayram edilirdi. Ancaq necə oldusa, artıq 1948-ci ildə 9 may günü adi iş gününə çevrildi.Deyilənə görə, o vaxt marşal Konstantin Jukovun xalq içərisindəki populyarlığı Stalini narahat etdiyindən o, 9 mayın sakitcə keçirilməsinə qərar vermişdi. Amma 9 may qələbə gününün daha təntənəli şəkildə qeyd olunması və yenidən iş günü olması 1965-ci ildən başlayıb. Kommunist partiyasının rəhbəri Leonid Brejnevin təşəbbüsü ilə sovet xalqının alman faşizmi üzərində qələbəsi əvvəlki illərlə müqayisədə daha böyük coşqu ilə qeyd edilirdi. Sovet xalqının rəşadətini, yenilməzliyini və birliyinin tərənnüm edilməsi məqsədiylə Volqaqrad başda olmaqla, bir çox şəhərlərdə monumental heykəltaraşlıq əsərlərinin yaradılması, qələbəyə həsr edilmiş epik filmlərin çəkilməsi, vətənpərvərlik mahnılarının bəstələnməsi elə məhz Brejnev dövründən başladı. 1967-ci ildə Kreml divarları yanında əbədi məşəlin alovlandığı "naməlum əsgər” memorial xatirə abidəsi ucaldıldı. Təbii ki, buradakı əsas məqəsəd vətənpərvərlik duyğuları altında xalqın partiyaya və sovet hökumətinə olan inamını möhkəmləndirmək idi və buna da nail olunurdu.
Amma indi Putin də istəyir ki, həmin yolla getsin. Buradakı xalq inamının vektoru isə Putinə doğru yönəldilir./azpolitika.info/