Azərbaycan Prezidentinin köməkçisi : “Aİ ilə yeni sazişin 90 faiz hissəsi razılaşdırılıb”

 

"Avropa İttifaqı (Aİ) ilə münasibətlər Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir”.

Sozcu.info-nun  xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev euractiv.com saytına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanla Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

"Azərbaycan ticarət baxımından Avropa İttifaqının vacib tərəfdaşıdır. Eyni zamanda Azərbaycanda ən böyük investorlar əsasən Avropa İttifaqına üzv dövlətlərdir. Avropa İttifaqı və Azərbaycan təhlükəsizlik, nəqliyyat və enerji sahələrində sıx əməkdaşlıq edirlər, xüsusilə enerji sahəsini vurğulamaq istərdim. Enerji sahəsində Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. TANAP və TAP vasitəsilə tədarük olunan Azərbaycan qazı yayın ortalarında Avropa İttifaqının ərazisinə daxil olacaq və biz TAP layihəsinin son hissəsini yekunlaşdıracağıq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

H. Hacıyev qeyd edib ki, Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş aparılır: "Müəyyən sahələr var ki, bununla bağlı fərqli görüşlərimiz mövcuddur. Lakin bu boşluqları aradan qaldırmaq üçün hər iki tərəf konstruktiv əməkdaşlıq edir. Saziş mətninin demək olar ki, 90 faiz hissəsi razılaşdırılıb. Ancaq enerji və ticarətlə bağlı məsələlərdə Avropa İttifaqı daha çox səy göstərməlidir. Avropa İttifaqı sazişə münasibətdə imtiyazlı mövqe, başqa sözlə desək, təhqiramiz ticarət yanaşması göstərməməlidir. Bu anlayışa əsaslanaraq biz irəliləyişə nail olacağımıza inanırıq. Bizim həm daxili islahat prosesi, həm iqtisadi prioritetlərimiz, təşəbbüslərimiz var və buna uyğun olaraq, saziş hər iki tərəfin tələblərinə cavab verməlidir. Eyni zamanda qarşılıqlı faydalı yanaşma olmalıdır”.



Oxşar Xəbərlər

Xəbər lenti