Ərdoğan prezidentliyə namizədliyini irəli sürdü, seçki isə ertələnə bilər - Detallar


Türkiyədə gələn il prezident seçkisi tətil və imtahanlar səbəbindən iyunun 18-də deyil, mayın 14-də keçirilə bilər; Toğrul İsmayıl: “Məntiqlidir, ancaq erkən seçki sayıla bilməz”

Türkiyədə 2023-cü ilin iyun ayına təyin edilmiş prezident seçkiləri bir ay əvvəl keçirilə bilər. “Yeni Müsavat” xəbər verir ki, bu barədə TGRT telekanalı prezident hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə istinadən xəbər verib.

Məlumata görə, AKP seçkilərin mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi, iyunun 18-də deyil, mayın 14-də keçirilməsini təklif edir. İlkin müddətə görə seçkilərin ikinci turunun keçirilə biləcəyini əsas gətirir. İyulda keçiriləcək və tətil mövsümünün başlaması səbəbindən seçici fəallığı aşağı ola bilər. Digər tərəfdən, telekanal qeyd edir ki, nəzərdə tutulan seçkilərin vaxtı universitetlərdə keçirilən imtahanlarla üst-üstə düşür ki, bu da seçici fəallığına və səsvermənin nəticələrinə mənfi təsir göstərə bilər.

Hələ ki, hakim partiya seçkilərin ertələnməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirməyib. Bundan əvvəl Prezident və AKP təmsilçiləri seçkilərin təyin edildiyi kimi - 2023-cü il iyunun 18-də keçiriləcəyini bildiriblər. AKP və Milliyyətçi Hərəkat Partiyasını (MHP) birləşdirən “Xalq Alyansı” hazırkı cümhurbaşqanı Ərdoğanın vahid prezidentliyə namizədliyini irəli sürüb. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, Ərdoğanın üçüncü dəfə dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi qanunidir.

Bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası (AKP) da Ərdoğanın üçüncü prezidentliyə namizədliyi qarşısında heç bir hüquqi maneənin olmadığını bəyan edib. Eyni zamanda, AKP ölkədə prezident idarəetmə formasının tətbiqi ilə bağlı konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ərdoğanın cəmi bir dəfə seçkiyə qatıldığını, ona görə də 2023-cü ildə yenidən seçkilərdə iştirak edə biləcəyini göstərir.

Bəs deyilən səbəbdən (seçici fəallığını saxlamaq) seçkinin 1 ay ertələnməsi mümkündürmü və bu, namizədlərə nə verəcək? Hakim partiyanın çoxluqda olduğu parlament buna gedəcəkmi? Onu da demək lazımdır ki, seçkilər kifayət qədər ağır və gərgin keçəcək. Müxalifət hakimiyyətə gəlmək üçün güclərini birləşdirmək niyyətindədir. Hazırda Türkiyədə yaşanan iqtisadi problemlər, türk lirəsinin dəyər itirməsi, bahalaşma əhalidə ciddi narazılıq yaradıb. Belə vəziyyətdə seçkiyə getmək və qalib gəlmək üçün hakim partiya resurslarını səfərbər etməli, xalqı inandırmalıdır.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar  fonunda düşünülmüş addımdır

 Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, seçki vaxtında keçiriləcək: 

İqtidar belə deyir, 2023-də seçkilər olacaq. Müxalifət erkən seçki tələb edir. Bir ay qabağa çəkilməsinə gəlincə, imtahanlar dövrü nəzərə alına bilər. Bu da məntiqlidir və Mərkəzi Seçki Komisisyası tərəfindən hesablanır. Ancaq bu qərar olacaqsa, erkən seçki sayıla bilməz”.

Professor hesab edir ki, nəticələrin necə olacağını indidən söyləmək çətindir: “Seçkiyə üç ay, yaxud daha az qalmış fikir bildirmək olar. Təbii ki, ölkə iqtisadi böhran yaşayır və uzun müddət hakimiyyətdə qalmaq öz işini görür. Ancaq iqtidar hansı islahatlar edə bilər, müxalifət qanadı ilə birgə hansı addımlar atacaq, bunları gözləmək lazımdır. İqtidarların seçkilərdə manevr imkanları çox olur, dövlət resursları əlindədir. Türkiyə seçicisi isə hər bir kriteriyaya baxır. Millət vəkili seçəndə fərqli baxış olur, bələdiyyə seçəndə tanıdığı adamlara üstünlük verir, partiya önəmli deyil. Bunlar önəmli faktorlardır. Bununla belə Türkiyədə həmişə seçki marafonu yaşanıb, müdaxilə olmayıb. Çünki seçicinin mövqeyinə müdaxilə edəndə daha sərt reaksiya verir. Necə ki, İstanbul seçkilərinin nəticələri elə oldu. Ona görə indidən nəsə söyləmək çətindir.

Türkiyədə indi yaşanan əsas problem inflyasiya, iqtisadi böhrandır, bu da iqtidarın əleyhinə olan hadisələrdir. Amma hakimiyyət də maaş və pensiya artımlarına getməklə həmlələr edir, seçkiqabağı da hansı addımlar atacağını bilmirik".

“Yeni Müsavat”



Oxşar Xəbərlər

Xəbər lenti