25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə dünyada yeni siyasi mənzərə formalaşdırıb. Təkcə Avropa dövlətləri deyil, bütün region ölkələri Vladimir Putinin aqressiyasına qarşı birləşib. O cümlədən, post-sovet ölkələri arasında da “Şimal ayısı”nın işğalçı mövqeyinə qarşı dirəniş formalaşıb. Əksər dövlətlər açıq və ya dolayı yollarla Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə qarşı çıxmaqdadır.
Post-sovet məkanının bir parçası olan Azərbaycan da, heç şübhəsiz, ən azı beynəlxalq hüququn normalarını nəzərə alaraq, dost Ukrayna xalqının yanında yer almaqdadır. Təbii ki, rəsmi Bakının bu mövqeyi Putin Rusiyası üçün heç də arzuolunan deyil. Əksinə, Kreml məhz bu siyasətinə görə Azərbaycanı “cəzalandırmaq” üçün hər an fürsət axtarır. Lakin istər Moskvanın Cənubi Qafqazda mövqelərinin kifayət qədər zəifləməsi, istər də qardaş Türkiyənin regionda nüfuzunun artması və Azərbaycanla vahid güc şəklində çıxış etməsi Putinin açıq müdaxiləsinin qarşısını alır. Bununla belə, Rusiyanın zaman-zaman Azərbaycanı qarışdırmaq cəhdləri fonunda Moskvanın ölkəmizə qarşı hər an təxribata əl atmaq ehtimalının yüksək olduğu da diqqətdən qaçmamalıdır. Həmçinin, bu cür çirkin əməllərdə Rusiyadan heç də geri qalmayan İranın baş mollası Xameneyinin “biz Zəngəzur dəhlizinin açılmasına dözməyəcəyik” tipli açıqlama verərək Tehranın ən yüksək səviyyədə Azərbaycana qarşı təhdid yağdırması, eynilə Ermənistanda revanşist qüvvələrin hər an təxribat yaratmağa çalışması ölkəmizin təhlükəsizlik məsələsini ön plana çıxarır.
Şübhəsiz, belə bir ərəfədə Azərbaycan prezidenti İlham Əliyevin iyulun 15-də imzaladığı sərəncam heç də təsadüf deyil. Hansı ki, prezidentin məlum sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsi vəzifələrinə təyinatlar oldu. Dəyərli oxucuların diqqətinə çatdıraq ki, hər iki qurumun rəisi postu uzun müddətdir boş qalmışdı. Xatırladaq ki, 20 mart 2020-ci il tarixində prezidentin fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edildi və qurumun əsasında üç dövlət orqanı yaradıldı: Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi. Bu fərmanla XDMX-nin rəisi, general-polkovnik Vaqif Axundov vəzifəsini itirdi, onun müavini general-polkovnik Bəylər Eyyubov isə yeni yaradılan 3 qurumdan birinin – Prezdentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Digər iki qurumun - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbər vəzifələri isə 28 aydır öz sahibini gözləyirdi.
Əlbəttə, bu müddət ərzində həmin vəzifələrə sahib olmaq istəyənlər heç də az deyildi. Bu postlar uğrunda mübarizə aparanlar, həmin vəzifələri arzulayanlarla yanaşı, hakimiyyətdə yüksək mövqe sahibi olan məmurlar da bura öz adamlarını yerləşdirməyə çalışırdılar. Hətta bəzi bilgilərə görə, indiyədək bu vəzifələr uğrunda hakimiyyət daxilində ciddi nüfuz savaşı da gedirdi. Çünki həmin postlara sahiblənmək yeni gəlir mənbələri əldə etməklə yanaşı, əlavə nüfuz, güc qazanmaq demək idi. Odur ki, qeyd etdiyimiz nüfuzlu məmurlara yaxın şəxslər təxminən 2 il müddətində səbrsizliklə bu vəzifələrə təyin olunacaqları günü gözləyirdilər. Hətta hakimiyyət daxilində bir çoxları hər iki dövlət qurumuna - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə məhz Bəylər Əyyubovun kadrlarının gətiriləcəyini güman edirdilər. Ən azı ona görə ki, prezidentin 20 mart 2020-ci il tarixli fərmanından sonra bu qurumlara nəzarət, yəni maliyyə-təsərrüfat məsələləri, kadrların təyinatı, müvafiq göstərişlər və s. Prezdentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovda idi.
Amma prezident Əliyev cənab Eyyubovla yanaşı, bir çox nüfuzlu məmurların ümidini puç etdi. 15 iyul sərəncamı göstərdi ki, kimin nə istəməsindən, nə kimi hesab-kitab aparmasından asılı olmayaraq, İlham Əliyevin bu məsələdə “öz hesabı” varmış. Hansı ki, prezident hakimiyyət daxilindəki qütbləşmənin heç birinə bağlı olmayan, DTX-nın rəis müavini vəzifəsində işləmiş İlqar Musayevi Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, İlqar Abbasovu isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifələrinə təyin etməklə ölkədə son sözün kimə məxsus olduğunu bir daha ortaya qoydu...
İlqar Musayev
Təbii ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə təyinatlar sıradan hadisə deyildi. Yuxarıda qeyd etdiyimiz kimi, bir halda ki, ortada dövlətin təhlükəsizliyi məsələsi dayanır, ölkə başısının bu seçiminin çox doğru və zamanında verilmiş sərəncam olduğunu əminliklə qeyd edə bilərik. Şübhəsiz, Azərbaycan prezidenti onu da nəzərə alıb ki, rəsmi Bakının təkcə Ukrayna ilə bağlı mövqeyi deyil, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda siyasi balansın dəyişməsi də ölkəmizin təhlükəsizliyinin gücləndirilməsini diktə edir. Prezident yaxşı bilir ki, qardaş Türkiyənin Cənubi Qafqaza qayıdışı uzun zamandır bu regionu özlərinin “arxa bağçası” hesab edən ölkələri, xüsusən də Rusiya və İranı ciddi narahat edir. Şübhəsiz, bu narahatçılıq Ermənistandan da yan keçmir. Lakin ermənilər indi Rusiyanın onlara “böyük qardaş” olmaq gücünü itirdiyini və öz talelərini Türkiyə və Azərbaycana bağlamaqdan başqa çıxış yolllarının olmadığını artıq dərk edirlər. Əlbəttə, gələcəkdə nə baş verəcəyini proqnozlaşdırmaq o qədər də asan deyil, amma bu gün görünən odur ki, Paşinyan hakimiyyəti Rusiyaya güvənmək, Kremlin direktivləri ilə fəaliyyət göstərmək fikrində deyil.
İlqar Abbasov
Lakin “ilanın ağına da lənət, qarasına da” prinsipini nəzərə alaraq Azərbaycan dövləti hər zaman öz təhlükəsizliyini ön planda saxlamalıdır. Üstəlik, biz onu da diqqətdən qaçırmamalıyıq ki, təkcə qeyd etdiyimiz ölkələrdən deyil, daxildəki müəyyən qüvvələrdən də ölkəmizin təhlükəsizliyinə qarşı təhdidlər mövcuddur. Hansı ki, “Hürriyyət”in araşdırma qrupunun son aylar ərzində ölkənin təhlükəsizliyi ilə bağlı apardığı araşdırmanın nəticəsi də bizdə bu qənaəti formalaşdırıb. Belə ki, məlum araşdırma zamanı əldə olunan nəticəyə görə, hazırda bu sahədə ən çox boşluq Hərbi Prokurorluq və Penitensiar Xidmət sahəsindədir. Məsələn, Hərbi Prokurorluqda “Tərtər işi” uzun zamandır “Demokl qılıncı” kimi Azərbaycanın başı üzərindədir və belə görünür ki, “bu xəmir hələ çox su aparacaq”.
O ki qaldı Penitensiar Xidmətə, bu qurumla bağlı tez-tez mətbuatda neqativ materialların şahidi olmaqdayıq ki, “Hürriyyət”in özü də zaman-zaman bu mövzuya geniş yer ayırır. Bu yazımızda həmin mövzulara qayıdıb təkrarçılıq etmək istəmirik, lakin bir cümlə ilə onu qeyd edə bilərik ki, hazırda Penitensiar Xidmətin nəzarətində olan cəzaçəkmə müəssisələrinin bir çoxunda Azərbaycanın təhlükəsizliyini təhdid edən proseslər baş verməkdədir. Zənnimizcə, indiki həssas məqamdə bütün bunların qarşısı ən qısa müddətdə alınmalıdır ki, gələcəkdə arzuolunmaz hadisələrin şahidi olmayaq. Və onu da unutmayaq ki, Azərbaycanın təhlükəsizliyinin, iqtisadi rifahının təmin olunması, nüfuzunun artması üçün təhlükəsizlik tədbirləri ən müasir standartlara cavab verməlidir./Hurriyyet.az