25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Son vaxtlar cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri də qazilərlə bağlıdır. Yeni təyin edilən icra başçıları ilə görüşdə dövlət başçısı İlham Əliyev şəhid və qazi ailələrinə göstərilən qayğılarla bağlı danışıb. “Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir.
Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”, - deyə dövlət başçısı bildirib.
Prezident deyib ki, biz Qarabağda əldə etdiyimiz Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq: “Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, ”öldü var, döndü yoxdur" deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir".
Beləliklə, dövlət başçısı cəmiyyəti narahat edən bu məsələ ilə bağlı qətiyyətli mövqeyini bir daha ortaya qoyub. Bəs görəsən, bundan sonra yerlərdə məmurlar öz vəzifələrini necə yerinə yetirəcəklər? Heç kimə sirr deyil ki, rayonlarda məmurlar özlərini daha aqressiv aparır, icra başçılarının müavinləri, idarə müdirləri insanlarla rəiyyət kimi davranırlar. Dəfələrlə məmurlar cəzalandırlır-vəzifələrindən azad olunur, həbs olunurlar, amma bu yenə də başqalarına görk olmur...
Aqil Abbas
Mövzu ilə bağlı millət vəkili Aqil Abbas “Yeni Müsavat”a bunları dedi: “Prezident çıxışında sözünü qətiyyətlə bildirdi. ”Gözü çıxmış qardaşlar"dan misal gətirdi ki, kim özünü ləyaqətsiz aparsa, rüşvət alsa, cəzasını alacaq. Hələ siyahının olduğunu da dedi. Yəni adamlar bəzən arxayın olurlar. Amma fikrimcə, ciddi dəyişikliklər olacaq. Həm qazilərlə bağlı, həm şəhid ailələri ilə bağlı, ümumiyyətlə, insanlara rəftarla bağlı dəyişikliklər olacaq. Məmurlar tək qaziləri deyil, adi vətəndaşı da incidirlər. Adamlar qapılarda qalır, işinə, müraciətinə baxılmır. Bunu kim etməlidir?! Bu məsələlər icra başçılarının səlahiyyətində deyil, amma Prezident ciddi tədbirlər görəcəyi haqda siqnallar verdi. Yəqin o adamlar özlərini yığışdırar, daha ciddi addımlar atarlar. Çünki Prezidentin başı belə məsələlərə qarışmamalıdır. Müharibə etdik, dünya çalxalanır, iqtisadi böhran var, qonşu ölkələrlə münasibət, pandemiya, üstəlik meymunçiçəyi xəstəliyi də yayılır. Bunları qoyub, Prezident qazilərin, insanların problemləri ilə məşğul olacaqsa, onda nazirliklər nəyə lazımdır? Ləğv olunsun, Prezident olsun vəssalam da?! Prezidentin vaxtını bu cür məsələlərə ayırmasına təhrik edənlər cəzalandırılmalıdır".
Deputat “Məmurların işinə nəzarəti artırmaq üçün nələr edilməlidir” sualına belə cavab verib: “Guya ki, dövlət qurumlarına nəzarət üçün müşahidə şuraları yaradıblar. Bu, sadəcə, formal qurumlardır. Hər komitə özünə nəzarət üçün şura yaradıb. Kökündən dəyişiklik edilməlidir. İslahatlar aparılır, amma hələ də məmurlar ayılmırlar. Səhiyyə Nazirliyi varsa, Mehriban xanım niyə xəstənin müalicəsi ilə məşğul olmalıdır?! Əlillərin problemləri ilə bağlı niyə Prezident məşğul olmalıdır? Orduda tərxis olunma ilə bağlı Prezidentmi məşğul olmalıdır?! Adamın bir ayağı yoxdursa, tərxis edin onu, pensiyasını ala bilsin. Qanunvericiliyə görə, tərxis olunmayan adama pensiya verə bilməzlər. Yəni əgər nazirlik varsa, niyə bu işlərlə Prezident məşğul olmalıdır? Yaponiyanın II Dünya müharibəsindən sonra dövlət büdcəsində 10 milyon dollar pulu olub. Bizdə bəzi adamların pulu ondan çoxdur. 1975-ci ildə, müharibədən 30 il sonra Yaponiyanın büdcəsi 300 milyard dollar həcminə çatmışdı. İndi isə 3 trilyona qədərdir. Yaponlara, ”Necə oldu ki, birdən-birə bu cür sürətlə inkişaf etdiniz" sualını veriblər. Cavabında, “Yaponlar başa düşdülər ki, ölkənin ağır vaxtıdır, hər bir yapon öz işinə vicdanla yanaşdı” deyib. İndi Azərbaycanın xilas yolu hər kəsin öz işinə
vicdanla yanaşmasıdır".
Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Prezident yeni təyin olunmuş icra başçıları ilə görüşündə bir sıra məqamlara aydınlıq gətirdi, öz mövqeyini göstərdi. Şəhid ailələri, qazilərlə bağlı görülən işlərdən danışdı, 12 min 500-dən çox şəhid ailəsinə ev verilməsi barədə məlumat verdi. Yəni bu istiqamətdə ciddi işlər görülür. Bütün məmurlara, icra başçılarına müraciət etdi. Odur ki, bu məsələlərdə diqqətli olmalıdırlar. Hər kəs bu məsələdə öz borcunu yerinə yetirməlidir. Şəhid ailələrinin, qazilərin yanında olmalıdırlar. Vacib bir mesajdır. Cəmiyyətdə bu məsələdən sui-istifadə etmək istəyənlər də var. Dövlət səviyyəsində qazilərə, şəhid ailələrinə diqqət göstərilir. Hər kəs kənardan, qərəzli tənqidçi kimi yox, işin içində olmalıdır. Yalnız məmurlar deyil, hər bir vətəndaş laqeyd yanaşmamalıdır. Xüsusilə partiya rəhbərləri, QHT-lər, xaricdə fəaliyyət göstərən diaspor nümayəndələri, iş adamları bu məsələdə hər kəs öz töhfəsini verməlidir. Məsələn, mənim Rusiyadan olan tanışlarım var ki, öz təşəbbüsləri ilə, heç kimə demədən 25-30 şəhid ailəsinə ayda yüz manat pul göndərirlər. Başqa nümunələr də var. Biz təşkilat olaraq müraciət edən qazilərin, şəhid ailələrinin problemlərini həll etməyə çalışırıq, icra strukturlarına müraciət edirik. Yəni hər şeyi dövlətdən gözləmək düzgün deyil. Dövlət üçün də çətin bir durumdur. Dünyanın müharibə olmuş ölkələrində də belə vəziyyətlər yaranıb, qazilərin intiharları baş verib. Hesab edirəm ki, indi həm məmurlar diqqətini artırmalıdırlar, eyni zamanda bizim qazilər, şəhid ailələri çalışmalıdırlar ki, təxribata uymasınlar”.“Yeni Müsavat”