25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Prezidenti İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri mühüm əhəmiyyət kəsb edir. Artıq azad edilmiş torpaqlarımıza bu cür səfərlər mühüm obyektlərin, yolların, körpülərin, eyni zamanda yeni tikililərin bünövrəsinin qoyulması ilə yadda qalır. Zəngilan rayonu Ermənistanın işğalı dövründə böyük dağıntılara və vandalizmə məruz qalmış ərazilərimizdən biri kimi bu gün özünün çiçəklənmə dövrünü yaşayır. Azərbaycanda ilk dəfə Ağıllı kənd konsepsiyasının Zəngilanda Ağalı kəndində tətbiq edilməsi artıq özünün müsbət nəticələrini göstərir. Artıq Böyük Qayıdış ilk mərhələsi kimi Zəngilan rayonu Ağalı kəndinin sakinləri öz ata-baba yurdlarına qayıdıb. Bu qısa zamanda Azərbaycan dövlətinin icra etdiyi ən mühüm və müasir standartlara cavab verən Ağıllı kənd konsepsiyası idi. Sözsüz ki, bu uğurlar Azərbaycan dövlətinin öz ərazisində gördüyü işlərin məntiqi ardıcıllığı kimi başa düşülməlidir.DİA.AZ-ın məlumatına görə, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.O hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə sayca ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi mühüm tarixi əhəmiyyətə malikdir:“Çünki bu hava limanının qısa zamanda tikilib istifadəyə verilməsi bölgənin inkişafında mühüm rol oynayacaq. Sözsüz ki, bu gün Azərbaycanın müasir hava nəqliyyatı infrastrukturu, yeni hava limanlarının inşası artıq xaraterik bir hal alıb. İnkişaf edən Azərbaycan üçün işğaldan azad edilən ərazilərdə beynəlxalq standartlara cavab verən hava limanlarının olması bu bölgənin ölkəmizin ümumi inkişaf konsepsiyasına inteqrasiyası üçün də təsirli rolu var”.Millət vəkilinə görə, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan hava limanının açılışında iştirakı tarixi önəm daşıyır:“Bu, iki qardaş ölkənin, iki qardaş Liderin birgə addımladığını göstərən vacib amildir. Azərbaycanın işğaldan azad edilən ərazilərində artıq ikinci hava limanının açılışında qardaş ölkə prezidentinin iştirakı beynəlxalq ictimaiyyət üçün də mesajdır. Bu, Azərbaycan və Türkiyə liderləri arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqliyin bariz nümunəsidir”.DİA.AZ-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova hesab edir ki, Zəngilanın erməni işğalının azad edilməsinin ikinci ili bitən bir vaxtda bu rayonda Azərbaycan və Türkiyə Prezidentlərinin hava limanının açılışında birgə iştirakı xalqımız üçün qürurverici bir tarixdir:“Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Azərbaycanın öz imkanları hesabına azad edilmiş ərazilərdə ikinci beynəlxalq hava limanı inşa etməsi bu torpaqlara olan sahibliyin tarixi dəyərlərə əsaslanmasından qaynaqlanır. Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda eyni hava limanının istifadəyə verilməsi bu bölgənin çiçəklənməsinə mühüm töhfə verəcək”.Sevinc Hüseynovaya görə, Qarabağ və Şərqi Zəngəzurda bu gün həyata keçirilən böyük quruculuq, abadlıq işləri keçmiş məcburi köçkünlərin ən qısa zamanda öz ata-baba torpaqlarına əbədi qayıdışına hesablanıb:“Bu mənada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun Ağalı kəndinə səfəri, orada yaşayan sakinlərlə görüşü xoş məqamlar kimi yaddaşlara həkk olundu. Zəngilan rayonunun Ağalı kəndi ölkəmizdə Ağıllı kənd konsepsiyasına uyğun olaraq qısa zamanda tikilib-istifadəyə verilib. Artıq Ağalı sakinləri müasir standartlara cavab verən evlərdə məskunlaşıblar. Onlar bura əbədi, xoşbəxt yaşamaq üçün geri dönüblər. Çünki bütün vətəndaşlarımız kimi ağalıların da xoşbəxt və firavan gələcəyinə ən böyük təminat güclü Azərbaycan dövlətidir”.Millət vəkili dövlət başçısının bölgəyə səfəri zamanı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin istifadəyə verilməsinin əhəmiyyətinə toxunub:“Qısa zamanda yüksək standartlara cavab verən yol nəqliyyat şəbəkəsinin yaradılması, infrastrukturun formalaşaması dövlətin bu məsələdə olan əzminin göstəricisidir. Vaxtilə işğal altında saxladığı Cəbrayıla yol çəkmək iddiasına düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi yəqin ki bu torpaqların əsl sahibinin qısa zamanda necə bir yol infrastrukturu qurub istifadə verdiyi görməmiş deyil. Ona görə də bu gün Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlər işğalçı Ermənistanın barbar, vandalizm mahiyyətindən formalaşan xislətinə tutarlı cavabdır”.