8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il keçir. Müstəqillik Günü ərəfəsində - 27 mayda Prezident İlham Əliyev və birinci xanım Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Rayonun ərazisi müxtəlif vaxtlarda fərqli inzibati bölgülərə məruz qalıb. Cümhuriyyət hökuməti 1919-cu il yanvarın 13-də "Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında" qərar qəbul etmişdi. Amma AXC -nin müstəqilliyi cəmi 23 ay çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, Azərbaycan xalqı yenidən azadlıqdan məhrum edildi. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini genişləndirən ermənilər Zəngəzur qəzasını işğal ediblər. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. 1993-cü ildə oktyabr ayında işğal olunan Zəngilan, 2020-ci il oktyabrın 20-də düşmən tapdağından azad olundu. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlayıb.7 iyul 2021-ci ildə Azərbaycan Respublikasının prezidentiİlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanına əsasən 14 iqtisadi rayon yaradılmışdır. Şərqi Zəngəzur iqtisadi rayonu Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir. Ərazisi 7448 km²-dir. Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur. Artıq beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son Brüssel görüşü bunu bir daha göstərdi.Şəhər bir ildir ki, əzəli sahiblərindədir və sözün həqiqi mənasında dirçəlir, həyata qayıdır, inkişaf edir... “Böyük Qayıdış”ın birinci addımı məhz Zəngilandan başlanıldı. Belə ki, llk bərpa edilən kəndlər Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləridir. Qeyd edim ki, Zəngilanın əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Bugün 30 illik vətən həsrətində olan insanların qayıdışı üçün şərait olmalıdır. Bütün bu işlər heç də asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir. Ermənilər həm işğal zamanı həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar. Minatəmizləmə işi hələ də davam etməkdədir. Həm də quruculuq bərpa işləri dövlət büdcəsi hesabına, heç bir dövlətdən maliyyə dəstəyi olmadan edilir. Azərbaycan bütün çətinlikləri dəf edərək, bütün dünyaya sübut etdi ki, yoxdan var yaratmışdı. Az bir müddətdə xeyli dirçəliş etdi. İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir.
27 may tarixində “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Prezident və birinci xanım Mehriban xanım Əliyeva Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər.Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəvvarəni işə saldılar.Uzun illik vətən həsrətindən sonra Ağalı kənd sakinlərinin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən quruldu.Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşmüşdür. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikilmişdi. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulub. Burada inşa edilmiş 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaqdır. Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə də, Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulmuşdur. Kənddə elektron idarəetmə var. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılmışdı: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri.Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcəkdir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin bizim planlarımızın bariz nümunəsi oldunu görə bilər. Zəngilanda “Ağıllı kənd”in təməlinin qoyulması və bu gün “Ağıllı kənd”in ərsəyə gəlməsi təkcə Azərbaycan Respublikasında ilk deyil, eyni zamanda, MDB ölkələrində də ilkdir.Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu prioritet məsələdir. Eyni zamanda cari il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları nəzərdə tutulub ki, bu da yaxın gələcəkdə Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməyinə əsas olacaqdır. Həmçinin təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların hərəkəti, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi: “Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya”.
Bakı şəhəri Suraxanı rayon S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin tarix müəllimi Əbilova Sədəf