Rusiya ilə İran arasında gizli razılıq - Zəngəzuru bölmək planı


Ukrayna-Rusiya müharibəsinin başlaması ilə Qərb üçün Cənubi Qafqazın Xəzər höfzəsinin enerji resuruslarına çıxış yolu kimi strateji dəyəri artıb. Bəlkə də hazırda Cənubi Qafqaz bu zamana kimi heç vaxt olmadığı qədər böyük güclərin təhdidi, təzyiqi ilə üz-üzədir. Amma dərindən nəfəs almaq üçün bir yox, bir neçə səbəbimiz var.

İkinci Qarabağ müharibəsi ilə regionun geosiyasi düzənini xeyirinə dəyişən Azərbaycanın müttəfiqləri və dostları daha çoxdur. Azərbaycan artıq regional və qlobal məsələlərin demək olar ki, hər birində qardaş Türkiyə ilə paralel addımlayır. İqtisadi imkanları, tranzit potensialı, logistika infrastrukturu və enerji təhlükəsizliyi məsələsində bu gün Avropanın bir çox dövlətləri üçün olduqca önəmli aktor rolunda çıxış edən Azərbaycan Şuşa Bəyannaməsi ilə həm də öz təhlükəsizliyi, xarici təhdidlərə qarşı dirəniş göstərmək kimi füsrəti yaxalamış oldu. 

Hələ 2011-ci ildəLevon Ter-Petrosyanın müşaviri Jirayr Lebardiyan hələ etiraf etmişdi ki, "Ermənistan kimdir ki, Mehri rayonunu və yaxud Zəngəzurun hansısa bir ərazisinin Azərbaycana versin. Mehri Rusiya ilə İranın sərhəddidir". 

Buradan Lebardiyanın açıqlamasından da məlum olur ki, ermənilər yaxşı bilirlər ki, o ərazilər (Qərbi Zəngəzur) onların deyil və onu da çox yaxşı bilirlər ki, həmin ərazilərə Ermənsitan nəzarət etmir. Orada rus əsgərləri, rus sərhədçiləri dayanır. 

Bir yandan da İranın bu "hərbi təlim" adı altında Azərbaycana qarşı aqressiyası meydandadır. Bu, Azərbaycandan qaynaqlanan bir məsələ deyil. Zəngəzur dəhlizi ilə bağlı məsələ masaya yatırılandan bəri İran rəsmiləri bir-birinin ardınca deyir ki, "biz heç bir halda Ermənistanla sərhədlərimizin dəyişdirilməsinə imkan verməyəcəyik". İran yoxsa hesab edir ki, Azərbaycan öz müstəqil, daxili məsələsi olan bir proseslə bağlı İranla məsləhətləməyini gözləyir? Bu, bizim Ermənistanla olan sərhəddir və bu iki dövlət necə anlaşarsa, sərhəddi də elə çəkə bilər. Biz üçüncü dövlətdən bu barədə niyə mövqeyini soruşmalıyıq?! 

İran Araz vadisi keçirdiyi hərbi təlimlərlə Azərbaycanı açıq təhdid variantına əl atıb. Bunun orası-burası yoxdur. Artıq rəsmi Tehranın Bakıya münasibəti heç kəsə sirr deyil. Sadəcə indiyənə qədər daha çox təbliğatla, dini radikalizmi yaymaq və s. kimi alətlərdən istifadə edirdi, indi disə açıq-aşkar Azərbaycana barmaq silkələyir. 

SEPAH təlimlərdə panton körpülərlə Araz çayının bu tərəfinə keçməyin üzərində də çalışdı. Bu nə deməkdir? Araz çayını keçib hara gedəcəklər? Təbii ki, Azərbaycana gələcəksən ... Biz bunu təbii ki, təhdid kimi anlaymalıyıq.

Anlaşılan odur ki, burada Ermənistan nə aparıcı, nə də əsas fiqurdur. Bu gün onun üzərindən adlayıb, başı üzərindən oyun quranlar var. Hazırda bu mənada Rusiya, İran və Fransanın fəallığı xüsusilə diqqət çəkməkdədir. Bu səbəbdən də Ermənistan Əli aşından da olacaq kimi görünür, Vəli aşından da ...

Məsələ beynəlxalq nüfuzu və gücü günü-gündən artan Azərbaycanın regionun əsas aktoruna çevrilib bölgəni tamamilə nəzarətə götürmək qorxusudur. Elə bu səbəbdən də istər İran, istər Rusiya bu gün müxtəlif yollarla Azərbaycanın regionda möhkəmlənmək və yerini bərkitmək planlarını pozmaq üçün müxtəlif yollara baş vururlar. 

Ermənistan hakimiyyətinin Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyması deməyə əsas yaradır ki, Kremlin və Tehranın narahatlığı Ermənistan deyil, nə də onları region uğrunda qurban verdikləri zərrə qədər narahat edir. 

Yaxşı xatırlayırıq ki, 44 günlük müharibənin gedişində Zatulin o rus siyasi ekspertlərindən oldu ki, demək olar ki, hər gün işğalçı Ermənistanın mövqeyini açıq-aşkar dəstəklədi, Azərbaycan-Ermənistan məsələsinə ədalətsiz yanaşması, qatı ermənipərəst mövqeyi ilə diqqət mərkəzində oldu. Bəs nə oldu? Cavab çox sadə: Rusiya həmin vaxt Ermənistanı müdafiə etməkdən ziyadə, Azərbaycanın qalib gələrək regionda söz sahibinə, bölgənin tək ağasına çevriləcəyindən narahat idi və Zatulin kimiləri də məhz Kremlin tapşırığını yerinə yetirirdilər. 

Ermənistan isə indi Qərbə açıq şəkildə qapılarını taybatay açdığı səbəbindən Moskva bu dəfə həmin "silahlarını" İrəvan üçün istifadə etməyə başlayınca rəsmi İrəvan belə bir qərar verməli oldu. Moskvanın isə qurbanı iştahından daha kiçikdir.

Rusiyanın Avropa İttifaqının mülki missiyası və ATƏT-in üzvlərinin Azərbaycanla sərhəddə gələcəyi ilə bağlı məlumatlardan sonra Cənubi Qafqaz uğrunda mövaqe savaşında Rusiyanın geri addım atacağı gözlənilsə də Moskva Ermənistanı öz orbitində saxlamaq üçün bu gün "B" planını işə salıb. 

Hətta proseslərin inkişafı deməyə əsas verir ki, Avropa ittifaqı və ATƏT-in sərhəddinə kimi gəlməsindən guya narazı qaldığı təəssüratını yaradan İran üçün regionda Rusiya ilə birgə irəliləmək daha məqsədəuyğundur. Nəzərə alsaq ki, bu gün İran Rusiyanı Ukrayna qarşısında müharibədə Qərbin Kiyevə silah yardımı və sanksiyaları fonunda tab gətirməsi üçün silah-sursatla, kamikadze dronları ilə təchiz edir, demək ki, bu variant elə kreml üçün də labüd hesab oluna bilər. 

Nəzərə alsaq ki, Rusiyanın "Birinci kanal"ı ilə İranın dövlət televiziyasında eyni gündə guya "Qarabağın erməni torpağı olduğu barədə" anti-Azərbaycan mövzusunda, Azərbaycanın "işğalda" təqsirləndirildiyi ilə bağlı geniş veriliş efirə getdi. Hər iki ölkənin dövlət telekanallarında Azərbaycana qarşı qərəzli, ittiham xarakterli, qatı ermənipərəst mövqenin əks edildiyi belə bir proqramın eyni gündə efirə getməsi təsadüf məsələyə bənzəmədi. 

Çox güman ki, Rusiya sülhməramlılarının Qarabağda daha çox qalması üçün bu məsələdə İrandan dəstəyini umub, İran da qarşılığında Qərbin sanksiyaları fonunda Rusiya üçün nəfəslik hesab edilən Zəngəzur dəhlizi iddiasında Azərbaycanın yanında olmamağı istəyib. Ehtimal edilir ki, Tehran və Moskva bu məsələ ilə bağlı ortaq bir nöqtə tapıb və Moskva Zəngəzur dəhlizi mövzusunda İrana təzyiq etməyəcəyini, Tehran isə Rusiyaya Qarabağda separatçı qurumun mövcud olması və sülhməramlıların Azərbaycan ərazisində daha uzun müddət qalmasında dəstəyini ifadə edəcəyi sözü verib. Beləcə İran ilə Rusiya Zəngəzuru (Qərbi İrana, Şərqi Rusiyaya) aralarında bölmək niyyətindədirlər.

Tehran düşünür ki, dəhlizin açılması Tehranın regiondan sıxışdırılıb çıxarılması, onu burada Türkiyənin əvəz etməsi deməkdir. Rusiya da eyni şeyi Qarabağdakı durumla əlaqələndirir: Moskva sülhməramlıların Rusiyanın regionda qalması üçün ən son rıçaqı hesab edir. Buna görə də Rusiya bölgədə qalmaq üçün bütün varlığı ilə gizli və yaxud açıq şəkildə qondarma rejimin Qarabağda "müstəqillik" arzularına bacardıqları qədər dəstək nümayiş etdirəcəklər.

Rusiyanın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təxribatların ardı-arasının kəsilməməsi bu deyilənlərin növbəti təsdiqidir.  Belə ki, ölkənin "birinci kanal"ının ardınca indi də "Rossiya 24" məkrli mövqe ilə çıxış edib. Kanalda erməni əsilli rus ekspert Semyon Baqdasarov və jurnalist Hayk Xalatyanın iştirakı ilə keçən müzakirədə Qarabağın Azərbaycanın tərkibində qala bilməyinin mümkünsüzlüyü qeyd olunub. 

Göründüyü kimi bütün yollar qondarma rejim qalıqlarının Azərbaycan torpaqlarında "ayrıca dövlət" arzularına aparır ki, nəticədə Rusiyanın regionda mövcudluğu məsələsi də sığortaya alınmış olsun. Amma bu məsələdə yekun qərar Azərbaycanındır.

Nəzərə alsaq ki, Azərbaycan XİN-in bu gün yaydığı məlumatda Ermənistanın Laçın dəhlizinə alternativ olaraq yeni açılan yol vasitəsilə mina daşıdığı məlumatı il bağlı bəyanat yaydı "Bu, İrəvanın üçtərəfli bəyanatı pozaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün deyil hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini göstərir", demək, Bakının da özünə görə Moskvaya qarşı planları mövcuddur.

Bakının bu xəbərdarlığı xüsusən də Rusiyaya (sülhməramlılara) ünvanlanıb. Rusiya öz öhdəliklərini yerinə yetirə bilmirsə və Azərbaycana qarşı Ermənistanın mina terroruna rəvac verəcək hərəkətlərlə məşğuldursa, Azərbaycan özü bu məsələni yüksək səviyyədə yoluna qoyacaq potensiala, imkanlara sahibdir. Azərbaycan hərbiçilərinin yeni alternativ yola enməsi ermənilərin, qondarma rejim qalıqlarının özbaşınalıqlarını kökündən həll etmək üçün yetərli olacaq. 

Ermənistan və Azərbaycan arasında ilin sonuna qədər imzalanması gözlənilən sülh sazişi qarşılıqlı ərazi bütövlüyünün tanınmasını, gələcəkdə ərazi iddialarının irəli sürülməməsini və daxili işlərə qarışmamağı nəzərdə tutur. Bu sazişlə Qarabağdan silahlı qüvvələrin tam olaraq çıxarılmasından tutmuş Araik Arutyunyanın separatçı rejimini maliyyələşdirilməsinə qədər bütün məsələlərdə İrəvan Qarabağın erməni əhalisinin həyatında iştirakdan imtina etmiş olmalıdır. Sazişə imza atdıqdan sonra istənilən fərqli davranış Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirilib, Ermənistan və Qarabağ erməniləri üçün "adekvat" nəticələrə gətirəcəkdir.

Bakı bu məsələləri istənilən halda həll edəcək. Fərq yalnız bu qüvvələrin Azərbaycan ərazilərini öz xoşu ilə tərk edib, etməyəcəyinə bağlıdır. İrəvana bununla bağlı verilən vaxtın müddəti isə ilin sonuna qədər müəyyən edilib. 

Milli.az



Oxşar Xəbərlər

Xəbər lenti