Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Qarabağdakı Rusiya sülhməramlılarının mandatı və səlahiyyətləri barədə sorğu ilə Ermənistan baş nazirinin ofisinə müraciət edib. Sorğuda deyilir ki, məsələn onların Laçın dəhlizini zorla açmaq səlahiyyəti varmı?
Hökumət bu sorğuya cavab olaraq Azatutyuna “Dağlıq Qarabağ münaqişə zonasında sülhməramlı əməliyyatın icrası üçün mandat” adlı sənədi göndərib.
Bu sənəd 44 günlük müharibədən və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra, noyabrın 21-də Ermənistan və Rusiya müdafiə nazirləri tərəfindən imzalanıb. Azərbaycan bu sənədə qol çəkməyib.
Bu sənəddə deyilir ki, Qarabağdakı təmas xəttində və Laçın dəhlizi boyunca yerləşdirilən sülhməramlı kontingent bütün nəqliyyat növlərinin təhlükəsiz hərəkətini, beynəlxalq humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməli, atəşkəs rejiminə əməl olunmasını monitorinq etməli, gücdən istifadə olunmaması öhdəliyinin pozulmasına reaksiya göstərməli, onların məsuliyyəti zonasında asayişin pozulmasının qarşısını almalı, Qarabağda normal həyatı təmin etməli, həyati əhəmiyyətli obyektləri qorumalıdırlar və sair.
Bu sənədə əsasən sülhməramlıların aşağıdakı hallarda silahdan istifadə etmək səlahiyyəti var:
Sülhməramlılar onların üzərinə qoyulmuş vəzifələrin icrasına imkan verilmədiyi, onlara silahlı birləşmələr və ya şəxslər tərəfindən zorakılıq tətbiq edildiyi, mülki əhalinin həyat və sağlamlığına təhlükə yarandığı hallarda silahdan istifadə edə bilərlər.
Azatutyun yazır ki, ötən ilin avqust ayında baş nazir Nikol Paşinyan bu sənəd barədə onun Azərbaycan tərəfindən imzalanmadığını demişdi. Amma o həm də əlavə etmişdi:
“Bu mandatın icrası üçün Ermənistan və Rusiyanın imzaları kafidir. Əgər bu belə deyildirsə, onda bu mandatın beynəlxalq səviyyədə təsdiq edilməsi və ya sülhməramlılara daha geniş beynəlxalq mandat verilməsi üçün tədbirlərin görülməsi zəruridir”.
Bu ilin yanvarında isə Paşinyan iddia etmişdi ki, sözü gedən sənəd 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının davamıdır və Azərbaycanın imzası olmadan da keçərlidir:
“Doğrudur, Azərbaycan imzalamayıb, amma bu sənəddə bir yerdə də deyilmir ki, o yalnız üç tərəfin onu imzaladığı halda qüvvəyə minir”.
Beynəlxalq ekspert nə deyir
Azatutyun yazır ki, bu barədə sualla ABŞ-ın Stenford Universitetinin siyasi elmlər professoru Artur Xaçikyana müraciət edib.
Ekspert deyib ki, Rusiya sülhməramlıları Azərbaycanın imzası olmadan yalnız Ermənistan və Rusiyanın imzaladığı sənəddəki vəzifələri icra edə bilməz:
“Təsəvvür edin ki, məsələn, Rusiya və Ermənistan Abxaziyada və Cənubi Osetiyada, Gürcüstan ərazisində baş verənlərlə bağlı sənəd imzalayır. Belə bir şey ola bilməz. Siz sənəd imzalaya və başqa bir ölkənin ərazisindəki hadisələri müəyyən edə bilməzsiniz. Əgər biz Artsaxı (Qarabağ-red) Azərbaycan ərazisi hesab ediriksə, belə çıxır ki, beynəlxalq birlik də bunu belə hesab edir, biz hətta bu barədə danışsaq da, bunu edə bilmərik. Siz təsəvvür edə bilərsinizmi ki, Rusiya və Azərbaycan, məsələn Yerevanda və ya Gümrüdə baş verənlərlə bağlı sənəd imzalasınlar”.
Ekspertin dediyinə görə sülhməramlıların Qarabağdakı fəaliyyəti yalnız 9 noyabr 2020-ci il tarixli sənədlə müəyyən edilir. Azərbaycan həmin sənədi imzalayıb. Orada sülhməramlıların yerləşdirilməsi var, amma onların nə edəcəyinə dair heç nə yoxdur.
Artur Xaçikyanın sözlərinə görə sülhməramlıların sülhü təmin etmək üçün mandatları var, amma sülhə məcbur etmək, başqa sözlərlə zordan istifadə etmək səlahiyyəti yoxdur:
“Əgər biz klassik mənada sülhməramlılardan danışırıqsa, onların zordan istifadə etmək səlahiyyəti yoxdur. Onlar orada hər iki tərəfin razılığı ilə yerləşdiriliblər və neytral olmalıdırlar. Onlar silahı yalnız öz üzərlərinə hücum olarsa, mandatlarını müdafiə etmək və yerli mülki əhalini qorumaq üçün – yalnız bu üç halda tətbiq edə bilərlər. Amma orda əgər Azərbaycana qarşı güc tətbiq olunarsa, bu artıq sülhməramlı qüvvə sayılmayacaq. Ruslar münaqişənin tərəfinə çevriləcəklər. Yəni Rusiya güc işlətsə bu Rusiyanın Azərbaycana müdaxiləsi sayılacaq. Bu halda Rusiya Türkiyə və Azərbaycanla hərbi qarşıdurmaya getməli olacaq. Bu müharibə şəraitində Rusiya bunu edə bilməz, istəmir və edə bilmir”.
Politoloqun firkincə sülhə məcbur etmək üçün, yəni güc tətbiq olunması üçün BMT Təhlükəsizlik Şurasının mandatı olmalı, qurum beynəlxalq təhlükəsizliyə hədənin olmasını təsdiq etməli və güc tətbiq etməli olan ölkə və ya ölkələr qrupuna səlahiyyət verməlidir.
Professor Xaçikyanın fikrincə BMT Rusiyaya belə bir mandat verməyib və verməyəcək:
“Bu çox ağır, çox təhlükəli il olacaq, çünki biz böyük müharibəyə doğru gedirik. İndi Ukraynada çox ciddi eskalasiya olacaq. Yəni belə bir mandatı BMT-dən gözləmək mənasızdır”.
Artur Xaçikyan vurğulayıb ki, Qarabağdakı sülhməramlıların “birbaşa və yazılı səlahiyyətləri” yoxdur.
yenisabah.az