Azərbaycan gələn il Rusiya sülhməramlı qüvvələrinin TORPAQLARIMIZDAN ÇIXARILMASINI TƏLƏB EDƏ BİLƏR


Məhəmməd Əsədullazadə: "Rusiya sülhməramlı qüvvələrinin missiyası separatizmi qızışdırmaq, etnik münaqişə yaratmaqdır və bu səbəbdən də onların çıxarılması mütləq reallaşmalıdır"

Elxan Şahinoğlu: "Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı işlətdiyi "tərəfdaşlıq" və "müttəfiqlik" ifadələri sadəcə söz oyunudur"

İlqar Altay: "Rusiya sülhməramlılarının qanuni missiyası gündə bir təxribatçını "lider" adı ilə bu bölgəyə gətirib və ya əraziyə silahlar ötürüb, orada yerli erməni separatçılarına şərait yaratmaqla, ədavəti daha da qızışdırıb sülh əvəzində konflikt yaratmaq deyil"

Fərhad Mehdiyev: "Bəlkə elə Nikol Paşinyan da Laçın dəhlizi üzərində nəzarətimizin bərpa olunmasını istəyir, çünki..."

Asif Nərimanlı: "Rəsmi Bakının Laçın dəhlizini bağlamaq planı yoxdur, lakin Qarabağda bu gün atılan addımları da intensivləşdirməliyik"

Bugünlərdə, daha dəqiq desək, dekabrın 3-də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı nəticəsində ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin mütəxəssislərindən, eyni zamanda jurnalistlərdən ibarət heyət Qarabağa səfər edib. Səfər zamanı Laçın dəhlizində sülhməramlı qüvvələrlə mübahisəli anlar yaşanıb və 3 saat müzakirələr gedib və bu müddətdə yolda hərəkət dayandırılıb. Daha sonra isə tərəflər Rusiya sülhməramlı kontingentinin Xocalıda yerləşən qərargahında müzakirəni davam etdirmək qərarı veriblər.

Qeyd edək ki, bunun ardınca Rusiya sülhməramlılarının müşaiyəti ilə Tərtər-Kəlbəcər marşrutu üzrə hərəkət edən Azərbaycanın maşın karvanına ermənilər tərəfindən hücum edilib. Bütün bunlar ondan xəbər veri ki, hazırda Qarabağda vəziyyət kritik həddə çatmaq üzrədir və hər an hərbi əməliyyatlara start verilə bilər. Mövzuya təxminən, bu konteksdən yanaşan rusiyalı politoloq Sergey Markov axar.az-a açıqlamasında gərginliyin artdığını təsdiqləyib və rəsmi Bakını narahat edən əsas məqamı vurğulayıb: "Azərbaycan çox narazıdır ki, Ruben Vardanyan Qarabağın erməni icmasına rəhbərliyə gətirilən kimi dərhal Qarabağ ərazisində qızıl mədəninin istismarı ilə pul qazanmağa başlayıb. O, Bakının, BMT-nin və Moskvanın da Azərbaycan sərvəti hesab etdiyi bu qızılları özününkü bilir. Vardanyan gecə yük maşınlarında qızıl filizlərini Qarabağdan çıxarır. Bu iş, əlbəttə ki, İsveçrədən bir şirkət üçün rəsmiləşdirilmişdir. Ancaq hamıya aydındır ki, Vardanyan indi orada hər kəsə rəhbərlik edir. Bu əsasda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağdan Ermənistana gedən yolu bağlayıb. Və bu, Ermənistan ilə Qarabağ arasında yeganə yoldur". Hələlik məsələnin həllini tapdığını vurğulayan rusiyalı politoloq hesab edir ki, vəziyyət belə davam edərsə, növbəti gərginlik tez bir zamanda təkrarlanacaq və bu dəfə rus general da işi çözə bilməyəcək, nəticədə İrəvan Bakı ilə üz-üzə qalacaq.

Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində, Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə bildirib ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına yardım etmək niyyətindədir: "Biz həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkdə maraqlıyıq". Ceyhun Bayramov isə qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında aktiv dialoqun sübutudur. Xarici işlər naziri onu da vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu bu ilin sonuna qədər baş tuta bilər: "Azərbaycan tərəfinin üçüncü cavab paketi artıq Ermənistan tərəfinə təqdim edilib və biz hesab edirik ki, bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu keçirilə bilər".

"Azərbaycanın Laçın dəhlizini bir neçə saatlıq bağlaması Rusiya və Ermənistana ciddi mesajdır"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanın Laçın dəhlizini bir neçə saatlıq bağlaması Rusiya və Ermənistana ciddi mesajdır: "Laçın yolunu bağlaması Azərbaycanın müstəsna hüququdur. İlk dəfə mülki nazirlik yolu bağladı. Ermənistan və Rusiya bundan nəticə çıxarmasa, o zaman güc nazirliyi - Müdafiə Nazirliyi yolu bağlaya bilər. Azərbaycan bununla bir daha mesaj verir ki, Qarabağda etnik ermənilərin yaşadığı əraziyə girərək monitorinq aparacaq. Bununla həm də Rusiya sülhməramlı qüvvələrinin necə hərəkət etməsi test edilir. Göründüyü kimi, Rusiya hərbçiləri erməni separatçılarını müdafiə edir. Demək, gələn il Azərbaycan tərəfi sülhməramlı qüvvələrinin çıxarılmasını tələb edə bilər. Həmçinin, növbəti dəfə Laçın dəhlizində gömrük və sərhəd xidmətinin postu qoyularaq Laçın dəhlizindən yalnız humanitar məqsədlər üçün istifadə edilməsinə icazə veriləcək".

"Kreml Rusiya sülhməramlı qüvvələrinin yaxasındakı "Z" işarəsi ilə Azərbaycana qarşı işğalçı siyasət ortaya qoyduğu mesajını verir"

Hazırda Laçın dəhlizində olan Rusiya sülhməramlı qüvvələrinin yaxasında Ukraynaya qarşı işğalın simvolu kimi qəbul edilən "Z" hərfi olduğunu deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Kreml bununla Azərbaycana qarşı işğalçı siyasət ortaya qoyduğu mesajını verir: "Rusiya sülhməramlı qüvvələri adlanan hərbçilər iki il əvvəl Qarabağa göndərilərkən onların yaxalarında "Z" işarəsi olmayıb. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan sonra onların yaxalarında bu işarə qeyd edilib. "Z" işarəsi Rusiyanın işğalçı işarəsinin simvolu olaraq, raşizmi özündə ehtiva edir. Odur ki, rəsmi Bakı Azərbaycan ərazisində xidmət edən Rusiya hərbçilərindən belə bir simvoldan istifadə edilməməsini etməlidir. Hesab edirəm ki, Kreml bununla Azərbaycana qarşı işğalçı siyasət ortaya qoyduğu mesajını verir".

"Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında ermənilərin Azərbaycanın yük kolonuna hücumlarının arxasında məhz Kreml durur"

Milli Cəbhə Partiyasının sədr müavini onu da əlavə edib ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında ermənilərin Azərbaycanın yük kolonuna hücumlarının arxasında məhz Kreml durur: "Bununla bir daha aydın olur ki, Rusiya sülhməramlı qüvvələrinin missiyası separatizmi qızışdırmaq və etnik münaqişə yaratmaqdır. Onlar Azərbaycanın yük avtomobillərinin təhlükəsizliyini təmin etməyərək, hücumun təşkilinə birbaşa şərait yaradır. Rusiya sülhməramlı qüvvələri Qarabağda artıq arzuolunmazdır. Bu səbəbdən də onların çıxarılması mütləq reallaşmalıdır. Rusiya rəhbərliyi etnik ermənilərin reinteqrasiyasının qarşısnı almaq üçün bütün provaskiyalara hazıdır. Ona görə də Azərbaycan tərəfi çəkinməməli, Xankəndi, Xocavənd və Ağdərədə ekoloji monitorinqlər təşkil etməlidir. Həmçinin, Laçın dəhlizində birgə psot qurmalıdır. Preventiv addımlar atmasaq, Xankəndidə separatçılar Rusiya ilə birgə bizə problemlər yaradacaq".

Reallıqla hesablaşaraq Rusiya ilə müxtəlif mövzuları müzakirə etməliyik, ancaq "Rusiya Azərbaycanın müttəfiqidir" kimi nağıla kimsə inanmaz"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, gün gələcək Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan gömrük və sərhəd postları fəaliyyətə başlayacaq: "Bu yolun təxminən, 3 saat bağlı qalması və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold " QSC-nin əməkdaşlarının Rusiya sülhməramlı qüvvələri ilə yolda danışıqlar aparması buna misaldır. Nəbz yoxlaması uğurla həyata keçirildi. Azərbaycan məmurlarının daha sonra Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirməsi də ermənilərə mesajdır ki, bu yerlərdə azərbaycanlıları görməyə alışmalıdırlar. Maraqlıdır ki, Ermənistan hakimiyyəti baş verənləri soyuqqanlı qarşıladı, kəskin reaksiya vermədi, Qarabağdakı separatçılar isə haray-həşir saldılar. Onlar qorxu içindədirlər".

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşə də toxunan politoloq bildirib ki, reallıqla hesablaşaraq Rusiya ilə müxtəlif mövzuları müzakirə etməliyik, ancaq "Rusiya Azərbaycanın müttəfiqidir" kimi nağıla kimsə inanmaz: "Sözügedən görüşlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada "Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı, eyni zamanda müttəfiqidir" cümləsini yazılıb. "Tərəfdaş" və "müttəfiq" Azərbaycanın ərazi bütövlüyü əleyhinə separatçıları silahlandırmaz, Azərbaycanın məntəqələrini ermənicə adlandırmaz, Ermənistanla Qarabağı birləşdirən yoldan silahın və xarici ölkə vətəndaşlarının keçidinə imkan verməz. Bunlar hamısı baş verirsə "tərəfdaşlıq" və "müttəfiqlik" sadəcə söz oyunudur. Əlbəttə, reallıqla hesablaşaraq Rusiya ilə müxtəlif mövzuları müzakirə etməliyik, ancaq "Rusiya Azərbaycanın müttəfiqidir" kimi nağıla kimsə inanmaz".

"Regiona dayanıqlı sülh, sabitlik lazımdır və Rusiyanın vasitəçiliyindən də bu yönlü fəaliyyət gözlənilir"

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay isə qeyd edib ki, Xankəndi, həmçinin ətraf bölgələr Azərbaycanın rəsmi ərazisidir və bu bölgə əhalisi, təbiəti, təbii resursu ilə Azərbaycanla sivil inteqrasiya olunmalıdır: "Azərbaycan dövlət orqanlarının nümayəndələri Xankəndi şəhərinə inzibati-işgüzar məramla və məqsədlə daxil olub, orada müvafiq iş aparırlar. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 7-ci bəndinə əsasən, bu bölgədən qaçqın düşmüş azərbaycanlıların da öz ata-baba torpaqlarına qayıtmaları, orada sərbəst yaşamaları, bununla bu bölgə ilə gediş-gəlişlərin açılması labüddür. Və belə açılış proseslərinə başlama yaxşı haldır. Qeyd edim ki, Rusiya sülhməramlılarının bu bölgədəki qanuni missiyası, adından göründüyü kimi, dinc yanaşı yaşamaq, sülh, sabitlik, inteqrasiya yönlü işlərə yardım etmək, buna şərait yaratmaqdır. Gündə bir təxribatçını "lider" adı ilə bu bölgəyə gətirib və ya əraziyə silahlar ötürüb, orada yerli erməni separatçılarına şərait yaratmaqla, ədavəti daha da qızışdırıb sülh əvəzində konflikt yaratmaq deyil". İlqar Altay əlavə edib ki, regiona dayanıqlı sülh, sabitlik lazımdır və Rusiyanın vasitəçiliyindən də bu yönlü fəaliyyət gözlənilir.

"Azərbaycan Laçın dəhlizi ilə bağlı konkret addım atacaq, girişdə nəzarət buraxılış məntəqəsi quraşdıracaq"

Azərbaycanın Laçın dəhlizi ilə bağlı konkret addım atacağını, girişdə nəzarət buraxılış məntəqəsi quraşdıracağını deyən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev da əmindir ki, mütləq Laçın dəhlizi üzərində nəzarətimiz bərpa olunacaq: "Hökumətin bu məsələdəki addımları kifayət qədər açıq və yavaş olsa da, qərarlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan bu nəticəni öngörmüş ola bilər, bəlkə elə bunu da istəyir. Çünki özü də hazırda pat vəziyyətdədir və xarici faktorun məsələni yerindən tərpətməsini istəyir". Politoloqun sözlərinə görə, Laçın dəhlizi üzərində nəzarətimiz bərpa olunduqdan sonra Ermənistan cəmiyyəti Qarabağdan bir dəfəlik ümidini üzəcək və bununla Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya biləcək.

"Rusiya sülhməramlıları Azərbaycanı Qarabağ iqtisadi rayonunda addımlardan çəkindirməyə çalışır"

Rəsmi Bakının Laçın dəhlizini bağlamaq planının olmadığını vurğulayan siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, son hadisələr Azərbaycanın Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqlərə start verdiyini, o cümlədən öz suveren ərazisində istədiyi addımı ata biləcəyini nümayiş etdirir: "Bakının tələbi budur ki, humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsin. Sarıbaba yüksəkliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlar da bunun zəruriliyini bir daha ortaya çıxardı".

Siyasi şərhçi onu da qeyd edib ki, Azərbaycan adların doğru yazıldığı xəritəni Rusiya Müdafiə Nazirliyinə göndərməli, buna əməl edilmədiyi müddətdə hər dəfə dərc etməli, o cümlədən, sovetdən qalma xəritələrin dəyişdirilməsi məsələsini diplomatik kanallarla da Moskvanın qarşısında qaldırmalıdır: "Buna paralel olaraq, Qarabağda bu gün atılan addımları da intensivləşdirməliyik. Çünki problemlərin həlli gücdən, diktədən keçir". Asif Nərimanlı həmçinin, əlavə edib ki, Rusiya sülhməramlılarının müşaiyəti ilə Tərtər-Kəlbəcər marşrutu üzrə hərəkət edən Azərbaycanın maşın karvanına ermənilərin hücum etməsi Laçın dəhlizində baş verənlərə cavab hesab edilə bilər: "İstisna deyil ki, bunun təşkilatçıları da elə sülhməramlılardır. Onlar Bakıya "ermənilərin təhlükəsizliyini qoruya bilmədikləri" kimi, "azərbaycanlıların da təhlükəsizliyini qoruya bilmirik" mesajını verir və bununla Azərbaycanı Qarabağ iqtisadi rayonunda addımlardan çəkindirməyə çalışırlar. Eyni məqsədə xidmət edən "mülki təxribatlar"ın davamlı ola biləcəyi də gözləniləndir".

Vazeh BƏHRAMOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti