8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyə-İsrail münasibətlərinin pisləşməsi rəsmi Bakının regional və geosiyasi maraqlarına da zərbə vurur
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə görüşü keçirilir. Görüşdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib. İki liderin müzakirə etməli olduğu birdən çox mövzu olsa da, başlıca gündəmin HƏMAS-İsrail müharibəsi olduğu aydındır.
HƏMAS-İsrail savaşının başlaması və uzun müddət davam etməsində maraqlı olan və olmayanlar var. Rəsmi Bakı və Ankara bu məsələdə heç bir halda maraqlı deyil. Azərbaycan müharibənin başladığı 7 oktyabr tarixindən prosesi narahatlıqla izləyir.
Bakı rəsmi şəkildə nə HƏMAS-ı, nə də İsraili dəstəklədiyini ifadə edib. İsrail Azərbaycanın müttəfiqi, strateji hərbi tərəfdaşıdır. Bununla belə, rəsmi Bakı həm də İƏT üzvüdür, yəni islam coğrafiyasının bir parçasıdır. Bu baxımdan HƏMAS-la bağlı neqativ açıqlamalar vermir.
Azərbaycan-Fələstin münasibətləri də yüksək səviyyədədir. Azərbaycan İsraillə Fələstin arasında problemin beynəlxalq hüquq əsasında həllini dəstəklədiyini hər zaman bəyan edib. Düzdür, indiki məqamda İsrailə hücumu başladan Fələstin deyil, onun Qəzza bölgəsində hakimiyyət quran HƏMAS olsa da, Bakı balanslı mövqeyinə davam edir.
Diqqət çəkən məqam budur ki, Türkiyə balanslı deyil, tərəfli mövqe sərgiləyir. Daha doğrusu, bu mövqeyi sərgiləməyə məcburdur. Məsələ ondadır ki, 2010-cu il Mavi Mərmərə hadisəsindən sonra Azərbaycan Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində pərdəarxası vasitəçilik edirdi. Bu vasitəçilik nəhayətində iki ölkənin münasibətlərinin normallaşmasına səbəb oldu.
Lakin HƏMAS-ın İsrailə hücumu, rəsmi Təl-Əvivin buna sərt şəkildə cavab verməsi, habelə quru əməliyyatlarına başlaması Ankaranın prosesə yanaşmasındakı balansı pozmasına gətirib çıxardı. Bu isə iki ölkə arasında normallaşma prosesini dayandırdı.
İstisna deyil ki, Əliyev Ərdoğanla görüşü zamanı bu narahatlığını bildirib və prosesin yenidən 2010-cu ilə qayıtmaması üçün vasitəçiliyini təqdim edib.
Türkiyə-İsrail münasibətlərinin pisləşməsi rəsmi Bakının regional və geosiyasi maraqlarına da zərbə vurur. Bunlardan ən önəmlisi İsrailin “Est med” layihəsinin Bakı-Tbilisi-Ceyhan boru xəttinə, habelə TANAP layihəsinə qoşulması planıdır. Bakı uzun illərdir bu meqalayihənin icrasına çalışır.
Hesab etmək olar ki, HƏMAS-İsrail müharibəsinin uzanmaması, Ankara-Təl-Əviv münasibətlərinin əsaslı surətdə korlanmaması üçün Azərbaycan vasitəçiliyini təqdim edəcək. Məsələnin detallarının Əliyev-Ərdoğan görüşündə müzakirə edildiyini ehtimal etmək olar.
Turan Rzayev,
Politoloq