"Kütləvi məzarlıqlarla bağlı beynəlxalq qurumlara 18 hesabat göndərmişik, lakin reaksiya yoxdur" - Ombudsman


"Azad olunan ərazilərdə tapılan kütləvi məzarlıqlarla bağlı bu günə qədər beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib edərək beynəlxalq qurum və məhkəmələrə təqdim etmişik. Azərbaycan hər zaman bütün beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşıb, onlara riayət edib. Təəssüf ki, Azərbaycana qarşı biz bu hörməti görmürük".

Sozcu.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda keçirilən seminar çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, iki gün davam edəcək seminar-təlim beynəlxalq hüquq çərçivəsində müəyyən kateqoriyaya aid olan şəxslərin hüquqlarının müdafiəsinə həsr olunub.

Ombudsman təəssüf hissi ilə əlavə edib ki, ən çox mina terrorundan əziyyət çəkən ölkələrdən biri Azərbaycandır: "30 il ərzində bütün beynəlxalq qurumlara müraciət etməyimizə baxmayaraq, 4 minə yaxın soydaşımız haqqında hələ də məlumat ala bilməmişik. Onların arasında qadın və uşaqlar çoxluq təşkil edir. İşğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkar olunub. Bu məzarlıqlarda tapılan qalıqların üzərində işgəncə faktları təsdiqlənib. Bu günə qədər tərəfimizdən beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib olunaraq beynəlxalq qurum və məhkəmələrə təqdim edilib. Bunlardan mina terroru və itkin düşmüş şəxslər haqqında hesabatları misal göstərə bilərəm. Hesab edirik ki, bu cür konfrans və seminarların təşkil olunması, xüsusən də Naxçıvan Muxtar Respublikasında keçirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bu konfranslar vasitəsilə biz öz haqlı mövqeyimizi daha yaxşı və bilavasitə çatdırmaq imkanı əldə etmiş oluruq".

Naxçıvanda Qərbi Azərbaycanla bağlı keçiriləcək konqres haqqında da danışan S.Əliyeva əlavə edib ki, Azərbaycanın ən ağrılı yeri bir milyona yaxın məcburi köçkün və qaçqın soydaşımızın olması idi: "Ötən əsr ərzində əzəli torpaqlarımızdan soydaşlarımız didərgin salınıb, onların fundamental hüquqları pozulub. Qərbi Azərbaycan İcmasının da təşkilatçılığı ilə keçiriləcək konqres Qərbi azərbaycanlıların səsinin dünya ictimaiyyətinə çatdırılması, onların öz doğma yurdlarına qaytarılması, hüquqlarının tanınması baxımından böyük əhəmiyyət kəsb edəcək".

report.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}