Tarixi ədalətin təntənəsi

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. İşğal altında Laçın rayonuna ciddi zərər dəymiş, bölgədə etnik təmizləmə yaşanmışdır.  217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilmişdi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq rayonun təbii resurslarını talan etmiş, məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olmuşdur. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.

      2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük müharibənin sonunda Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.   Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Laçın rayonu 5 ildir ki, inkişafının yeni və şanlı inkişaf dönəminə qədəm qoyub. Rayonun infrastrukturunun, yaşayış sahələrinin, yolların və sosial obyektlərin sıfırdan və ya dağıntılardan sonra yenidən qurulması sürətli və sistemli şəkildə həyata keçirilir. Laçın şəhəri və ətraf kəndlər müasir tələblərə cavab verən baş planlar əsasında yenidən salınır, “ağıllı kənd”, “yaşıl enerji”, ekoloji davamlılıq və inklüziv sosial mühit kimi prinsiplər burada reallaşdırılır. 

        İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident cənab  İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının,  Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. Cənab Ali Baş Komandan səfərləri zamanı Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub.

       İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artırmaq məqsədini güdür.  Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. 

      Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir.  Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar.

     Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Yerli əhalinin və turistlərin istirahətinin səmərəli təşkili üçün bir sıra tədbirlər görülür. Buna şəhərin giriş hissəsində salınan bulvarı, Həkəri çayı sahilində yaradılan astana və gölü nümunə göstərmək olar. Gölün üzərində isə asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Təməli 2025-ci ildə qoyulan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və gözəlləşən diyarımıza rəng qatacaq. Bundan başqa  Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı da olub. Ərazisi 11,2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb.

     Laçında aparılan quruculuq işləri, təkcə bir rayonun deyil, bütövlükdə Qarabağın və Şərqi Zəngəzurun gələcəyinə hesablanmış uzunmüddətli inkişaf strategiyasının bariz nümunəsidir.


Rahilə Hüseyn

Suraxanı  rayonu, 232 nömrəli tam orta  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti