Ərdoğan Rəisi ilə bu məsələləri müzakirə edəcək


İran prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə rəsmi səfər edəcək və burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Sozcu.info xəbər verir ki, dövlət rəhbərləri Qəzza zolağında münaqişənin həlli ilə bağlı təklifləri müzakirə edəcək. Bu barədə “Star” qəzeti mənbələrə istinadən xəbər verib.

Qeyd olunub ki, prezidentlər əvvəlcə təkbətək görüşəcək, daha sonra Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası keçiriləcək.

Görüş zamanı tərəflər İran və Türkiyə arasında iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və müdafiə sənayesi kimi sahələrdə əlaqələrin yaxşılaşdırılması üçün atılacaq addımları qiymətləndirəcəklər. İki ölkənin nümayəndələri müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlər imzalayacaqlar. Məqalədə o da vurğulanıb ki, danışıqlarda gündəmin prioritet maddələrindən biri də İsrailin Qəzzaya hücumları olacaq.

Ərdoğan və Rəisi Qəzza zolağında humanitar böhrana son qoymaq və daimi atəşkəsə nail olmaq üçün hansı tədbirlərin görülə biləcəyini müzakirə edəcək. Ərdoğan Ankaranın problemin həlli ilə bağlı təkliflərini iranlı həmkarına çatdıracaq. Prezident Cənubi Qafqaz və Suriyadakı vəziyyəti, həmçinin terrorizmlə mübarizəni də diqqətdən kənarda qoymayacaq.

Qeyd edək ki, ötən il dekabrın əvvəlində Ərdoğan HƏMAS-ı heç vaxt terror qruplaşması kimi tanımayacağını bildirmişdi.

publika.az



Oxşar Xəbərlər

Xəbər lenti